Erməni tarixçi-alim Ayrapetovun ŞƏRHİ sensasion detalları iləbackend

Erməni tarixçi-alim Ayrapetovun ŞƏRHİ sensasion detalları ilə

“Aydındır ki, Qarabağdakı müharibə qaçılmaz idi. Hamı bunu başa düşürdü. Elə o zaman, 1991-1994-cü illərdə Azərbaycan bu problemi hərbi yolla həll etməyə çalışdı və məğlub oldu, indi qazandı. Hər halda, problemin yalnız hərbi yolla həlli var. Çünki tərəflərin mövqeləri bir-birini istisna edir – bu ya erməni hərbi həlli, ya da Azərbaycan hərbi həlli ola bilərdi. Ya da üçüncü bir qüvvənin hərbi zəfəri…”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni tarixçi alim Oleq Ayrapetov  “EADaily”ə müsahibəsində deyib. Onun fikrincə, “Düşmənimiz olsa da, son 28 il ərzində Azərbaycanın təbliğatına hörmət göstərməliyik. Bu illər ərzində Azərbaycanda azərbaycanlıları birləşdirən səfərbəredici bir milli fikir yaradıldı. Bunun ən vacib hissəsini ermənilərə qarşı mübarizə təşkil etdi. Azərbaycan milli ideyasının birinci hissəsi etnopolitik özünüdərketmədirsə, ikinci hissəsi xalqın hər şeyə görə borclu olduğu Əliyevlərə sədaqətidir. Əslində Əliyevlər bu dövləti və bu milləti yenidən yaratdılar”.

Tarixçi-alim daha sonra deyir ki, “Nikol Paşinyanın hərəkətləri Əliyevi Ermənistanla əlverişli anda müharibəyə səfərbər etdi. Və Azərbaycan liderinin bu hesablamaları düzgün çıxdı. Üstəlik, Azərbaycanın müvəffəqiyyətinin böyüklüyü əvvəlcə hesab ediləndən çox nəhəng oldu. Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi əslində Qarabağ probleminin ATƏT-in Minsk qrupunun nəzarətindən çıxmasına səbəb oldu. Paşinyanın anormal biri olduğuna Bakıda əmin oldular.

Əslində Paşinyanı hər yerdə – yalnız Moskvada deyil, həm də Qərbdə belə qəbul edirlər. Müharibə ərəfəsində Münhendəki Əliyev-Paşinyan görüşündə o, Qarabağ məsələsində, hətta Azərbaycanda da “mikro-inqilablara” ehtiyac duyduğunu açıqladı. Qafqaz həqiqətlərini bilən, ağlı başında olan insan bu cür fikirləri ciddiyə ala bilməzdi.

Burada xatırlamaq lazımdır ki, Paşinyan siyasi karyerasına başlamazdan əvvəl “Haykakan Jamanak” qəzetinin redaktoru idi. Hələ o vaxtlar Qarabağın ermənilərə lazım olmadığını yazırdı. Deyirdi ki, gec-tez Türk və Azərbaycan qonşuları ilə problemləri həll etmək lazım gələcək. Budur, bu, bir həqiqətdir – hər hansı müharibə gec-tez sülhlə bitir. Yəni gec-tez Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq məcburiyyətində qalacaq. Ancaq sual budur ki, hansı şərtlərlə?!. O zaman Paşinyanın məqalələrində bu şərtlərin vektor baxışı açıq-aşkar görünürdü. Yəni Ermənistan Qarabağdan imtina etməlidir”.

Ayrapetov daha sonra deyir: “İlham Əliyev Ermənistan rəhbərliyinin səlahiyyətli qərarlar qəbul etmək iqtidarında olmayan anormal insanlardan ibarət olduğuna əmin oldu. Nikol Paşinyan və Ermənistan prezidenti Armen Sarkisyan müharibə zamanı bunu təsdiqlədilər. Armen Sarkisyanın Brüsseldə Türkiyəni NATO-dan xaric etmək təşəbbüsü bu adamın böyük siyasətdən xəbərsiz olduğunu göstərdi. Bununla yanaşı, Paşinyan demək olar ki, hər gün Qərb ölkələrinin səfirliklərinə dəstək üçün müraciət edirdi. Bu da onun siyasi səbatsızlığını göstərirdi. Bakıdakılar bunu diqqətlə izləyirdilər. Ona görə də İlham Əliyev onları açıq şəkildə lağa qoyaraq ələ salırdı. Bir sözlə, Azərbaycan uyğun vaxtı seçdi, yəni nə hərbi, nə diplomatik, nə də təbliğat baxımından Ermənistan bu müharibəyə hazır idi. Erməni hakimiyyət orqanları hətta hərbi əməliyyatların gedişi barədə dəqiq məlumata malik deyildilər. Paşinyan ola bilsin ki, peşəkar jurnalistdir. Amma siyasətdə uydurma, xəyal dünyasında hərəkət edən və sosial şəbəkələrdə vuruşan “rəhbər”dir.

Tarixçi fikirlərinə bunu da əlavə edir ki, “Bu gün Nikol Paşinyan yalnız bir şeyi bacardı – özündən əvvəl yaradılan və tikilənləri məhv etdi. Buna görə də Serj Sarkisyana çox suallar var, amma Paşinyana suallar yoxdur: o, pisləri düzəltmək şüarı ilə gəldi, amma əslində pisləri daha da pisləşdirdi.  Onun itirilmiş qələbə ərəfəsində və rəhbərliyi altında apardığı son dərəcə çirkin siyasətə dair daha çox sənədlərə malikik. Əminəm ki, Paşinyan heç bir bunkerdə bu ittihamların öhdəsindən gələ bilməyəcək. Hətta “Facebook” yazıları da onun bu həqiqətlərdən gizlədə bilməz.

Deməzdim ki, Ermənistanın “Artsax”da (Dağlıq Qarabağda-red) məğlubiyyəti düşünülmüş, əvvəlcədən planlaşdırılmış və inkişaf etdirilmiş bir xəyanət planının nəticəsidir. Xeyr! Hətta Paşinyana bir canavar və ya “saqqallı şeytan” da deməzdim. Xeyr! O, nə erməni tarixinin mənasını, nə də erməni xalqının qarşısında duran vəzifələrin miqyasını, hətta Qafqazdakı siyasi prosesləri anlaya bilməyən əyalət adamıdır.

O, Ermənistanın dünya siyasətinin tərəzisində kiçik bir qum dənəsi olduğunu başa düşə bilmir. Əgər bunu başa düşsəydi, onda Əliyevi müharibəyə təhrik etməzdi. Burada yalnız bir cavab ola bilər: Ölkə Qərbin köməyinə ümid bəslədi ki, bu da  erməni siyasi düşüncəsi üçün çox xarakterikdir”.

Ayrapetov fikirlərini belə tamamlayır: “Erməni siyasətçilər olduqca “piyada”dırlar. Bu sözü deməkdən qorxmuram, amma indi biz Ermənistan dövlətçiliyinin və erməni siyasi düşüncəsinin dərin bir böhranının şahidi oluruq. Paşinyanın bu gün getməməsi, gözləməsi mənə Gi De Mopassanın “Əziz dostum” romanındakı personajlardan birini xatırladır.

Paşinyan küçə duyğularının məhsuludur, ümumi seçki hüququnun gübrəsində böyüyən bir çiçəkdir. Xalqı üçün çoban deyil. Çünki çoban sürüsü ilə eyni ola bilməz. Daha bacarıqlı olmalıdır. Böhran göstərdi ki, Paşinyan nə ölkəyə, nə də hökumətinə rəhbərlik edə bilir. Ən çətin saatlarda internetdəki səhifəsindəki çıxışları ilə insanlardan gizlənməyi və dünya ilə ünsiyyət qurmağı seçir. O, Qarabağla bağlı üçtərəfli müqavilə imzalamaq üçün efirə çıxmağa belə cəsarət etmədi”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*