“Hazırda məlumatları toplayırıq” – Namizədlər seçki prosesindən razı qalıbmı?backend

“Hazırda məlumatları toplayırıq” – Namizədlər seçki prosesindən razı qalıbmı?

Məlum olduğu kimi, dünən Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. 125 deputat mandatı uğrunda 990 nəfər namizəd və 25 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə görə, artıq dairələr üzrə qaliblərin adları da açıqlanıb.

Namizədlər səsvermə prosesindən razı qalıblarmı?

KONKRET.az tanınmış deputatlığa namizədlərdən bir neçəsinin fikirlərini öyrənib.

10 saylı Binəqədi III Seçki Dairəsindən namizədliyini irəli sürmüş və ilkin nəticələrə görə deputat adını qazanmış Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev prosesin şəffaf keçdiyini deyib:

“Təşviqat prosesimizi seçki kampaniyasının tələblərinə uyğun apardıq. Vətəndaşlar arasında sorğu keçirilsə, bunu onlar da təsdiq edərlər. Səsvermənin nəticələri də bunu göstərdi. Seçkilər yüksək səviyyədə baş tutdu. Heç bir kənar müdaxilə olmadı. Əhali mütəşəkkil səviyyədə səsverməyə gəldi. Hər birinə təşəkkür edirəm. Nəticədə BAP parlament partiyası oldu”.

33 saylı Xətai I Seçki Dairəsindən namizədliyi REAL partiyası tərəfindən irəli sürülmüş Natiq Cəfərli seçici fəallığının aşağı olduğunu deyib:

“Seçki prosesində ən yadda qalan məqam iştirakçılığın aşağı olması idi. Hökumət inzibati resurslardan həddindən çox istifadə etdi. Reallığa qaldıqda isə əhalinin çox cüzi hissəsi səsverməyə gəlmişdi. Bu, hökumətin, müxalifətin, vətəndaş cəmiyyətinin günahıdır. Bundan hər kəs siyasi dərs çıxarmalıdır. Bu gələcək üçün müsbət nəsə vəd etmir. Nəticələrə gəldikdə isə müəyyən məntəqələrdə bizə qarşı problemlər yaradıldı. Hazırda məlumatları toplayırıq. Ümumilikdə seçkilərin hüquqi nəticələrini tanıyırıq”.

122 saylı Xankəndi Seçki Dairəsindən deputat seçilən müstəqil namizəd Tural Gəncəliyev qeydə alınan nəticələrdən qürur duyduğunu bildirib:

“Mənim üçün seçkilərdə iştirak və qalib gəlmək qürurverici oldu. Allah ölkəmizin ali rəhbərliyini qorusun, şəhidlərimizin ruhunu şad etsin. Seçki olduqca yaxşı keçdi. Bundan sonra Xankəndi sakinlərinin bütün problemlərini hər zaman olduğu kimi müvafiq qurumların qarşısında qaldıracağıq. Qürurluyuq, yeni dövrün tələblərinə cavab verən deputat olmağa çalışacam”.

19 saylı Nərimanov I Seçki Dairəsindən deputat seçilən Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Məmmədov (Babaoğlu) isə qarşılarında mühüm vəzifələrin olduğunu açıqlayıb:

“Dünənki seçkilər Azərbaycan demokratiya tarixində yeni səhifə açdı. Çünki seçicilər ilk dəfə işğaldan azad olunmuş ərazilərdə öz deputatlarını seçirdilər. Bu olduqca mühüm hadisədir. Həmçinin vurğulamaq lazımdır ki, ölkəmizdə qeydiyyatda olan 26 partiyadan 25-i seçkilərdə iştirak edib. 11 partiya isə parlamentdə yer qazanıb. Bu, bir daha Azərbaycan demokratiyasının göstəricisidir. Bizim qarşımızda vacib vəzifələr var. Şühbəsiz ki, Milli Məclisin əsas funksiyası qanun qəbul etməkdir. Azərbaycanda siyasi və iqtisadi reallıqlar yaranıb. Buna uyğun da yeni qanunlar qəbul olunacaq. Parlament diplomatiyası milli xarici siyasətimizin əsas kompanentlərindən biri kimi çıxış edir. Əminəm ki, bu sferada yaxşı işlər görə biləcəyik”.

Deputatlığa namizəd, müstəqil jurnalist Fuad Abbasov isə nəticələrin saxtalaşdırıldığını iddia edib:

“Dünənki seçkilər əvvəlkindən fərqlənmədi. Hər şey olduğu kimi davam edir. Hər yola əl atdılar, saxtakarlığa, “karusellər”ə şərait yaratdılar. Vətənimizə, millətimizə xeyirli olsun. Təəssüflər olsun ki, seçiləcək deputatların bir müddət öncə xarici mediada dərc olunmuş siyahısı öz təsdiqini tapdı. Bu, sadəcə biabırçılıqdır. Heç olmasa, 125 dairədən 25-də normal seçki olsaydı, növbəti seçkilərlə bağlı az da olsa inam yaranardı”.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*