“Günahkar birmənalı olaraq valideyndir” – Təhsil eksperti Elçin Əfəndi ilə MÜSAHİBƏbackend

“Günahkar birmənalı olaraq valideyndir” – Təhsil eskperti Elçin Əfəndi ilə MÜSAHİBƏ

Bakıdakı 156 saylı tam orta məktəbin bir qrup qız şagirdinin məlum videosu cəmiyyətdə növbəti şok effekti yaradıb.

KONKRET.az bu xoşagəlməz olayla bağlı təhsil üzrə ekspert Elçin Əfəndi ilə söhbət edib.

– Məlum video yayılandan fikirlər haçalanıb. Biri ailəni, digəri məktəbi, başqası cəmiyyəti ittiham edir. Sizcə, belə davranışın günahı kimdədir: valideyndə, məktəbdə və ya cəmiyyətdə?

– Dünən baş verən hadisə cəmiyyət tərəfindən birmənalı qarşılanmır və ikrah hissi doğurur. Təəssüfləndirici məqamdır. Günahkar birmənalı olaraq valideyndir və məsuliyyət onun üzərindədir. Təbii ki, söhbət bu cür övladların valideynlərindən gedir. Çünki hər şey, ilk növbədə, valideyndən asılıdır. Valideyn erkən yaş dövründə, xüsusilə də 1–5 yaşlararası mərhələdə övladını düzgün tərbiyələndirməlidir. Övladları ilə daha çox vaxt keçirməli, ilkin tərbiyəvi bilikləri onlara aşılamalıdır. Tədbiyənin formalaşmadığı, valideynin övladı ilə şiddət üsulunda danışdığı, övladının yanında söyüş söydüyü halda, belə davranışın ağır fəsadlarına təkcə valideyn deyil, həm də məktəb və bütün cəmiyyət məruz qalacaq. Necə ki, biz indi bunun şahidiyik.

– Bəs cəmiyyətin günahı nədədir?

– Cəmiyyətin günahı ondan ibarətdir ki, müəyyən məsələlərə adekvat münasibət göstərmir. Biz yalnız hadisə baş verəndə reaksiya veririk. Halbuki, tələb etməyi bacarmalıyıq. Məsələn, bu gün Azərbaycan cəmiyyətini televiziyalar yaman günə qoyub. Efirlərdə bayağılığı, qeybəti təbliğ edən, həyatın dibini əks etdirən verilişlər təqdim olunur. İnsanların psixologiyası tarmar edilir. Üzr istəyirəm ifadəmə görə, gic-gici verilişlərin təbliğ və təlqin olunması cəmiyyətin alt şüuruna hopur. Belə informasiyalarla cəmiyyət qeybət sərhədini keçə bilmir.

Biz belə hallara qarşı qətiyyətlə çıxmalıyıq. Müəllim-valideyn tandemi cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıdıqlarının fərqinə varmalıdır. Təəssüflər olsun ki, biz hər hansı prosesdə dərhal müəllimi və məktəbi günahlandırırıq.

– İnformasya texnologiyalarının bu məsələlərdə rolu nə qədərdir?

-Son dövrdə informasiya texnologiyasının hədsiz inkişafı, xüsusilə də azyaşlı uşaqların müəyyən platformalardan daha çox istifadə etmələri bu cür neqativ hallara gətirib çıxarır. Çünki məktəbyaşlı şagirdlər həmin platformalarda rastlaşdıqları  neqativyüklü informasiyaları və görüntüləri həyatda təkrarlamaq niyyətinə düşürlər. İndi valideynlərin əksəriyyəti pullarını övladının təhsilinə, müəyyən bilik və bacarığının formalaşmasına deyil, təəssüf ki, onun mobil telefonuna, kompüterinə, əyləncəsinə xərcləyir. Bu gün əllərində 3,4 və ya 5 min məbləğində bahalı telefon gəzdirən məktəblilər var. Halbuki onlar 3-cü, 4-cü, hətta 1-ci sinifdə oxuyurlar. Biz uşaqlara bu bahalıqda telefonları verdiyimiz zaman, əlbəttə ki, həmin uşaqlar dərsdən kənar həyata meyllənəcəklər. Sosial platformalarda gördükləri, şahidi olduqları davranışa uyğun hərəkət etməyə başlayacaqlar. Təəssüflər olsun ki, valideynlər bunu dərk etmirlər. Belə vəziyyətdə acınacaqlı durumu müşahidə edirik.

– Yaranmış durumla bağlı hansı tədbirlər görülməlidir?

– Bu gün müvafiq dövlət qurumları birbaşa insanlarla və ailələrlə işləməlidirlər. Buraya Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar aiddir.

Tədbirlər görmək üçün valideyn-müəllim, valideyn-məktəb kommunikasiyası düzgün şəkildə qurulmalıdır. Hər hansı durumda valideyn müəllimin üzərinə getməməlidir. Valideyn və müəllim öz vəzifələrini və funksiyalarını dərindən bilməlidir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*