Ən qədim din: Onlar inanırlar ki, tanrıya çatanədək doğulacaqlar…backend

Ən qədim din: Onlar inanırlar ki, tanrıya çatanədək doğulacaqlar...

Hinduizm “inəyə inanan hindlilərin dini” kimi tanınsa da, gerçək tam fərqlidir. Hindlilərin dini olduqca mürəkkəb və bir o qədər də maraqlıdır. İnək isə bu dində bir tanrı fiquru deyil.

Araşdırmaçılara görə, dünyanın ən qədim dinlərindən biri olan Hinduizm həm panteist, həm də politeist inancdır. Panteizmdə fərdiləşdirilmiş tanrı fiquru yoxdur, bütöv tanrıçılıq anlayışı mövcuddur. Hindlilərin inancında yalnız bir böyük güc – tanrı var və o, bütün kainatın hakimidir. Hinduizmdə yalnız bir tanrı – kainat, güc var, digər tanrı və ilahə fiqurları bu bütövlüyün bir hissəsidir. Bu tanrılar və ya ilahələr tək olan tanrıya çatmağın müxtəlif yollarından biridir. Yəni hindlilərin tanrıları, məsələn, Şiva və ya Qaneşa müsəlmanların Allah inancına bərabər deyil. İslamda 99 adı olan Allah hindlilərin Dxarma inancına daha uyğun gəlir.

Ən əsası, məşhur inamın əksinə olaraq, hindlilər inəklərə ibadət etmirlər. İnək yalnız müqəddəs heyvandır. Yəni hindlilər inəyə verdiyi nemətlərə görə təşəkkür edirlər.

Tanrıya aparan yol

Hinduizm ayinləri sevən dindir. Edilən hər bir davranış simvolikdir. Məsələn, tanrı və ya ilahələrə qurban məqsədilə məbədlərə yemək, içki və ya öz saçlarını kəsib qoymaq və s… Bu cür qurbanlar daha çox ehtiyacı olanlara verilir. Hindlilər heyvanlar və ya fiqurlara ibadət edən ibtidai düşüncəli insanlar deyil. Hindlilər arasında heyvanları tez-tez şərəfləndirmək ənənəsi var. Məsələn, Nepalda insanlarla dost olduqları üçün itlər üçün festivallar keçirilir.

Hindlilərə görə, hind olub-olmamağınızın əhəmiyyəti yoxdur. Çünki Hinduizmə görə, bütün yollar tanrıya aparır. Yəni istər xristian, istər müsəlman, istərsə də ateist olun – Karmadan azad deyilsiniz və son nəticədə Dxarma yolunda irəliləyəcəksiniz.

Hindlilərin inancında tanrı və ya tanrıçaların vəzifələri yalnız Tanrıya çatmaqdır. Məsələn, bir insan daxili çağırışına görə tanrıça Kali və ya Qaneşaya ibadət edir. Hinduizmdə hər bir tanrı və ya tanrıça fiquru əsl məqsədə çatmaq üçün gedilən yolda göstərdiyin münasibət, imtahan və ya dərslərin simvoludur. Özlərinin də dedikləri kimi, “Nə nifrət edən, nə də arzulayan – ziddiyyətlərin ikililiyindən azad olan, əsarətdən asanlıqla qurtulan əbədi təkdir”. Buna görə də, tanrılar və ya tanrıçaların nəyi simvollaşdırdığını başa düşmək vacibdir. Bu, insanın dağıdıcı tanrı Şivaya ibadət edərkən asılılıqlarından qurtulmasına, hikmət və qəzəb naminə özüylə üzləşməsinə bənzəyir.

Yeganə bütöv olan

Dxarma Şərq dillərində on fərqli mənaya sahib ola bilər. O, hindlilərin inancında “universal qanun”, “hökmdar”, “kainatın mənası”, “həqiqət”, “yeganə bütöv” və “gerçəkdə var olan” anlamındadır. Hindlilər onu belə təsvir edirlər: İstilik və işıq varsa, onun bir mənbəyi , yəni od var. Od Dxarmadır. Hindlilərə görə, bütün insanlar Dxarmaya sarı gedirlər.

Sonsuz axın

Karma “etmək” mənasını verən “kri” sözündən əmələ gəlib. “Hərəkət” deməkdir, kainatdakı sonsuz axındır. Karma “etdiyini tapacaqsan” mənasında işlənsə də, əslində kainatı əhatə edən bütün hərəkətlər və axındır. Yenə də bütün insanlar bu axına daxil edilir.

Karmanın, yəni əbədi axının məqsədi ruhu Dxarma yolunda bişirmək, öyrətmək, yetişdirmək və yüksəltməkdir. Yəni bu, təkcə o demək deyil ki, yaxşı işlər görsəniz, yaxşı şeylər tapacaqsınız. Hindlilərin Karması Buddizmin Karmasından bir qədər fərqlidir. Biri bu döngənin qırıla biləcəyinə inansa da, digəri bu döngənin onsuz da Dxarmaya çatmağın bir yolu olduğunu qəbul edərək təslim olur.

Hinduizmdə reinkarnasiya inancı var, bunu da hər kəs bilir. Amma Karma anlayışı məsələni bir qədər mürəkkəbləşdirir.

Hindlilər ilk dövrlərdə Kasta sistemini “hər kəsin cəmiyyətdəki vəzifəsi” şəklində qurmuşdu. Amma vaxt keçdikcə bu, “əvvəlki həyatınızda pis əməllər edərək Kasta sisteminin aşağı sinifində doğulmusunuz” düşüncəsinə çevrilib. Kastanın ən yuxarı pilləsində dayanmış insanlar inanırlar ki, bir neçə yaxşı həyat yaşayıblar və buna görə daha ali şüura sahibdirlər. Bu, təbii ki, hindlilər arasında qorxunc sosial ədalətsizliyə səbəb oldu.

Bu, əslində, insanın keçmiş həyatında pis işlər görməsi və ya pis karma gətirməsi ilə bağlı deyil, ümumiyyətlə, Hinduizmdə insanın dünyaya əylənmək üçün gəldiyinə dair heç bir fikir yoxdur. Hər bir ruh təmizlənməyə xidmət etməlidir. Buna görə də aşağı sinifdə doğulanlar, xidmət edəcəklər, təmizlənəcəklər və yaxşı karma ilə gələcək həyatlarına girəcəklər. Bu anlayışlar ilk dövrlərdə ortaya çıxanda məqsəd insanlar arasında ictimai nizam yaratmaq və onları xidmət etməyə, yardımlaşmağa və müdriklərə hörmət etməyə təşviq etməkdi.

Hinduizmdə cənnət və cəhənnəm yoxdur. Dxarma, hər bir ruhun çatmalı olduğu yerdir. Bu yoldan geri çəkilənlər cəzalandırılır.

Tanrılar və tanrıçalar

Hinduizmdə onlarla tanrı və tanrıça var. Bir çox tanrı və tanrıça haqda miflər müxtəlif variantlarda təqdim edilə bilər. Təəssüf ki, hansının doğru və ya orijinal olduğuna dair dəqiq məlumat yoxdur. Bunun səbəbi bir çox yazılı mənbənin məhv edilməsi, onların tarix və miflərinin qərblilər tərəfindən yenidən yazılması ilə bağlıdır.

Hinduizmdə üç əsas tanrı var: yaradan Brahma, qoruyucu Vişnu və dağıdıcı Şiva.

Brahma

Qızıl yumurta və ya lotos çiçəyindən çıxmış kimi oturur, dörd üzü var. Brahma bir məbədi olan tanrıdır. Haqqındakı əfsanələrə görə İbrahim peyğəmbərə bənzədilir və təktanrılı inanca işarə etdiyi düşünülür. Çünki Brahma hər şeyi, dünyanı yaradıb, amma özü də Vişnunun lotoslarından birindən çıxıb. Beləliklə, sonsuz bir döngə var.

Vişnu

Məşhur tanrı fiqurları olan Rama və Krişna Vişnunun avatarları, onun reinkarnasiyalarıdır. Vişnu kainatdakı tarazlığı qoruyur. Brahma tərəfindən yaradılıb, Şiva tərəfindən məhv edilib. Sonra yenidən doğulub. Bu da başqa bir sonsuz döngədir.

Şiva

Şiva güzəştsizdir, ruhların taleyini o müəyyən edir. Amma Şiva çevrilmənin ən vacib hissəsidir. O, həm də pislik və ya şərin qarşısını alır, onu məhv edir. Yenilənmə və ədaləti təmin edir. Şakti inancında, Şaktiyə uyğun olan əks qüvvəni, yəni həyat enerjisini simvollaşdırır. Yəni həm dağıdıcı, həm də yaradıcıdır. Eyni zamanda, “Şiva” sözü ibrani dilində “ölülərin arxasınca keçirilən yas mərasimi” deməkdir.

Kali

Tanrıça Kali ən qorxunc fiqurlardan biridir. Şivanın arvadı – şəri məhv edən və azadlığın qoruyucusu. Gözlərinədək qəzəblə dolu olan Kali əri Şivanı öldürən bir tanrıçadır. Boynuna taxdığı insan kəllələri müdrikliyini, belinə taxdığı qollar isə gücünü simvollaşdırır. Kali həm də dağıdıcı tanrıdır, eyni zamanda doğandır. Şivanın şaktisi həyat enerjisidir. Güzəştsizdir. Kali rəqs etməyə başlayanda yer titrəyir və bütün pisliklər yox olur. İnsanlar arasında ən çox hörmət edilən ilahədir. Çoxlu məbədləri var. Kali qəddar və qaniçən tanrıça, bəzən mülayim və sakit Parvatiyə çevrilir. Parvati bir çox formada ola bilər.

Şiva və Parvatinin gözəl körpəsi – Qaneşa

O, Hindistanın ən sevimli tanrısıdır. O qədər məşhurdur ki, buddistlər tərəfindən də qəbul edilib. Yolda bütün maneələri aradan qaldırdığına inanılan müdrik tanrıdır. Sevgi, bolluq, sevinc gətirir. Fil başı fəziləti və hikməti simvollaşdırır, əlindəki ip tanrıyla əlaqəsini simvolizə edir. Şişmiş mədəsi bütün ağrıları udduğunu və həzm etdiyini göstərir. Böyük qulaqları da bütün duaları eşidir. Anası Parvati də sevgi, məhəbbət və sədaqət tanrıçasıdır. Hinduizmdə ən sevimli iki fiqurdan biridir.

Tanrı və ilahə heykəllərinin anlamı

Bir hindli bu heykəllərdən meditasiya və dua edərkən diqqətinin yayınmaması üçün istifadə edir. Bir tanrı və ya tanrıçanı qəbul etmək, digərlərini görməzlikdən gəlmək demək deyil. Hindlilər inək əti yemirlər, amma qoyun, quzu, toyuq yeyə bilərlər, onlar vegetarian deyillər. Amma məzhəblərə görə fərqlənir, məsələn, Qaneşaya inananlar vegetariandır.

Müqəddəs qeydlər

Hinduizm dünyanın ən qədim dinlərindən biridir. Bəzi tədqiqatçılara görə isə, dünyanın ən qədim dinidir. Həm də ən çox inananı olan üçüncü dindir. Amma biblioqrafiyası bir qədər zədələnib. Üç vacib yazılı qeydi (vedalar) var.

Riqveda tanrılara müraciət olaraq yazılıb. Tanrıların xüsusiyyətlərini və güclərini təsvir edir.

Samaveda mahnıları və mantraları ehtiva edir.

Yajurveda dualardan ibarətdir.

Hinduizmin tək tanrıya, həqiqi bütövlüyə çatdığına işarə etdiyini deyən din xadimləri çoxdur. İctimai nizam yaradan bir din olsa da, bu həyat və dünyadan əllərini üzmüş “sadu” adlandırılan zahidləri də var./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*