Erməni jurnalist Azərbaycana aid çoxsaylı məscidlərin dağıdıldığını etiraf etdi – ŞƏRHbackend

Erməni jurnalist Azərbaycana aid çoxsaylı məscidlərin dağıdıldığını etiraf etdi - ŞƏRH

BBC telekanalı Qarabağ savaşına aid qısametrajlı film ərsəyə gətirib. Dünəndən bəri ekran əsəri Azərbaycana aid sosial mediada tənqid olunur. Amma…

Amma gəlin ilk öncə filmin xülasəsini şərh edək. BBC-nin təqdim etdiyi məhsul belə başlayır:

“Dağlıq Qarabağdakı müharibə 2 il əvvəl yekunlaşıb. Amma burada əvvəlki kimi partlayışlar eşidilir, atışmalar gedir. Nələrin baş verdiyini aydınlaşdırmaq üçün sərhədyanı rayonlara yollandıq”.

KONKRET.az xəbər verir ki, filmin Ermənistan çəkilişlərini Qriqori Atenesyan, BBC rakursunu Azərbaycan tərəfdən tutan isə Olqa İvşina olub.

“Qarabağ: Sonsuz müharibə” adlanan qısametrajlı film Ağdamdan başlayır. Görüntülərdə minaya düşmüş Hafiz Əzimzadənin müsahibəsinə yer verilib. 2021-ci ilin 3 martında bir ayağının dizdən aşağı hissəsini itirən azərbaycanlı su təchizatı ilə məşğul olub. Minaya düşmə anını heç cür unuda bilmədiyini deyən Hafiz təkrar müharibəni istəmədiyini bildirib.

Müsahibənin ardınca Olqa İvşina mina terrorundan bəhs edib, ANAMA ekspertlərini danışdırıb. Filmdə ermənilərin mina xəritələrinin saxtalaşdırılmasından tutmuş, nə qədərinin zərərsizləşdirildiyi, neçə azərbaycanlının mina qurbanı olduğu qeyd olunub. Hətta ermənilərin geri çəkilərkən Azərbaycana aid məzarlıqları minaladığını vurğulayıb:

“Elə yaşayış məntəqələri var ki, xarabalığa çevrilib. Mədəni irsin məhv edilməsi isə hər iki tərəfdən qeydə alınır”.

Burada Olqa Böyük Tağlar kəndindəki kilsədən bəhs edir. Sonra ağır texnika ilə dağıdılan erməni məzarlıqlarından söz açır.

I Qarabağ savaşından danışan Qriqori Atenesyan: “20 mindən çox insanın ölümü, yüzminlərlə insanın məcburi köçkün düşməsi ilə nəticələndi. Dağlıq Qarabağ və 7 rayon Ermənistanın nəzarətinə keçdi”.

II Qarabağ savaşından danışan Olqa isə: “8 mindən çox insanın ölümü qeydə alınan müharibədə Azərbaycan Dağlıq Qarabağın bir hissəsi və ətraf 7 rayona kontrolu geri qaytardı”.

Ardınca erməni müxbir sentyabr olaylarında Qarabağdan uzaq Ermənistan ərazisindəki atışmalarda hər iki tərəfdən 280-dən çox insanın öldürüldüyünü qeyd edib. BBC telekanalı Stepanyan ailəsindən söz açıb. Ailənin başçısının nitqində erməni içğalçılıq xisləti görünürdü:

“5 rayon istəyirdilər, 7 rayonu qaytardılar. Onlar sülh istəsəydilər, əmin-amanlıq bərqərar olardı. Uşağa şokoladı verəndə şirin olduğu üçün yenə istəyir. Amma fəsadlarını dərk eləmir. Biz onlarla dostluq edə bilmərik. Çünki kilsələrimizi təhqir edirlər. Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edə bilmərik. Onlar dövlət olaraq 100 ildir ki, mövcuddurlar. Biz isə ilk xristian dövlət olmuşuq”.

Ardınca erməni jurnalist 30 il ərzində ermənilərin Azərbaycana aid çoxsaylı məscidləri dağıtdığını, hətta içində donuz saxladığını gizlətməyib.

Olqa İvşina azad olunan torpaqlara qayıdan Rahilə Almuradovanın qonağı olub. Əvvəlcə isə onun məcburi köçkün həyatının çətinliklərindən danışıb. 29 ildən sonra Zəngilana qayıtmış şəhid bacısının hisslərinə yer verilib. Olqa Ağalı kəndinin üstün və əskik cəhətlərindən danışıb və problemlərin Azərbaycanda ictimai müzakirəyə çıxarılmadığını əlavə edib. Sonra kənd barədə Altay Göyüşovdan münasibət alınıb. Bu dialoqdan ən maraqlı müxbir çıxarışı isə budur:

– Müharibədən sonra Qarabağda 2 hava limanı inşa edilib, amma cəmi 1 kənd salınıb.

Ağalı tənqidindən sonra Olqa orada yaşayan Gülüşün məmnun fikirlərinə də yer verib.

Qısametrajlı filmin Ağalıdan sonrakı hissəsində erməni müxbirin səsi yer alıb və o, Qarabağda sülhməramlıların mühafizə etdiyi 100 min erməninin yaşadığını diqqətə çatdırıb. Qarabağ ermənilərinin statusu ilə bağlı qeyri-müəyyənlik, yəni tərəflərin razılığa gələ bilməməsi sülh sazişinin imzalanmasını gecikdirir. Ardınca BBC dueti Ermənistandakı etirazlara toxunub. Etirazlar fonunda jurnalistlər 2 erməni fəalının müsahibələrinə yer verib. Onlardan biri Arpi Bekaryandır. Onun fikrincə, iki xalqın dostluğu mümkün deyil, amma müharibələrin davamlı olması da yaxşı heç nə vəd etmir. Avetik Çalabyanın fikrincə isə sülh gündəmi blefdir. Məğlub və qalib arasında sülh olmur. Belə ki, təklif olunan sülh Ermənistan üçün Qarabağın itirilməsi, oradakı ermənilərin isə Ermənistana köçməsidir. Çalabyan düşünür ki, Qarabağın Azərbaycanın tərkibinə keçidi gələcəkdə yeni savaşların olma ehtimalını artırır. Altay Göyüşovla Arpi Bekaryanın fikirlərindəki bənzər element isə müharibənin hər iki tərəfdən yeni itkilər, təzə məzarlıqların inşasıdır.

Olqa İvşina sadalanan mövqelərdən sonra Zəngilanda şəhid olan Xudayar Yusifzadənin anası ilə reportaj edib. Duyğusal notlar, Xudayarın səsinə yer verilən hissədən jurnalistin çıxarışı şəhid anasının son dediyidir. Belə ki, “Nə vaxtsa evinizə erməni dəvət edərsinizmi” sualına Xudayarın anası birmənalı surətdə yox deyib.

BBC əməkdaşları müharibədə ölən Jora Saakyanın da ailəsinə baş çəkib. Məqsəd hər iki tərəfdəki acının barışığa mane olduğunu göstərməkdir. Qazi intiharları barədə informasiya, müharibə veteranının müsahibəsində vacib mesajlar vardı. Sonda 30 ildir ki, savaşın Qarabağdan çıxmadığı, insanların ev, həyat və sağlamlıqlarını itirdiyini deyən Olqa və Qriqori sülh sazişinin hələ də imzalanmadığını xüsusi vurğulayırlar. Heç imzalanan sənədin də Qarabağa sülh gıtirəcəyinə zəmanətin olmadığını deməklə isə qısametrajlı filmin adını –  “Qarabağ: Sonsuz müharibə” təsdiqləyiblər.

İndi isə şərh edək:

Əvvəlcə onu deyim ki, BBC-nin filmi çox keyfiyyətli və təsirli hazırlanıb. Belə filmlərdən təsirlənməyimizin əsas səbəbi Azərbaycan kinosundakı boşluqdur. II Qarabağ savaşı barədə film lentə alınmayıb. BBC-yə qayıtsaq, adıçəkilən media qurumunun Qarabağ barədə filmi iki müxbirə tapşırılıb və onların heç biri azərbaycanlı deyil. Peşəkar görünməyə çalışan BBC neytrallığı qorumaq üçün erməni reportyoru başqa millətdən olan əməkdaşla əvəzləyə bilərdi. Azərbaycanlıları qıcıqlandıran 2 əsas məqam:

 

  1. Erməni müsahiblərin də, jurnalistlərin də Qarabağ İqtisadi Rayonunu Dağlıq Qarabağ adlandırması;
  2. Erməninin Azərbaycanın 100 illik tarixə sahib olması kimi sərsəmliyinə yer verilməsi.

Filmdə hər iki tərəfin mövqeyinə neytral yanaşıldığı üçün belə amillərdə sərbəstlik verilə bilər. Amma BBC-rusun əməkdaşlarının Dağlıq Qarabağ olaraq təkrarlaması Kremlin mövqeyidir. Bakı buna müfafiə nazirliyi, ekomitinq səviyyəsində etiraz etsə də, Moskva yenə də öz bildiyini edir. Bu isə müəyyən qüvvələrin Azərbaycanın yaratdığı reallıqlarla barışmamağından qaynaqlanır;

100 illik tarix atmacası hibrid ermənilərin özlərinə dəyər qazanmaq cəhdidir. Halbuki bütün dünya Ermənistanın Azərbaycan ərazisində yaradıldığını bilir. Batum sazişilə İrəvanın onlara paytaxt verilməsi, SSRİ dövründə Göyçə və Zəngəzurun da daşnaklara birləşdirilməsi, Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması prosesi hamıya bəllidir.

– Filmdə mina terroru tənqid olunur;

– “Elə yaşayış məntəqələri var ki, xarabalığa çevrilib. Mədəni irsin məhv edilməsi isə hər iki tərəfdən qeydə alınır”. Qarabağdakı bütün tarixi və mədəni irs Azərbaycana aiddir. 30 il ərzində inşa olunanlar isə separatçı rejim kimi qondarmadır;

– “20 mindən çox insanın ölümü, yüzminlərlə insanın məcburi köçkün düşməsi ilə nəticələndi. Dağlıq Qarabağ və 7 rayon Ermənistanın nəzarətinə keçdi”. Burada erməni müxbir Ermənistan işğalı ifadəsindən yayınıb;

– “8 mindən çox insanın ölümü qeydə alınan müharibədə Azərbaycan Dağlıq Qarabağın bir hissəsi və ətraf 7 rayona kontrolu geri qaytardı”. Burada isə Olqa Azərbaycan torpaqlarını işğaldan azad etdi reallığından qaçıb;

– Sentyabr olaylarında təhrif var.

Həmin hissədən erməni Stepanyanın intervüsündən müəyyən nüanslar:

– 5 rayon istəyirdilər, 7 rayonu qaytardılar.

Əvvəla bu müsahibədə jurnalistin sudan quru çıxacağı normaldır, çünki onlar hamının mövqeyini duyurmalıdırlar. Ona görə də burada sırf Stepanyana cavab vermək lazımdır ki, gəmiyə minib gəmiçi ilə dalaşmasın.

– Biz onlarla dostluq edə bilmərik. Çünki kilsələrimizi təhqir edirlər.

Azərbaycan olaraq II Qarabağ savaşından əvvəl də tolerant ölkə kimi tanınmışıq. Kilsələrə qaz vermək, Bakıdakı erməni kilsəsinin sökülməməsi kimi faktları göstərmək olar. Qarabağda hansısa kilsə atəşə məruz qalıbsa, bunda günah qanunsuz rejimin tərksilah olunmamasında, onların separatçı fəaliyyətindədir. Yəni kilsədən mövqelərimiz atəşə tutulduğu halda cavab atəşi ilə terrorçu zərərsizləşdirmək normal prosedurdur.

– Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edə bilmərik. Onlar dövlət olaraq 100 ildir ki, mövcuddurlar. Biz isə ilk xristian dövlət olmuşuq”.

Hazırkı Azərbaycan Respublikasının ən qədim dövlətlərindən biri Albaniyadır. Paytaxtı Qəbələ-Bərdə olan qədim dövlətimiz xristianlığı eramızın 57-ci ilində qəbul edib. Qarabağda indiki qədim kilsələrin 90 faizi isə Vaçaqanın dövründə inşa edilib. Albaniyanın erməni adına çıxarılması Çar Rusiyası işğalı və Azərbaycan torpaqlarına erməni köçürtmələri ilə start götürüb. Qədim alban sənədlərinin Eçmiədzində saxlanılması isə sübutlardandır. Ermənilər həmin sənədləri saxtalaşdırıb öz adlarına çıxarırlar. Bizi tariximizdən uzaqlaşdıranlar bu siyasəti indi də aparmaq cəhdlərindədir. Yoxsa qədim dövlətlərimizin hökmdar adlarını yeni doğulanlara qoyardıq. Ermənilər isə Manna dövlətimizə aid şəxsiyyətlərin adlarını da mənimsəyirlər.

– Qarabağda 100 min erməninin yaşaması sülhməramlı-separatçı yalanıdır.

Hazırda Qarabağa köçürülmüş 20-25 min erməninin maksimum 10 faizi Qarabağ ermənisidir. Ora köçürülənlərin çoxu səfil, narkoman, fahişə, hətta həbsxanadan azadlığa buraxılan işsiz-evsiz Ermənistan sakinləridir. İşğal dövründə Qarabağda yaşamış ermənilərin çoxu İrəvan yataqxanaları, Rusiya və Avropada yaşayır.

– Ermənistandakı etirazlarla bağlı BBC iki fəalı danışdırıb. Qızın soyadı Bekaryan, oğlanda isə Çələbiyandır.

Yəni ermənilər ad və soyadlarını da bizdən götürüblər. Bu cür faktları gizlətmək mümkün deyil. Bütün bunlara rəğmən, BBC filmi erməni minasına düşmüş Hafiz Əzimzadənin müsahibəsi ilə başlayıb və II Qarabağ müharibəsi veteranı olan Mansur Şükürovun fikirləri ilə tamamlanıb. Bu intervülərə baxsanız, filmin adından fərqli olaraq sujet xəttinin sülhə kökləndiyini anlayacaqsınız.

Anar Rəhimov,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*