Burada deyiblər ey: “Adın nədir? Daşdəmir. Yumşalarsan, yumşalar”.
Ermənistan hökümətindən sonra Ermənistanın tanınmış ictimaiyyət nümayəndələri və qeyri-hökümət təşkilatları da Türkiyə və Azərbaycanla qurula biləcək iqtisadi əlaqələrin perspektivlərindən danışmağa başlayıblar. Məsələn, iqtisadçı ekspert Vahaq Xaçatryan yeni İqtisadiyyat naziri Vaan Kerobyanı cəmiyyətin reaksiyasından inciməməyə, eyni zamanda Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr qurmaq fikrindən əl çəkməməyə çağırır.
KONKRET.az xəbər verir ki, “Sputnik Armenia”ya müsahibəsində iqtisadçı ekspert deyir ki, “mən Azərbaycanla bağlı müəyyən məlumatlar əldə etməyə çalışıram, amma dəqiq məlumatlar bizim üzümüzə qapalıdır. İqtisadiyyatı mənzərənin nə olduğunu tam bilmirik.
Deyirdik: neft, neft, neft. Məlum oldu ki, onların təkcə neft deyil, həm də çox ciddi emal sənayesi var, həssas alətlərin istehsalı, maşınqayırma, Sumqayıtdakı ən ciddi kimya sənayesi. Yəni bilmədiyimiz çox məsələlər var “.
Xaçatryan müsahibəsində onu da deyib ki: “Əminəm, bir müddət keçdikdən sonra nazirin təklifinin hər bir iş adamı üçün səmərəli olduğu öz təsdiqini tapacaq”.
Xatırladaq ki, Azərbaycanla iqtisadi əlaqələrin qurulmasının vacibliyini ilk dəfə Baş nazir Nikol Paşinyan noyabrın 13 -də, çıxışı zamanı söyləmişdi.Lakin o zaman əksəriyyət, xüsusilə də, müxalifət Baş nazirin bu fikrinə qarşı çıxmışdı. Lakin tədricən emosiyaları sakitləşən erməni elitası Paşinyanın fikrini dəstəkləməyə başladı. Noyabrın ortalarında Baş nazir Ermənistanın ən iri özəl şirkətlərinin nümayəndələri ilə görüşdü.Görüşdə iştirak edən 6 holdinq rəhbərindən 4-ü Azərbaycan və Türkiyə ilə kommunikasiya əlaqələrinin qurulmasının vacibliyini söylədi. Bunun ardınca “Trans Logistics Qafqaz” ekspeditor şirkətinin rəhbəri Yegişe Ovannisyan “Qarsdan keçən dəmir yolu Ermənistana Aralıq dənizinin limanlarına getmək və Avropaya mal daşımaq üçün çox qazanc gətirəcək” – deyə KİV-lərə bildirdi.
O əlavə etdi ki, iqtisadi sferada çalışanların hamısı Cənubi Qafqazdakı iqtisadi infrastrukturun blokdan çıxarılmasını gözləyir. İrəvan-Naxçıvan-Bakı-Moskva dəmir yolunun işə salınması ölkə iqtisadiyyatında böyük sıçrayışa səbəb ola bilər. Margara nəzarət-buraxılış məntəqəsi ilə Türkiyəyə gedən yol da müəyyən mənada vacibdir. Lakin Axuryan-Qars xəttinin daha böyük perspektivi var. Çünki bu, Aralıq dənizi limanlarına giriş imkanı verir”.
İqtisadi blokadadan çıxmaq üçün çağrışlar Ermənistanda getdikcə artır. Bu günlərdə deputat Andranik Köçəryan parlamentdəki çıxışı zamanı dedi ki, biz kapitulyasiyanı qəbul etməli və irəli baxmalıyıq. Tam məsuliyyət ölçüsünü başa düşməliyik və sonda nə qədər çətin də olsa, qalib tərəflə dialoq qurmağa cəhd etməliyik. Böyük müharibələrdən sonra bərpa prosesini keçən bütün ölkələr bu yolu gediblər. Deputat hesab edir ki, Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələrin qurulmasından sonra ölkənin mənzərəsini dəyişmək olar. Diplomatik münasibətlər bütün iqtisadi, hərbi risklərin hesaba alınmasına əsaslanmalıdır.
Köçəryanın çıxışından bir müddət əvvəl “Sputnik Armenia” Ermənistandakı dəmir yollarındakı vəziyyəti araşdırmışdı. Məlum olmuşdu ki, Ermənistanın dəmir yolları hazırda güzəştli şərtlərlə istismar üçün Rusiya Dəmir Yolları SC-nin törəməsi olan Cənubi Qafqaz Dəmir Yoluna verilib. Lakin Sovet İttifaqı dağılandan sonra Ermənistan dəmir yollarında əsaslı bir iş görülməyib. Yolun bir hissəsi hələ də çıxılmaz vəziyyətdə qalır.Amma Türkiyə tərəfinə çıxan yol nisbətən yaxşı vəziyyətdədir.İrəvan-Naxçıvan dəmir yolunda cari, Naxçıvan-Mincivan dəmir yolunda isə əsaslı təmirə ehtiyac var”.
Portal daha sonra yazır ki, dəmir yolundakı blok aradan qalxarsa, hər hansı bir Avropa yükü Qarsa, oradan da Axuryan stansiyasına çatdırıla bilər. Beləcə yüklərimiz Potidən daha rahat nəql edilə bilər. Naxçıvan vasitəsilə İrana və Azərbaycan üzərindən Rusiyaya (İcevan-Qazax qolu həmçinin) böyük çıxış imkanları əldə etmək olar. Bu isə Ermənistan iqtisadiyyatı üçün yeni eranın başlanğıcı ola bilər.
Göründüyü kimi, Ermənistan gec də olsa, reallıqlardan çıxış etməyə başlayır. Bu reallıqları Ermənistan cəmiyyəti nə qədər tez qəbul etsə, dinc qonşuluq şəraitində yaşamağa başlasa, itkiləri bir o qədər az olar. Amma Ermənistandakı siyasi böhran hələlik bu iqtisadi əməkdaşlığa imkan vermir. Bunun iki yolu var. Birincisi, Paşinyan istefaya getməlidir. Yeni gələn hökümət isə müharibə yaralarını sağaltmaq və ölkəni iqtisadi böhrandan çıxartmaq üçün qonşu dövlətlərlə iqtisadi əlaqələr qurmağa başlamalıdır. İkincisi, Paşinyan vəzifəsini qoruyub saxlayır və ölkədə siyasi sabitlik yaradır. Bundan sonra Ermənistan iqtisadi sıçrayış üçün qonşu ölkələrlə əlaqələrin bərpasına çalışır.
Surxay Atakişiyev,
KONKRET.az
