Amerikalı milyarder, azyaşlı qız uşaqlarını fahişəliyə cəlb etməkdə günahlandırılan Cozef Epşteyn kamerasında yarıbayğın vəziyyətdə tapılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həbsxana məmurları onu “embrion pozası”nda uzanmış halda aşkar ediblər.
“NBC New York” telekanalının məlumatına əsasən, milyarderin özünə qəsd etmək istədiyi ehtimal olunur. Lakin bəzi ekspertlər onun bununla qaldığı yerdən köçürülməyə nail olmaq istədiyini deyirlər.
Gələn xəbərlərdə Epşteynə hücum edilməsi variantının da istisna edilmədiyi göstərilib. Bununla bağlı milyarderin həbsxana yoldaşı, hazırda 4 adamı öldürməkdə və narkotik maddələr yaymaqda təqsirləndirilən Nikolas Tartalyone adlı keçmiş polis sorğu-suala tutlub. Lakin Tartalyone heç bir şey görmədiyini və etmədiyini söyləyib.
Hər iki məhbusun vəkilləri həbsxanada pis şəraitdən şikayətləniblər.
Xatırladaq ki, Cozef Epşteynə qarşı irəli sürülən ittihamda onun 2002-2005-ci illərdə özünün Nyu-Yorkdakı və Floridadakı malikanələrində azyaşlı qızlara pul ödəyərək, onlarla cinsi əlaqəyə girdiyi bildirilir. Onların bəzilərinin yaşı 14-ü keçməyib.
Milyarderin bundan başqa həmin qızları müəyyən məbləğ müqabilində başqalarına peşkəş etdiyi və onları fahişəliyə cəlb etdiyi vurğulanır.
Bu ilin iyul aynda Nyu-Yorkun Manhetten rayon məhkəməsi hazırlıq iclasında Cozef Epşteyni məhkəmə istintaqı davam etdiyi müddətdə girov müqabilində azadlığa buraxmaqdan imtina edib.
Cozef Epşteyinin ABŞ-ın hazırkı prezidenti Donald Trampla dost olduğu bilinir.
