Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan azərbaycanlı KİMDİR? – FOTOLAR/VİDEObackend

Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan azərbaycanlı KİMDİR? – FOTOLAR/VİDEO

Dünyanı cənginə alan pandemiya və müharibələr onları nisbətən unutdurub. Amma heç bir halda diqqətdən kənarda qala biməzlər. Çünki ölkəmizin dünyada tanıdılmasında, bayrağımızın yüksəldilməsində xidmətləri az deyil. Üçqat dünya çempionu, İslam oyunlarının gümüş mükafatçısı, MMA döyüşçüsü, dünya şöhrətli Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan 27 yaşlı azərbaycanlımız Bayram Şəmmədov kimi…

Əslində bu gənci, bəlkə də, çoxlarımız heç tanımırıq da. Amma onun idman sahəsindəki uğurlarını saymaqla qurtarmaq olmaz. Xüsusən də, MMA idman növündəki inadlı qələbələri bütün Azərbaycan gəncliyi üçün sözün əsl mənasında böyük bir nümunə və motivasiya hesab oluna bilər.

KONKRET.az bunu nəzərə alaraq Bayram Şəmmədovla geniş müsahibə hazırlayıb.

Beləliklə…

– Bayram, idmana nə vaxtdan başlamısınız?

– Mən 9-10 yaşlarımdan etibarən idmanla məşğul olmağa başlamışam. Bu da sırf öz marağımla bağlı olub. Yəni heç kimin tövsiyəsi ilə bu yolu seçməmişəm. Əksinə, yadıma gəlir ki, valideynlərim bəzən məni bu yoldan çəkindirmək də istəyiblər. İdmanda hər hansı zədə alacağımdan ehtiyat ediblər. Hətta havalar yağışlı-qarlı olanda mənə “hava çox soyuqdur, məşqə getmə” də deyiblər. Amma heç nəyə baxmayaraq, mən idmandan ayrılmamışam. Qarlı-şaxtalı havada məşqə piyada getdiyim günlər də olub.

– Hansı uğurlara imza atmısan?

– İndiyə qədər bir çox yarışlara qatılmışam. 5 dəfə respublika, 5 dəfə Bakı, 3 dəfə dünya çempionu olmuşam. 2014-cü ildə uşu sanda idman növü üzrə gənclərin olimpiadasında və 2017-ci ildə Bakıda keçirilən İslam oyunlarında ikinci yerə çaxaraq, gümüş medal qazanmışam. Həmçinin, professional MMA döyüşlərində 9 qələbəm, 3 məğlubiyyətim olub.

– Bayram, bəs peşəkar MMA döyüşçüsünə necə çevrildin?

– Mən təxminən yeniyetmə yaşlarımda Aqşin Babayev, Heydər Məmmədəliyev, İbrahim Məmmədəliyev kimi idmançıları izləyirdim. O vaxt onlar professional döyüşçü idilər. Onlara baxıb fikirləşirdim ki, yaşım çatsaydı, mən də onlar kimi döyüşərdim. Bu idman növündə kişilər arasında peşəkar döyüş 18 yaşdan sonra başlayır. Buna baxmayaraq, mən elə 16-17 yaşımdan döyüşməyə başladım.

– Nəyə görə bu idman növü “qaydasız döyüş” adlanır?

– “Qaydasız döyüş” deyəndə bir az kobud səslənir və çoxları elə bilir ki, necə gəldi döyüşmək olar. Amma əslində elə deyil. MMA bir idman növüdür və onun da öz qaydaları var. Məsələn, başın arxasından vurmaq, barmağı gözə salmaq və s. olmaz.

– Maraqlıdır ki, uşaqlıqda necə bir xarakterdə olmusan: çılğın, davakar, yoxsa sakit?

– Səmimi deyim ki, uşaqlıqda məhəlləmizdə hərdən dava eləmişəm. Amma bir müddətdən sonra – özümü dərk edəndən demək olar ki, heç kimlə əlbəyaxa olmamışam. Biz sözümüzü həmişə idman arenalarında deyirik. Yəni kimisə vurmaqla, dava eləməklə özünə düşmən qazanmaqdan heç nə əldə edə bilməzsən.

– Sonuncu döyüşlərini necə xatırlayırsan?

– Axırıncı döyüşüm Qazaxıstanda olub. Sonuncu – 9-cu qələbəmi də orada qazanmışam. Döyüş çox çətin oldu, hətta baş barmağımdan ciddi zədə də aldım. Buna baxmayaraq, iki raundu axıra qədər döyüşdüm. Ayaq üstə döyüşən idmançı olsam da, üstünlüyü güləşməyə, tutub saxlamağa, yerdə döyməyə verdim və qalib gəldim.

Ondan bir döyüş əvvəl isə Eagle FC-də vuruşmuşam. O da Həbib Nurməhəmmədovun qurduğu təşkilatın döyüşləri idi. Orda da Həbibin tələbəsini – Şamil Məhəmmədovu nokaut etdim.

– Ən böyük hədəfin nədir?

– Hədəfim UFC-də vuruşmaqdır. Həmin döyüşlərdə Həbib Nurməhəmmədov, Konor Makqreqor kimi idmançılar vuruşur. Onlara baxanda çox həvəslənirəm. Xüsusən də Konor kimi ayaq üstə döyüşdüyümə görə istəyərəm ki, o döyüşlərə qatılım. İndiyə qədər Azərbaycandan o döyüşlərdə iştirak edən olmayıb. Amma mənim hədəfim ora qatılmaqdır.

– Qazandığın uğurlarda özünü kimlərə borclu hesab edirsən?

– Bu pilləyə çatmağımda əziyyəti olan müəllimlərimə – Heydər Məmmədəliyev, İbrahim Məmmədəliyev və adlarını çəkmədiyim bir çox məşqçilərimə mənə verdikləri dəstəyə görə çox minnətdaram.

– Gənclərə sözün nədir?

– Gənclərə ancaq onu deyə bilərəm ki, mütləq idmanla məşğul olsunlar. Təəssüf ki, indi cəmiyyətdə narkomaniya halları çoxalıb, gənclər arasında pis vərdişlər artıb. Tövsiyə edərdim ki, belə neqativlərdən uzaqlaşsınlar, idmanla məşğul olsunlar ki, həm bədənləri sağlam olsun, həm də gələcəkləri…

 

Hazırladı: Sevinc Paşayeva
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*