
Bu “facebook”un yayı daha maraqlıdır. Qış aylarında paylaşımlarına erkək milçək qonmayan bəzi qadınlar yayda bir-iki “həyəcanlı” şəkil paylaşan kimi respublikada qanında testestron olan bütün canlı orqanizmlər tökülüşür onun səhifəsinə. Bir qrup pensioner də var ki, belə səhifələrin göz muncuqlarıdır. Əksəriyyəti prostatla mübarizədə çoxdan məğlub olublar. Sadəcə virtual “erkəklik” edirlər. Desələr ki, qız səni Suraxanı qəbiristanlığının arxasındakı dərədə “Kamaz” şoferlərinin yığışdığı qarajın yanındakı kafedə gözləyir. Yolda istidən öləsidir. Gedib çıxa bilməyəcək. Çoxu da özünü çətinə salmır. Hazır “romantik” misraları şappıldadırlar rəy yerinə, ya da ürəkli-mürəkli öpüşlü smayliklər. Bu xanım da cavabında bir triplər atır, bir vəhşi pişik obrazı yaradır, gəl görəsən. Elə bil bütün qışı milçək ovluyan bu deyildi?! “Mən seçərəm, seçilmərəm”, “İnboxa yazmayın bezdim”, “Oxunmamış 5555 mesaj hahaha”, “Uzaqdan baxın, yaxından yandıra bilərəm”…
Arada da “inbox”da ağzının seliyini axıdan ağzıqara bir yeniyetmənin yazdıqlarını “print screen” edib paylaşmaqla özünə ucuz xallar qazanır. Nədənsə heç biri imkanlı, varlı-hallı kişilərin bunlara yazdıqlarını screen etmirlər?!
Özümüzünkülər bir qırağa. Türkiyənin Iğdır vilayətinin Kamışlı köyündən yazan “dalnoboyşikin” uzaq mənzilli “podxodu” daha maraqlı olur.
“Maaşallahı var ablamızın. Bir millet iki devletiz biz. Güzel ablamıza hayırlı akşamlar” filan. Bunlar da səhər qardaş, axşam oğraş çıxanlardandır…
