Gürcüstanda azərbaycanlıların təhqir olunması, aramsız baş verən mitinqlər… – Azər Süleymanov – MÜSAHİBƏbackend

Gürcüstanda azərbaycanlıların təhqir olunması, aramsız baş verən mitinqlər... - Azər Süleymanov - MÜSAHİBƏ

Bildiyiniz kimi, son günlər Gürcüstan azərbaycanlılarının problemləri bitmək bilmir. Koronavirus pandemiyasının yaratdığı çətin və acınacaqlı durum isə ən çox onlara təsir edib. Belə bir zamanda Gürcüstanda hökumət və ayrı-ayrı şəxslər tərəfindən soydaşlarımıza qarşı başladılan ədalətsiz kampaniyadan hamı kimi biz də nigaranıq. 

Son günlər baş verən proseslərlə bağlı Gürcüstan Respublikasının ictimai-siyasi xadimi, Gürcüstan parlamentinin deputatı Azər Süleymanovun KONKRET.az-a müsahibəsini təqdim edirik:

— Azər bəy, Marneuli və ətrafında vəziyyət necədir? Soydaşlarımıza qarşı bu ögey münasibətin, həmçinin ard-arda baş verən aksiyaların səbəbi nədir?

— Əvvəla onu qeyd edim ki, koronavirus pandemiyası dünyanın hər yerində olduğu kimi, Gürcüstandan da yan keçmədi. Çox təəssüflər olsun ki, ölkədə pandemiya məsələsi gündəmə gələndən azərbaycanlılara qarşı xoşagəlməz hadisələr yaşanmağa başladı. Marneuli rayonu karantinə ilk düşən rayon oldu. Dərmanı hələ də tapılmayan bu xəstəliyə qarşı mübarizədə biz də karantin məsələsi ilə razıydıq. Çünki biz narahat idik ki, burada yayılarsa, əhalimiz üçün fəlakət olar. Karantindən əvvəl İrandan Azərbaycan vasitəsilə ölkə ərazisinə bir neçə azərbaycanlı daxil oldu. Onlar sərhədi keçəndə yoxlanan zaman birində yüksək temperatur aşkarlandı və karantinə alındılar. Bundan sonra başladılar ki, Gürcüstana pandemiyanı azərbaycanlılar gətirib. Maraqlısı budur ki, həmin adamın testinin nəticəsi neqativ çıxdı və məlum oldu ki, o, koronavirus yox, adi qrip imiş. Həmin şəxsi karantindən evə buraxdılar və o, bu gün də rahat şəkildə hərəkət edir. Ondan sonra 62 yaşlı bir xanımı da koronavirus şübhəsi ilə karantinə aldılar. O xanımın səhhətində uzun illərdir çox ciddi problemlər var idi. Yəni bu problemlərindən əziyyət çəkdiyi üçün onsuz da hər il müalicə alırdı.  Sadəcə gördülər ki, başı sahibsiz insandır, yaxınları yoxdur bundan istifadə edib ona koronavirus diaqnozu qoydular. Bunun səhəri isə bütün rayonu karantinə aldılar. Bir şeyi də deyim biləsiniz, o xanım yas mərasimində həmin gün aşpazlıq edirdi. Çox insanla təmasda olduğu üçün yas məhləsini də xüsusi olaraq karantinə aldılar. Lakin orada olan heç kimdə koronavirus aşkarlanmadı. Bu günə qədər də Marneulidə koronavirusa yoluxan yoxdur. Buna baxmayaraq, Marneuli üçün karantini daha da sərtləşdirdilər, Tbilisi ilə əlaqələrimizi kəsdilər, insanlar məhsullarını bazara çıxara bilmədi, rayona giriş-çıxış bağlandı. Uzun sözün qısası, burada həyat tamamilə dayanıb. Mitinqlər də buna görə başladı ki, karantin rejimini yumşaltsınlar. Bu gün də Aşağı Sarvan kəndində və Qaçağanda mitinqlər davam edir. Dövlət isə karantini yumşaltmaq əvəzinə yardımları biznesmenlərin əlindən alıb özü paylamağa başladı. Yardımlar həqiqi ehtiyac sahiblərinə yox, özlərini dəstəkləyən və ya özlərinə yaxın olan adamlara paylandı. Azərbaycanlılardan ərzağı qat-qat ucuz qiymətə alıb, Tbilisidə baha qiymətə satırlar. Əgər insanlar bu məhsulları normal qiymətə sata bilməsələr, bank kreditlərini verə bilməyəcəklər, evləri girovdadır. Bu il insanlar üçün əhəmiyyət kəsb edir. Qarşıdan gələn il onlar üçün çox çətin ola bilər. Açıq danışmaq gərəkdirsə, vəziyyət acınacaqlıdır. İnsanlar artıq yaşamaq ümidini itiriblər, çıxış yolları yoxdur və dövlət də heç bir yardım etmək istəmir.

Bu günlərdə Tbilisidə tender elan olundu. Tbilisidən kənd təsərrüfatı mallarını aparmaq üçün öz adamları və hökumətə yaxın olan şirkətlər gəldi. Monopoliya yaradaraq digər şirkətlərə imkan vermədilər.

— Bu “xüsusi” münasibət təkcə azərbaycanlılara göstərilir, yoxsa digər millətlər də eyni münasibəti görür?

— Bildiyiniz kimi, bölgə əhalisinin 87 faizi azərbaycanlılar olduğu üçün bizə qarşıdır.  İnternet saytlarında və sosial şəbəkələrdə də azərbaycanlılara qarşı iyrənc kampaniyalar başlatdılar. Ən axırıncı təhqirlər, təhdidlər edildi. İnanın, elələri var ki, əllərində fürsət olsa, bizi “Gedin buradan! Sizin vətəniniz Azəbaycandır!” – deyərək sürgün edərlər.  Bütün bunlar bizə 1990-cı illəri xatırladır…

Son olaraq Milli Əlyazmalar Mərkəzinin rəhbəri Zaza Abaşidze də millətimizi təhqir etdi. Buna etiraz olaraq, partiyamızın nümayəndəliyi tərəfindən onun işdən azad olunması və həbs edilməsi üçün Baş Prokurorluğa ərizə ilə müraciət olundu . Daha sonra o, tez çıxıb açıqlama verdi ki, “Mən heç bir milləti təhqir etməmişəm, amma doğru anlaşılmadığıma görə üzr istəyirəm”. Yəni bir növ etdiyini malalamağa çalışdı.  Bu “üzr” də təbii ki, cəmiyyətin, həmçinin saf qan gürcülərlə, digər cəmiyyətlərin azərbaycanlılarla dəstək nümayişindən sonra baş tutdu.

Saakaşvili Gürcüstanı tərk etdikdən və “Gürcü Arzusu Partiyası” hökümətin başına keçdikdən sonra  azərbaycanlıların “tatar” məsələsi yenidən gündəmə gəldi, yenidən milliyətimizi yadımıza saldılar. Bizə Gürcüstan vətəndaşı kimi yox, milli azlıq kimi baxmağa başladılar, xoşagəlməz hadisələr baş qaldırdı. Xəstəxanaya getdikdə, işə götürülmədə, dost seçmədə belə milliyət seçməyə, fərq qoymağa başladılar.

Bu koronavirus pandemiyası kimi bir bəla ilə mübarizədə bir-birimizə dəstək olmaqdansa, milli zəmində təhqirlərə başladılar.

Təəssüf olsun ki, Gürcüstanın bir tərəfində Azərbaycanın düşməninə, Qarabağda, Xocalıda günahsız insanlara divan tutub, baş kəsənə heykəl qoydular, digər tərəfində isə Gürcüstan uğrunda mübarizə aparan, Gürcüstanın hər bir demokratik inkişafında iştirak edən azərbaycanlılara qarşı milli zəmində diskriminasiya başlatdılar. Erməniləri yüksəldib, azərbaycanlıları təhqir etmək paradoksdur. Görünür ki, bu məqsədyönlü aparılan bir siyasətdir. Başında isə “Gürcü Arzusu Partiyası” və dolayı yolla B.İvanaşvili durur.

Gürcüstan bizim vətənimizdir, biz bura kosmosdan gəlməmişik. Bizim burada əsrlər boyu tariximiz var və heç kimin qarşısında sınmayacağıq. Biz konstitusion mübarizəmizi aparmışıq. Heç zaman şovinistlərin, nasistlərin təxribatlarına görə Gürcüstanımızı, vətənimizi, elimizi və obamızı tərk etməyi düşünməmişik! Son nöqtəyə qədər də Zaza kimilərin, Vazgen kimilərin cavabını verməyə hazırıq! Biz burada heç vaxt dövlətə və Gürcüstanın ərazi bütövlüyünə qarşı olmamışıq. Hər zaman xalqımızla çiyin-çiyinə verib qanun çərçivəsində mübarizəmizi aparmışıq, dövlətimizi qorumuşuq. Heç kimin də ixtiyarı yoxdur ki, bizi burada ikinci və ya üçüncü növ millət kimi görsün, göstərsin.

— Bütün bu proseslər zamanı ”Gürcü Arzusu Partiyası”nda olan azərbaycanlı siyasilərin münasibəti necə oldu?

— Üzdə olan azərbaycanlı siyasilər elə də çox deyil və buna görə də mən istəmirəm bir-birimizə qarşı olaq. Hər biri bacardığı qədər öz fikrini bildirdi və bu gün də bildirirlər. Haqsızlıq olar, əgər inkar etsəm, amma onu da qeyd edim ki, fikrini bildirməyənlər dövlət tərəfindən düzgün anlaşılmaz deyə susmağı seçdilər. Bu yalnız Azər Süleymanovun problemi deyil, bu milli zəmində baş vermiş bir problemdir.  Bəziləri bunun Rusiyadan, bəziləri isə Ermənistandan sifariş edildiyini deyir. Nə fərqi var sifarişi kim verib? Təəssüf ki, çıxış edən gürcü əsillidir. Dövlət isə buna göz yumur.

— Nəyə görə mitinqlər ən çox Qaçağanda baş verir? 

— Təkcə orada yox, digər rayon və kəndlərdə də mitinqlər var. Səbəb də budur ki, məhsullar bazarlara normal qiymətlərlə çıxarılsın, karantin rejimi yumşaldılsın, ögey münasibətlərə son qoyulsun… Qaçağandakı mitinq bir növ spesfik mitinq idi. Həmin ərazilərin gəlir mənbəyinin əsas hissəsini formalaşdıran kənd təsərrüfatı, maldarlıqdır. Bir nəfər yerli feodal sakinlərin torpaqlarını zəbt edib və əl altından başqa insanlara satırdı və belə olan halda kəndin əhalisi mal-qaranı otarmağa yer tapmırdı. Qalan ərazilər üçün isə elə bir məbləğ istəyirdi ki, insanlar o məbləği verə bilmədiyi üçün kəndin otlaq sahələri ona-buna satılırdı. Əgər onlar kənd təsərrüfatı ilə məşğul ola bilməsə, son ümidləri də tükənəcək və onda bu kənd gərək ölsün. Çünki ölmüş kimi bir şey olacaq. Kənd buna görə etiraz edir. Burada artıq vəzifə davası deyil, iş davası gedir. Onlar deyirlər ki, “Bizə iş verin, iş verin ki, işləyək, ac qalmayaq!”. Onların heç bir vəzifədə gözləri yoxdur. Dövlət məmurları bahalı maşınlarda gəzir,  lüks evlərdə yaşayır, maaşları da yüksəkdir. Bu aztəminatlı təbəqə nə etsin axı? Söhbət budur..

Bildiyiniz kimi bundan əvvəl İmir kəndində mitinq gedən zaman insanlar “Mişa, Mişa..” deyirdilər. Orada İmirdən əlavə, digər kəndlərdən gələn insanlar da var idi. Mişa artıq insanlar üçün kömək rəmzi idi. Çünki Saakaşvilinin vaxtında azərbaycanlılar vətəndaş olduqlarını dərk etdilər, diqqət və hörmət gördülər.

— Azərbaycanda insanlar narahatdır, düşünürlər ki, Gürcüstan azərbaycanlılarına qarşı baş verən ögey münasibətə və yaradılan problemlərə görə Azərbaycan hökuməti Gürcüstana nota verməlidir. Siz necə düşünürsüz, notaya gərək varmı?

— Biz Gürcüstan vətəndaşıyıq və burada yaşayırıq. Buna görə də Azərbaycandan nə isə tələb etməyə ixtiyarımız yoxdur, bizim bütün tələblərimiz Gürcüstan hökumətinədir. Biz Gürcüstana aidik, Azərbaycandan yalnız xahiş edə bilərik. Mən heç vaxt istəmərəm ki, iki dövlət arasında olan, əsrlərdir davam edən dostluq münasibətlərində hansısa bir çat əmələ gəlsin.

Gürcüstan-Azərbaycan arasındakı səmimi münasibətlərə İvanaşvili xələl gətirə bilməz. Üstəlik Ulu Öndər Heydər Əliyevin imzaladığı əsrin müqaviləsi və bu qəbildən olan bir çox layihə iki dövləti bir-birinə bağlayıb. Bu proseslər sülh və danışıq yolu ilə həll ediləcək məsələlərdir. Ona görə də nota məsələsi düzgün olmaz deyə düşünürəm.

Azərbaycan dövləti və hökuməti sağ olsun. Bütün Gürcüstan azərbaycanlıları adından cənab Prezidentə təşəkkür edirəm ki, çətin günlərdə də, bu gün də yardımlar kəsilməyib, davam edir. Bu yardımlarla Gürcüstanda yaşayan azərbaycanlılara çox yüksək diqqət yetirildi. Böyük yardımlar oldu. Elə SOCAR şirkəti özü demək olar ki, hər gün yardımlar edir. Təbii ki, bu da Azərbaycanla bağlıdır.

Biz bizə qarşı olunan ədalətsizlikləri Gürcüstanın prezidentinə bildirmişik, Baş Prokurorluğa da ərizə ilə müraciət etmişik ki, “Bəsdir! Susdurmaqdan bir şey çıxmaz!”. Bundan sonra artıq hiss olundu ki, anlayış göstərilməyə başlanılıb. Muxalifət partiyaları və qeyri-hökumət təşkilatları hər biri bizim müdafiəmizə qalxdı və bu prosesi pislədi.

Mən xüsusi ilə Gürcüstanda yaşayan gənclərimizə təşəkkür edirəm. Onlar çox fəal və aktivdirlər. Demək olar ki, 1990-cı ildəki gənclərdən çox- çox fərqlənirlər. Böyük əksəriyyəti gürcü dilində universitet bitirib, xarici dillərə yiyələniblər, savadlı və bacarıqlıdırlar.

— Azər bəy soydaşlarımızın problemləri və son hadisələrlə bağlı bizi məlumatlandırdığınıza görə təşəkkür edirəm. Allah yardımçınız olsun!

— Mən də sizə göstərdiyiniz diqqətə görə minnətdaram. Sağ olun.

Fəqan Muxtar,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*