“Ermənistan Rusiyanın onu qoruya bilməyəcəyindən getdikcə daha çox qorxur” – FRANSA NƏŞRİbackend

“Ermənistan Rusiyanın onu qoruya bilməyəcəyindən getdikcə daha çox qorxur” – FRANSA NƏŞRİ

Sərhədlərin delimitasiyası ilə bağlı Ermənistan-Azərbaycan məsləhətləşmələrinin başlaması “təmkinli nikbinliyə” əsas verir.

KONKRET.az xəbər verir ki, bu fikirlər Fransanın “Causeur” jurnalında dərc olunan məqalədə yer alıb.

“Otuz il ərzində Azərbaycanın “boz zona” kimi qalan və beynəlxalq səviyyədə tanınan ərazilərini ilk dəfə bərpa etmək şansı var. Bundan əlavə, Cənubi Qafqazda nəqliyyat şəbəkəsinin işə salınması ilə bağlı razılıq əldə olunub. Bütün bunlar NATO-nun iştirakı olmadan baş verir”. Jurnalın köşə yazarı xüsusilə qeyd edib.

Məqalə müəllifi Ermənistan-Azərbaycan siyasi dialoqunun konstruktiv xarakter almasına imkan verən səbəblər haqqında çox gözlənilməz nəticə çıxarıb. Və bu səbəblər Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçilik səyləri ilə bağlı deyil.

“Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında may ayında keçirilən görüş bir faktı üzə çıxarıb. Qarabağ müharibəsi və Ukrayna münaqişəsi Cənubi Qafqazda çoxdan gözlənilən sülhə nail olmaq üçün əlverişli şərait yaradıb”, – köşə yazarı bildirib.

“Mayın 22-də Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə altı ay ərzində Brüsseldə Ermənistan və Azərbaycan liderləri üçüncü dəfə görüşüblər. Əgər iki qonşu ölkə arasındakı problem otuz il ərzində həll olunmamış qalsa da, nəhayət, yerindən “tərpənməyə” başlayıb və heç də bu, Şarl Mişelin sülhməramlı səyləri ilə bağlı deyil. Cənubi Qafqazda vəziyyətin normallaşdırılmasına əsas səbəb iki şiddətli silahlı toqquşmadır, həmçinin orda tökülən qanlar və ölən hərbçilərdir. Daha doğrusu, bu, 44 günlük 2020-ci il Azərbaycan-Ermənistan müharibəsi və Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”dır.

44 günlük müharibə Azərbaycana imkan verdi ki, nəinki Qarabağda və onun ətrafındakı ərazilərinin əksəriyyətini geri qaytarsın. O, hərbi, diplomatik və iqtisadi baxımdan həlledici üstünlük kimin tərəfində olduğu sualını da cavablandırdı. Bu da 2021-ci ilin sonunda iki ölkə liderləri arasında yüksək səviyyədə görüşlə nəticələndi”, deyə müəllif vurğulayıb.

Məqalədə bildirilib ki, Ermənistan-Azərbaycan danışıqlarındakı irəliləyiş həm də Ukraynadakı müharibə və Qərbin kollektiv şəkildə Rusiyaya qarşı artan sosial-siyasi və iqtisadi təzyiqləri ilə bağlıdır.

Üç aydan artıqdır ki, Rusiyanın Ukraynada itirdiyi hərbçiləri və geriləyən iqtisadi resursu İrəvanda əsl narahatlıq yaradıb. İrəvan bir dövlət kimi asılı olduğu Moskvadan artlq ehtiyat edir. Düşünür ki, Kreml onları Bakı və Ankaradan qoruya bilməyəcək.

Müharibə başlayandan Rusiyanın Qarabağda dislokasiya olunmuş sülhməramlı kontingentindən bir neçə yüz əsgərini Ukraynaya göndərməsi də bu qorxuları daha da gücləndirib. Bakı isə əksinə, özünü daha inamlı hiss edir. O, Azərbaycan qazına ciddi ehtiyacı olan Qərb koalisiyası tərəfindən dəstəklənir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*