Azərbaycanda ipoteka kreditlərinin mövcud şərtləri uzun illərdir mənzil bazarında əsas müzakirə mövzusundan birinə çevrilib. Yüksək ilkin ödəniş tələbləri, aylıq kredit məbləğlərinin əhalinin gəlirləri ilə uyğunlaşmaması və uzunmüddətli maliyyə öhdəlikləri xüsusilə gənc ailələrin və orta gəlirli vətəndaşların mənzil sahibi olmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu vəziyyət bir tərəfdən sosial bərabərsizliyi dərinləşdirir, digər tərəfdən isə kirayə bazarına tələbatı artırır.
Bəs mövcud ipoteka şərtləri fonunda mənzil əlçatanlığının azalmasının əsas səbəbləri nələrdir və bu problemin həlli üçün hansı effektiv addımlar atıla bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, problemin kökündə bir neçə fundamental amil dayanır:

“İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanda ipoteka kreditləri üzrə ilkin ödənişin yüksək olması əhalinin böyük hissəsinin bu imkanlardan yararlanmasını çətinləşdirir. Orta aylıq gəlir səviyyəsi ilə müqayisədə həm ilkin vəsaiti toplamaq, həm də sonrakı aylıq ödənişləri qarşılamaq ciddi maliyyə çətinlikləri yaradır. Digər tərəfdən, mənzil qiymətlərinin son illərdə artması kredit yükünü daha da ağırlaşdırıb”.
İqtisadçı əlavə edib ki, ipoteka şərtlərinin sosialyönümlü olmaması da əsas problemlərdən biridir:
“Hazırkı mexanizmlər daha çox sabit və yüksək gəlirli şəxslər üçün əlçatandır. Halbuki gənc ailələr və orta gəlirli vətəndaşlar üçün xüsusi güzəştlər və daha çevik şərtlər tətbiq olunmalıdır. Əks halda, bu kateqoriyadan olan insanlar uzun illər kirayə bazarından asılı vəziyyətdə qalacaq.
İlk olaraq, dövlət tərəfindən ipoteka kreditləri üzrə ilkin ödənişin azaldılması və ya subsidiyalaşdırılması mexanizmi genişləndirilməlidir. Eyni zamanda, faiz dərəcələrinin aşağı salınması və kredit müddətlərinin daha çevik şəkildə tənzimlənməsi vacibdir. Bundan əlavə, sosial mənzil layihələrinin artırılması və tikinti sektorunda qiymətlərin sabitləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Gəlirlərin artımı ilə bağlı ümumi iqtisadi siyasət də bu məsələdə həlledici rol oynayır.
Əgər həm maliyyə alətləri, həm də sosial siyasət paralel şəkildə inkişaf etdirilməzsə, mənzil əlçatanlığı problemi daha da dərinləşə bilər”.
Beləliklə, mövcud ipoteka şərtləri fonunda mənzil sahibi olmaq bir çox vətəndaş üçün çətin olaraq qalır. Dövlətin bu sahədə atacağı addımlar isə həm sosial rifaha, həm də iqtisadi sabitliyə birbaşa təsir göstərəcək.
Aynurə İsmayıl
KONKRET.az
