“Ermənistanın hərbi-siyasi dairələri yenidən qisasa hazırlaşır” – SENSASİON AÇIQLAMAbackend

“Ermənistanın hərbi-siyasi dairələri yenidən qisasa hazırlaşır” – SENSASİON AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatlardan sonra müvəqqəti eskalasiya elan edilsə da, hadisələrin necə cərəyan edəcəyi sual olaraq qalır. Bir çoxları bu sakitliyin arxasında çox böyük hadisələrin dayandığını və düşmənin təxribatlarının yenidən baş qaldıracağını proqnozlaşdırırlar. Bəs görəsən nisbi sakitlik regionun təhlükəsizliyinə təhdid yarada bilərmi? Bu eskalasiya çox böyük hadisələrin olacağına işarədir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki,  hazırda Ermənistanın hərbi-siyasi dairələri yenidən revanşa (Məğlubiyyətə görə alınan qisas) hazırlaşır: “Təsadüfi deyil ki, Azərbaycan bütün variantları nəzərdən keçirir və istənilən ssenarinin gerçəkləşməsinə hazır olduğunu bəyan edir. Ermənistan növbəti dəfə Azərbaycana təcavüz etdi. Artıq burada söhbət Qarabağdan getmir. Çünki 2-3 avqustda baş verən hadisələrdə biz ermənilərə sübut etdik ki, düşmənin hər bir həmləsinə adekvat cavab verə bilərik. Bir şəhid verdik amma əvəzində 40-dan çox erməni yaraqlısı məhv edildi. İndiki məqamda Ermənistanda Rusiyadan və KTMT-dən uzaqlaşmağı və Qərbə yaxınlaşmağı zəruri hesab edirlər ki, yenidən Azərbaycana qarşı təxribat törətsinlər. Bunu isə Qərbdən silahlanmaqla həyata keçirmək niyyətindədirlər. Rəsmi Bakı isə bütün proseslərin hamısını nəzarətdə saxlayır. Çünki biz bölgədə həm dominant ölkəyik, həm geniş imkanlarımız var, həm də Ermənistan və onun havadarlarının cavabını vermişik.  Əgər Ermənistanın hərbi və siyasi qüvvələri Qərbdən silahlanmanı və dəstək almağı gündəmə gətirirlərsə, deməli yenidən təxribatlara əl atacaqlar. Biz isə onların atdığı addımın hər birinin cavabını verəcəyik”.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - "İki  sahil"

Tofiq Abbasovun sözlərinə görə, Qərb Ermənistanı öz təsir dairəsinə salmağı qarşıya məqsəd qoyub: “Məsələn, 2008-ci ildə Qərb Gürcüstanı hücuma təhrik etdi və onun arxasında dayanacağını vurğuladı. Lakin sonradan Rusya ilə sövdələşməyə gedərək bundan boyun qaçırdı və Gürcüstan öz ərazilərini itirdi. Daha sonra Ukraynanı müharibəyə təhrik etdi. Amma yenə də öz sözünü tutmayaraq rəsmi Kiyevi tək qoydu. Qərbə lazım olan postsovet məkanında hərc-mərclik və xaos yaratmaq, millətləri bir-birinə qırdırmaqdır. Onlar isə bundan istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışırlar. Ermənistanın son təxribatlarının arxasında da ABŞ, Fransa və Kanada dayanır. Onlar Azərbaycan və Türkiyəyə problem yaratmaq istəyirdilər. Lakin biz bütün bunların qarşısını aldıq. Qərb isə anlamalıdır ki, artıq millətlər öz suveren hüquqlarını bərpa edirlər və bu cür təxribatlara əl atmaq əbəsdir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*