Havalar kəskin istiləşəcək – Normadan artıq…backend

Havalar kəskin istiləşəcək – Normadan artıq...

Ölkənin müxtəlif ərazilərində müşahidə olunan intensiv yağışlar, qeyri-sabit hava şəraitindən sonra yay aylarının daha isti keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə iyul və avqust aylarının daha isti keçəcəyi bildirilir.

Bəs qarşıdakı aylarda Azərbaycanda hava şəraiti necə olacaq?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən AMEA Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, bu il mart ayından başlayaraq yağıntılar, o cümlədən regionda, xüsusilə Xəzər ətrafı Azərbaycanın regionlarına normadan artıq yağıntı düşüb.

Onun sözlərinə görə, iyunun sonu, iyulun əvvəli, avqust ayı da daxil olmaqla, havanın kəskin istiləşməsi gözlənilir: “Bu, Sakit okeanın ekvatorial hissəsində baş verən “El-Nino” hadisəsi ilə əlaqələndirilir. Ümumi halda Sakit okeanın ekvatorial hissəsində passat küləkləri əsir. Şimal yarımkürəsində şimal-şərqdən ekvatora doğru, Cənub yarımkürəsində isə cənub-şərqdən ekvatora doğru küləklər əsir. Bunların birləşməsi nəticəsində həmin ərazilərdə çoxlu yağıntılar düşür. Bəzi ərazilərdə həmin yağıntıların miqdarı 20 mm-ə qədər ola bilər. Eyni zamanda passat küləkləri nəticəsində Cənubi Amerika sahillərində qızmış su təbəqəsini şərqdən qərbə doğru qovur əvəzinə isə okeanın dərinliklərdən daha sərin su yuxarı qalxır ki, bu da upwelling (yuxarı doğru axın) hadisəsi adlanır. Bu, adi bir haldır, dünya üzrə havanın temperaturunun yüksəlməsinin qarşısını alır. Lakin bəzən elə olur ki, o küləklər öz istiqamətini dəyişir. Artıq qərbdən şərqə doğru, yəni Sakit okeanın mərkəzində atmosfer təzyiqi daha böyük olur. Cənubi Amerika sahillərində təzyiq aşağı olduğu üçün külək qərbdən şərqə doğru əsdiyi üçün mərkəzi ekvatorial zonada, Sakit okeanda olan qızmış hava kütlələri Cənubi Amerika sahillərinə doğru irəliləyir və həmin Sakit okeanın qızmış suyun temperaturu Cənubi Amerika sahillərinə doğru yönəlir və havanı da qızdırır. Cənubi Amerika sahillərində suyun belə qızması oksigenin buxarlanmasına və suyun keyfiyyətinin aşağı düşməsinə səbəb olduğu üçün orada balıqların bir hissəsi də qırılır”.

S.Səfərov qeyd edib ki, bəzi ərazilərdə, o cümlədən Azərbaycanın ərazisində, Qafqazda, Rusiyanın bir sıra ərazilərində yağıntıların artması müşahidə olunur, sonrakı aylarda isə əksinə olaraq Sakit okeanda qızmış həmin bu suyun atmosferə verdiyi istilik ümumi atmosfer sirkulyasiyası ilə dünyanın müxtlif ərazilərinə yayılır ki, bu da ümumi qlobal temperaturun artmasına səbəb olur: “Bu temperaturun nə dərəcədə artmasından asılıdır. Sakit okeanın ekvatorial hissəsinin qərbində olan təzyiqlə Cənubi Amerika sahillərindəki su üzərində hökm sürən təzyiq nə qədər böyük olarsa bu effekt bir o qədər böyük olar. Buna “El-Nino” hadisəsi deyilir. Bunun nəticəsində də proqnozlaşdırılır ki, qlobal temperatur təxminən iki dərəcədən çox normadan yuxarı olacaq. Azərbaycanda isə dərəcənin nə qədər yüksələcəyini dəqiq demək mümkün deyil. Hər halda normadan bir yarım dərəcə çox olacaq. Bu proqnozu verənlər hesab edirlər ki, əvvəlki illərdən daha çox hiss olunacaq. Ancaq yay istiliyi həddindən artıq çox ola bilər. Çünki martdan başlayaraq indiyə qədər havanın temperaturu normadan aşağıdır. Yay aylarında elə isti olacaq ki, artıq o illik normaya çatacaq, hətta illik normanı da ötə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*