Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydübackend

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İş materiallarına görə, hadisə bu il Abşeron rayonu ərazisində saat 20:30 radələrində baş verib. Nağı Kərəmov qızı, zərərçəkmiş Maya Kərəmova (adı, soyadı şərtidir) ilə birlikdə yaşadığı ünvanda olarkən aralarında ailə-məişət zəminində mübahisə yaranıb.

Belə ki, qızı ona növbəti dəfə yeni ayaqqabı alması ilə bağlı irad bildirib. Bu məsələ ilə əlaqədar yaranan narazılıq mübahisəyə çevrilib.

Həmin vaxt əsəbiləşən ata qızının üzərinə hücum edib, hər iki əli ilə onun əllərindən tutaraq sıxıb və kənara itələyərək yerə yıxıb.

Nəticədə zərərçəkmiş şəxsin sağ əlinin V barmağının əsas falanqasının qapalı yerdəyişən sınığı, eləcə də geniş sahəli, ağrılı və şişkin qançır əmələ gəlib. Xəsarət sağ əlin hərəkətinin məhdudlaşması ilə müşayiət olunub.

Xəsarətlər Mayanın həyatı üçün təhlükəli olmayıb və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayıb. Bununla belə, xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına gətirib çıxardığından əməl sağlamlığa qəsdən az ağır zərər vurma kimi qiymətləndirilib.

Nağı Kərəmova Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*