Soyuq ömrü molekulyar səviyyədə uzada bilər: alimlər bu prosesin mexanizmini üzə çıxarıblarbackend

Soyuq ömrü molekulyar səviyyədə uzada bilər: alimlər bu prosesin mexanizmini üzə çıxarıblar

Soyuq mühitin insan ömrünü uzatmasına kömək edə biləcəyi ehtimalı uzun müddətdir müzakirə olunur. İndi isə alimlər bu prosesin molekulyar səviyyədə necə baş verdiyini aydınlaşdırmağa nail olublar.

Köln Universitetinin tədqiqatçıları “Nature” elmi jurnalında dərc olunan araşdırmada soyuğun yalnız orqanizmi passiv şəkildə “donduraraq” maddələr mübadiləsini ləngitdiyi barədə mövcud təsəvvürü şübhə altına alıblar.

Məlum olub ki, mülayim soyuq orqanizmdə aktiv müdafiə mexanizmini işə sala bilər. Belə şəraitdə əzələ toxumaları xüsusi fermentin istehsalını artırır. Həmin ferment isə dihidrobiopterin adlı metabolitin yaranmasını stimullaşdırır.

Bu maddə qan dövranı vasitəsilə digər toxumalara çataraq hüceyrələrdə zədələnmiş və funksiyasını itirmiş zülalların təmizlənməsi prosesini gücləndirir. Hüceyrələrin bu cür “təmizlənməsi” orqanizmin sağlam qalması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki zədələnmiş zülalların zamanla toplanması qocalma prosesində müxtəlif problemlərə, o cümlədən ağır neyrodegenerativ xəstəliklərə səbəb ola bilər.

Alimlər kəşflərini təcrübələrdə də sınaqdan keçiriblər. Onlar model orqanizmlərdə bu metabolitin səviyyəsini süni şəkildə artıraraq, onları həqiqətən soyuğa məruz qoymadan belə ömrü əhəmiyyətli dərəcədə uzada biliblər. Laboratoriya şəraitində insan hüceyrələri üzərində aparılan sınaqlar da ümidverici nəticələr göstərib: tətbiq olunan üsul hüceyrələri məhv olmaqdan qoruyub.

Bununla belə, tədqiqatçılar insanları soyuqda ekstremal sınaqlara çağırmırlar. Onların sözlərinə görə, güclü soyuq stresi, əksinə, ürək-damar sisteminə ciddi zərər verə bilər.

Araşdırmanın əsas məqsədi soyuğun orqanizmdə yaratdığı faydalı molekulyar təsiri təqlid edə biləcək dərman hazırlamaqdır. Belə bir preparat gələcəkdə insanlara soyuğa məruz qalmadan, rahat və isti şəraitdə də həmin qoruyucu mexanizmdən faydalanmaq imkanı verə bilər.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*