“Ən istedadlı kursant hamilə qız hiyləsinin qurbanı oldu” – məşhur casusun memuarındanbackend

“Ən istedadlı kursant hamilə qız hiyləsinin qurbanı oldu” – məşhur casusun memuarından

Kursantların əksəriyyəti qaçışla məşğul olmağı sevirdi və meşə cığırları ilə müntəzəm qaçış mənim sevimli məşğuliyyətim olmuşdu. Məhz kross qaçışları sayəsində mən öz idman formamı əhəmiyyətli şəkildə düzəltmişdim. Qışda qar yağanda biz xizəyə keçdik. Məktəbdə olduğumuz ilk günlərin birində əldəqayırma talvarın altında dayanmış bir oğlan gördüm. Onunla söhbət edərkən öyrəndim ki, o, ispanca əla bilsə də, hansısa müəmmalı səbəbdən onun boynuna İndoneziya dilində öyrənməyi qoyublar.  Oğlan biədəb zarafatlar həvəskarıydı, özünə Freydin kəlamını deviz seçmişdi və həmişə hamının işədəcəyi tərzdə təkrar edirdi: “Dег Mensch sexualisiert den all” – yəni kişi kainatın əsasıdır. Onun atletika məşqlərinə aludəçiliyi mənə də sirayət etdi. Mən onunla birlikdə  pudluq daşlarla və ştanqla məşğul olmağa başladım və o qədər səy göstərdim ki, qış ərzində gücüm xeyli artdı. Mənim idmançı bioqrafiyamdakı müzəffər günlərin sonu oktyabrın sonunda gəldi. O zaman biz üç min metrlik məsafəyə kross qaçışında iştirak etməliydik. Əla payız səhəri idi, xəfif şaxta vardı və mən bütün həyatım bundan asılıymış kimi qaçırdım. Hələ yarış başlamazdan öncə hamı qələbənin ikinci kurs tələbəsi olan peşəkar xizəkçinin olacağını deyirdi. Biz müxtəlif qaçış yarışlarında iştirak edirdik, ancaq onun zamanı mənimkindən bir saniyə pis olduğu üçün qalib mən oldum (1985-ci ildə mənim Britaniya kəşfiyyatının xeyrinə casusluq etməyimlə bağlı işin təhqiqatı üzrə komissiyanın heyətində o da vardı).

Hər 25 nəfərlik qrupun öz rəhbəri və ya təlimatçısı vardı. Proqram üzrə praktik məşğələlər onların rəhbərliyi ilə aparılırdı. Bizə bu və ya digər kəskin durum anladılırdı və biz düzgün qərarlar verməliydik. Məsələn: bir idarəyə rəhbərlik edən rəis, onun yanında çalışan katibə, onlarla sıx təmasda olan kəşfiyyat xidmətinin əməkdaşı, agent, əlaqəçi və operativ işlə məşğul olmayan, amma xirtdəyə qədər borca girmiş daha bir nəfər var.  Sual: bu halda, konkret iştirakçıları nəzərə alaraq, həmin müəssisəyə necə sızmaq olar? Əgər situasiya qəliz deyilsə, o zaman məsələnin həllini 50 dəqiqəyə, yəni bir dərs müddəti ərzində tapmaq lazımdır. Ancaq düzgün həllın axtarışına iki saat da gedə bilər. Kursantlar öz versiyalarını yazılı şəkilldə izhar edirdilər, rəhbər onları analiz edirdi və bir-iki gündən sonra bizimlə müzakirə aparırdı.

İki həftədən sonra aydın oldu ki, bizim qrupda artıq Mişa İlyuşin kimi tanıdığımız, əsl adi isə Mixail İlinski olan dahi kursant var. O, Latın Amerikasından olanlara bənzəyən fitri kəşfiyyatçıydı. İlinski o qədər dərrakəli idi ki, tapşırıqların həlli üçün başqaları bir saat sərf edəndə o yarım saata məsələni həll edirdi. O, cavabı yazır, vərəqi təlimatçının masasının üstünə qoyur və ertəsi gün onun cavabının ən yaxşı cavab sayılacağına əmin şəkildə idman zalına gedirdi. Bundan başqa, onun heyrətamiz dil öyrənmə qabiliyyəti vardı: uşaqlıqdan fransız dilini bilən Mişa italyan və ingilis dillərini də öyrənmişdi, Beynəlxalq Əlaqələr İnstitutunda isə şərq bölməsinə salınmış və Vyetnam dilini də mənimsəmişdi. Hər qabiliyyəti ilə yanaşı, o, əla idmançıydı, yaxşı futbol və buz hokkeyi oynayırdı və daima məşq edir, bədənini inkişaf etdirirdi. Belə göstəricilərlə İlinski DTK üçün qibtə doğuracaq namizəd idi və qeyri-leqal fəaliyyət üçün tam yararlı idi. Ondan yaxşı fransız çıxardı.

Bəs nə oldu? Bir gün 101 saylı məktəbin rəisinin adına hansısa qızın valideynlərindən məktub gəldi. Məktubda göstərilirdi ki, bir neçə ay əvvəl BƏİ-nin tələbəsi qızı yoldan çıxarıb və indi o, hamilədir, gələcək uşağın atası Mixail İlinskidir. Heç kəs bu xəbərə görə heyrətlənmədi, çünki Mişanın bu cür xarici görünüşü və intellekti ilə heç bir qız ona laqeyd qala bilməzdi. Ancaq o, bunu ciddi qəbul etmədi hesab etdi ki, hələ çox cavandır. Mişanın keçmiş sevgilsinin məktubu onun üçün kürəyə saplanmış bıçaq oldu. O, ona qarşı irəli sürülmüş atalıq iddiasını rədd etməyə çalışdı, qızın özünün onunla yaxınlıq üçün israr etdiyini bildirdi. “Yeri gəlmişkən, – o əlavə etdi, – əgər o, hamilədirsə, onun övladının atası mən ola bilmərəm, çünki yadımdadır, biz həmin gecə birlikdə olanda o, aybaşıydı”.

Ola bilər ki, o haqlıydı. Qızlar özlərinə ər tapmaq üçün bu kimi hiylələrə tez-tez əl atırlar. Mişanın tanışı da güman ki, məktəb rəhbərliyinin Mişanı onunla evləməyə məcbur edəcəyinə ümid bəsləyirmiş. İlinski o qızla nikaha girsəydi, məsələ dərhal bağlanacaqdı və o, tədrsini davam etdirəcəkdi. Ancaq o, buna getmədi. Onun bəxti heç gətirmədi: bu əhəmiyyətsiz məsələ Baş Kəşfiyyat İdarəsinin Qərb xüsusi xdimət orqanlarına işləyən zabiti Oleq Penkovskinin ifşası və həbsi zamanına təsadüf etdi. Penkovskinin əhvalatı böyük səs-küy doğurdu. O zaman təkcə BKİ-ni yox, bütün DTK-nı da silkələyib çırpdılar.  Məktəb rəhbərliyi kursant İlyuşini əxlaqsız davranışına görə sərt şəkildə cəzalandırmağı zəruri saydı. DTK-da riyakarlıq çiçəkləndiyi üçün yazıq İlinskini “edam”a məruz qoydular: onunla aşağılayıcı söhbətlər apardılar, sonra “kommunist İlinskinin əxlaqsız hərəkəti”ni partiya iclasına çıxardılar, sonda onu, 101 saylı məktəbin ən parlaq dinləyicisini məktəbdən kənarlaşdırdılar (Xoşbəxtlikdən, başqa sahədə öz istedadını göstərməyə onun gücü çatdı. Yazıçılıq istedadı da olan Mixail İlinski jurnalist oldu, “Trud” qəzetində çalışdı, sonra “İzvestiya”ya keçdi, orada beynəlxalq məsələlər üzrə aparıcı jurnalistlərdən oldu. Vyetnam müharibəsi zamanı orada xüsusi müxbir işlədi, daha sonra İtaliyaya göndərildi. İlinski tezliklə evləndi də, amma ona ilişən qızla yox, tamam başqa bir qızla).

Qeyri-leqal iş üçün hazırlanan kursantlardan biri də Vladimir Myaqkov idi. O, İlinski ilə heç bir müqayisəyə gəlmirdi – boz, heç nəylə diqqət cəlb etməyən əyalət adamıydı. Myaqkov 101 saylı məktəbi bitirə bildi, ancaq sonuncu kursda oxuyanda onun bəxtinə çətin bir sınaq düşdü. Rəhbərlik onu Qazaxıstana göndərmək qərarına gəldi. Myaqkov orada bir neçə gün ərzində hər hansı bir sənəd olmadan başını girləməli, həbsdən qaçmalı, milisə düşdüyü halda, ağıllı hərəkət etməli və son nəticədə sudan quru çıxmalıydı. Əgər o, bu tapşırığın öhdəsindən gəlsəydi, əla qiymət alacaqdı. Ancaq o, bu praktik tapşırığı puç etdi. Onu qeyri-leqal iş üçün hazırlanan kursantlar qrupundan çıxardılar, məktəbi bitirəndən sonra DTK-da əhəmiyyətsiz bir vəzifə tutdu, amma orada da uğur qazanmadı, tamam əksinə oldu. (Karyerasında uğursuzluqlara baxmayaraq, o, sonrakı illərdə mənə xidmət göstərə bildi – əməkdaşlara dair dosyeləri mənə gizli şəkildə ötürdü).

Bizə keçilən dərslərin əksəriyyəti xoşuma gəlirdi, məni ən az cəlb edən isə fotoqraflıq üzrə praktik məşğələ və mikronöqtələrin hazırlanmasıydı. İdmanda da sevnədiyim iki növ vardı: atıcılıq və sambo. Bizə tapançadan atəş açmağı öyrədirdilər, ancaq məndə yaxşı alınmırdı. Odlu silahı sökmək, təmizləmək, yağlamaq, yenidən yığmaq məni təngə gətirirdi. Əlbəyaxa döyüş fəndlərinin mənimsənillməsinə ona görə laqeyd idim ki, təbiətcə aqressiv adam deyildim və heç vaxt heç kimi birinci hücum etmirdim.

Bizim yükümüzün və tədrislə məşğulliğumuzun nə dərəcədə gərgin olduğunun əyani göstəricisi kimi, 1962-ci ilin oktyabrında dünyanın nüvə müharibəsinin astanasına gətirən Karib böhranından xəbərsiz qalmağımız olmuşdu. O zamanla biz bu barədə heç bir xəbər tuta bilməmişdik. ABŞ və SSRİ arasındakı qarşıdurma Moskva qəzetlərində işıqlandırılmışdı, amma məktəbdə o barədə eşitmək imkanı yox idi. Əgər evdə olsaydım, “düşmən səsi”ndən bir həqiqi söz tutardım, amma məktəbdə rəhbərlik bizim ətraf dünya ilə təmaslarımızın minimuma endirilməsi üçün hər şey etmiş və bunda uğur qazanmışdı. Yalnız sonradan öyrəndim ki, nüvə fəlakətinə nə qədər yaxın olmuşuq.

Praktki məşğələlərə başlayanda mən tədrisdən daha böyük zövq alırdım. Bizim qrup beş-altı günlüyə Moskvaya gedir, paytaxtın düz mərkəzindəki tikilidə yerləşdirilirdi. Bu gözəl malikanəni biz öz aramızda “villa” adlandırırdıq. Bu mülk əsrin əvvəllərində hansısa kapitalist tərəfindən tikilmişdi. Burada məskunlaşandan sonra biz “şəhər məşğələsi”nə başlayırdıq. Onun proqramı intensiv idi, biz çox yorulsaq da, məşğələlər çox xoşuma gəlirdi.

Cəmi üç ay təlim keçsək də, bacardığımız az şey vardı və istənilən tapşırıq bizə olduqca çətin görünürdü. Əyalətdən gəlmiş, cibində heç vaxt artıq pulu olmamış, ömründə ilk dəfə paytaxt barına və ya restoranına düşən bir gənc kursant təsəvvür edin. O, onunla əlaqə yaratmağa gəlmiş tanış olmayan şəxs üçün yemək-içmək sifariş etməlidir. Təsəvvür edin ki, o, hansı psixoloji basqı altındadır – axı bu 24 yaşlı gənc özündən yaşca xeyli böyük adamda özünə etimad yaratmalı və onu “bişirməli”dir.  Əvvəlcə biz bilmirdik ki, görüşməli olduğumuz adamların çoxu agent roluna dəvət olunmuş DTK təqaüdçüləridir. Biz onları hörmətli dayılar hesab edir və bəzən qarşılarında çəkingən olurduq. Bu vaxta qədər bilirdik ki, DTK əməkdaşları ilə əlaqəyə gələn şəxslər dörd qrupa bölünür: agentlər (fəal şəkildə Komitəyə işləyənlər), etimad təması qurulanlar (agentlərdən daha aşağı ranqa aid casuslar, onlara ayrıca tapşırıqlar verilir), cəlbetmə obyektləri (onlarla sonradan işə cəlb etmək məqsədilə görüşürlər) və digər təmaslar (bunların xidmətinə hərdənbir ehtiyac duyulur).

Başlanğıc üçün bizə Moskvada dolaşmaq və növbəti operativ iş üçün məkan seçmək əmr olunurdu – şərti siqnallar qoymaq, agentlərlə görüşmək, ani ötürmələr etmək üçün. Sonra biz əks-müşahidə fəndlərinin öyrənilməsinə girişirdik, bu, əyləncəli “siçan-pişik oyunu” kimi bir şey idi. Bundan ötrü cütlüklərə ayrılırdıq. Kursantlardan biri müşahidə obyekti olurdu, digəri, onun tərəf-müqabilis isə əvvəlcədən seçilmiş nöqtədən onu gizli şəkildə izləyir, onun öz ardınca “quyruq” gətirib-gətirmədiyini yoxlayır.

(Ardı var)

Tərcümə: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*