Azərbaycanda hərbi xidmətə çağırış zamanı ailənin yeganə övladı olan gənclərin xidmətə cəlb olunması məsələsi uzun illərdir mübahisə doğuran mövzulardan biridir. Bir tərəfdən qanunvericilikdə bərabərlik prinsipi əsas götürülərək hər kəsin xidmət etməsi vacib sayılır, digər tərəfdən isə tək övladın ailə üçün daşıdığı sosial və mənəvi məsuliyyət bu məsələyə daha həssas yanaşmanı zəruri edir.
Bəs tək oğulların hərbi xidmətə çağırılması mövcud reallıqlara nə dərəcədə uyğundur və bu sahədə dəyişikliklərə ehtiyac varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, əvvəlki illərdə müəyyən kateqoriyalara aid şəxslərin – xüsusilə ailənin yeganə övladı olan gənclərin hərbi xidmətə çağırılmaması praktikası mövcud idi:
![]()
“Azərbaycan müstəqilliyini yeni əldə etdiyi dövrdə evin tək oğlu, şəhid ailələrinin övladları və ya ailənin əsas təminatçısı olan şəxslər hərbi xidmətə aparılmırdı. Lakin sonradan qanunvericilikdə bərabərlik prinsipi əsas götürüldü və bu kateqoriyadan olan şəxslər də xidmətə çağırılmağa başladı”.
Ekspertin sözlərinə görə, bu məsələ gələcəkdə yenidən gündəmə gələ bilər. Lakin bu, mərhələli şəkildə baş verəcək.
“Xüsusilə yeganə övladların hərbi xidmətə cəlb olunması məsələsinə fərqli yanaşma tətbiq edilməlidir.
Bu şəxslər üçün alternativ xidmət imkanları yaradılmalıdır. Bunun üçün ilk növbədə alternativ xidmət haqqında qanunun qəbulu vacibdir. Gələcəkdə peşəkar ordu modelinə keçid baş verdikcə, yeganə oğulların hərbi xidmətə çağırılması məsələsi də fərqli şəkildə tənzimlənə bilər”.
Üzeyir Cəfərov əlavə edib ki, şəxsi mövqeyinə görə, yeganə övladların hərbi xidmətə çağırılması məqsədəuyğun deyil:
“Əgər seçim imkanı olsaydı, mən yeganə oğulları hərbi xidmətə çağırmazdım. 100 nəfər tək oğul çağırmaqdansa, 10 peşəkar hərbçi hazırlamaq daha effektivdir. Peşəkar kadrlar daha keyfiyyətli xidmət göstərir”.
Ekspert hesab edir ki, Azərbaycan gec-tez daha çox peşəkar ordu modelinə üstünlük verməli olacaq və bu istiqamətdə islahatlar qaçılmazdır.
Aynurə İsmayıl
KONKRET.az
