
Abşeron rayonu paytaxtın əhalisi ən sıx olan ərazilərindəndir. Bu rayon o qədər
önəmlidir ki, Prezident İlham Əliyevin imzaladığı regionlarin sosial – iqtisadi inkişafina dair bütün dövlət proqramlarına (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) daxil edilib. Bu proqramların icrasına dair ölkə başçısı qarşısında verilən hesabat cıxışlarının məzmunu isə aşağıdakı kimidir: “2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yuksək səviyyəyə cıxmasına səbəb olmuşdur”. Əslində hesabat cıxışlarında olduğu kimi də olmalıdır, çünki ölkə başçısının da əsas tələbi və proqramın mahiyyəti iqtisadi sahələrlə yanaşı, kənd və qəsəbələrdə infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olmalı idi. Ancaq görünən mənzərə tam başqadır. 2004-cü ildən 15 il keçməsinə baxmayaraq, rayonda kənd və qəsəbədaxili yol örtüyü yox səviyyəsindədir. Həmçinin kanalizasiya əvəzinə onun funksiyalarını yerinə yetirən “şambo” deyilən vasitədən istifadə olunur. Məişət tullantıları isə yer evlərinin hasarlarından asılır. (Bu, yerli icra və bələdiyyə nümayəndələrinin yeni “icadı”dır). Məişət tullantıları həftədə 2
dəfə vətəndaş
tərəfindən aylıq 3 AZN ödənmək müqabilində daşınır, ancaq onlar gələnədək sahibsiz küçə it-pişikləri “bu işi icra edirlər”. Hər yana dağılmış tullantılar üfunət iyi verir, natəmizlik yaradır.
Bu da vətəndaşa göstərilən xidmət, bu da ölkə başçısının tələblərinə olan münasibət! Əksər müşavirələrdə prezident tərəfindən vurğulanır ki, məmur vətəndaşın, xalqın xidmətçisidir. Görunən odur ki, məmurlarımız xidmət anlayışını belə qavrayırlar.
Elman Məmmədov,
Konkret.az
