İqbal Ağazadə: “İran dağılacaq. Qorxunun əcələ heç bir faydası yoxdur” – MÜSAHİBƏbackend

İqbal Ağazadə: "İran dağılacaq. Qorxunun əcələ heç bir faydası yoxdur" - MÜSAHİBƏ

İran narahatdır: “Güney Azərbaycan çox ciddi bir mərhələyə qədəm qoyub”

İran Azərbaycanla gərginliyin artması fonunda Araz çayı boyunca, Azərbaycan sərhədləri yaxınlığında “Qüdrətli İran” adlı hərbi təlimlər keçirir. İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçirdiyi təlimlərin illik plana uyğun olaraq təşkil edildiyi bildirilsə də, təlimlərin yenə də Azərbaycanla gərginlik fonunda baş tutması xüsusi maraq kəsb edir. Ələlxüsus, rəsmi Tehranın sərhədlərində sionist rejimin onlara təhlükələr törətməsi ilə bağlı ittihamsayağı iddiaları, bunun fonunda güc göstərisinə hesablanan təlimləri, həmçinin, təlimlərin bu dəfə daha geniş arealda keçirilməsi İranın həm də ənənəvi niyyətindən xəbər verir. Ümid Partiyasının sədri İqbal Ağazadə mövcud vəziyyətlə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.

– İqbal Bəy, İranın sərhəddəki hərbi təlimləri nəyin mesajıdır?

– İran Güney Azərbaycanda baş verən proseslərin mahiyyətini kifayət qədər ciddi başa düşür və bilir ki, Güney Azərbaycanda baş verən hadisələr gec-tez onun azadlığı ilə nəticələnəcək. Buna görə də bu məsələləri bildiyi üçün, yəni, Güney Azərbaycanda hərəkətlənmələrin qarşısını almaqdan ötrü bu cür təlimlər keçirir. Həm daxilə, həm də Quzey Azərbaycandan gələ biləcək mümkün dəstəyə mesaj vermək istəyir. Amma bunun heç bir nəticəsi olmayacaq. Çünki İranın bu istiqamətdə edə biləcəyi heç bir şey yoxdur.

– Maraqlıdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hansısa tədbirlər və görüşlər fonunda Azərbaycana səfər edəndə, İran qıcıqlandırıcı xarakter daşıyan müxtəlif səpkili addımlar atır. Rəsmi Tehran nədən narahatdır?

– İran, ümumiyyətlə, baş verənlərdən narahatdır. Çünki Güney Azərbaycan məsələsi bu gün çox ciddi bir mərhələyə qədəm qoyub və İran hakimiyyəti proseslərin mahiyyətini və ciddiyətini doğru-dürüst qiymətləndirdiyi üçün ölkədə nələrin baş verə biləcəyini başa düşür. Bunun isə qarşısını almaq elə də asan məsələ deyil. İran düşünməsin ki, bunun əksi mümkündür və hansısa hərbi təlimlərlə bu proseslər səngiyəcək. Ona görə də güman edirəm ki, bu mərhələ Yaxın Şərqdə sərhədlərin dəyişməsi, yeni geosiyasi imkanların açılması, xalqların öz müqəddəratını təyin etmək hüququndan istifadə etməsi və yeni mərhələyə qədəm qoyması ilə nəticələnəcək.

– İranın narahatlığında regional faktorlar da rol oynayırmı? Çünki bu ölkə artıq uzun müddətdir ki, regionda təsir qüvvəsini itirib və proseslər onun əleyhinə inkişaf edir.

– İran regionda diqtə edən tərəf deyil və uzun illərdir ki, bu, belədir. İran çox çalışdı ki, Azərbaycan müstəqillik qazanandan sonra ideoloji məsələlərlə Azərbaycana daxil olsun və Azərbaycanda yaşayan xalqların, xüsusən də azsaylı xalqların dini-milli hisslərindən istifadə edərək həm separatçılıq əməllərini genişləndirsin, həm də dini-ideoloji təsirlərlə bu ərazini və regionu öz nəzarəti altına alsın. Lakin İranın bu cəhdlərinin hamısı iflasa uğradı. Ona görə İran regionun aparıcı və diqtə edən dövləti olmadığının yaxşı fərqindədir. Bu gün regionda kifayət qədər güclü və kifayət qədər təsir qüvvəsi olan ölkə Türkiyədir. İran nə qədər çalışsa da, bu təsirin azaldılması istiqamətində heç bir addım ata bilməz. Bunu başa düşdüyü üçün Türkiyədən həm qorxur, həm də gələcəyindən və təhlükəsizliyindən ciddi şəkildə narahatlıq keçirir.

– Məlum olduğu kimi, İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra son illərin ən güclü nümayişləri başlayıb və beynəlxalq ictimaiyyət İrana ciddi təzyiqlər göstərir. İranın hərbi təlimləri həm də daxildəki etirazçılara və onları dəstəkləyən Qərb auidtoriyasına hesablana bilərmi?

– Təbii ki, bu elə daha çox daxilə hesablanmış güc göstərisidir. Lakin İran bu məsələdə yanılır. Çünki İranın daxili auditoriyada edə biləcəyi heç nə yoxdur və bu cür güc nümayişləri artıq işə yaramır. İran bu güc nümayişləri ilə xüsusən də yeni mərhələyə qədəm qoyan proseslərin qarşısını ala bilməyəcək.

– Bəs, İran bunu başa düşdüyü üçün praktiki addım ata bilər?

– Qətiyyən. Çünki İranın praktiki addım atması onun sürətlə dağılmasına gətirib çıxaracaq. Praktiki addım atmaq istiqamətində dünyada təcürbələr var. Məsələn, nümunə kimi SSRİ-nin dağılmasını göstərə bilərik. Belə ki, SSRİ-nin dağılmasının qarşısını almaq üçün 1989-cu ilin 9 aprelində Gürcüstanın paytaxtı Tiflis şəhərində sovet hakimiyyətinə qarşı baş verən üsyan qanlı bazar günü kimi tarixə düşdü. 1990-cı ilin 20 yanvarında Bakıda faciə törədildi. Həmçinin, 1991-ci ilin yanvarında Litvanın paytaxtı Vilnüsdə SSRİ-nin Litvaya müstəqillik verməsini tələb edən dinc nümayişçilərə qarşı qırğın törədildi. Bundan sonra hətta bir qrup daxildə ideoloji çevriliş edərək, yeni ideologiya yaratamq istədilər, amma bütün bunlar nəticədə SSRİ-nin dağılmasını sürətləndirdi. İndi də İranın ata biləcəyi hər hansı addım, sadəcə onun dağılmasını sürətləndirəcək.

– İranın həm Ermənistanın ərazi bütövlüyü və sərhədlərin dəyişməzliyinin “qırımızı xətti” olduğunu vurğulaması, daxildəki xaos, beynəlxalq ictimaiyyətin təzyiqləri və Azərbaycanla gərginliyin fonunda sərhəddə təlimlər keçirməsini gələcək perspektivdə necə dəyərləndirmək olar? Ümumiyyətlə, mövcud situasiya nədən xəbər verir?

– İranın bu addımların heç bir mənası və təhlükəsi yoxdur. Bütün bunlar özünü qoruma instiktindən yaranan addımlardır. Lakin məşhur ifadədə deyildiyi kimi, qorxunun əcələ heç bir faydası yoxdur. Baş verənləri sadəcə bu cür xarakterizə etmək olar.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*