İşğaldan azad olunmuş torpaqları niyə ziyarət edə bilmirik? – “Portal söhbəti yığışdırılsın”backend

İşğaldan azad olunmuş torpaqları niyə ziyarət edə bilmirik? – “Portal söhbəti yığışdırılsın”

Bu günlərdə işğaldan azad edilmiş torpaqlarımızda çərşənbə tonqallarının qalanmasını görəndə “Dədə Qorqud”  filminin sonundakı ibrətamiz nəsihət yada düşür.

Xatirinizdədirsə, filmin sonunda Dədə Qorqud Beyrəyin oğluna deyir: “Torpağın yurd, vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı gərək əkib-becərəsən. O birisi odur ki, torpağı gərək yağılardan qoruyasan. Əgər torpağı əkib becərmədin, onu qorunmağa dəyməz, torpağı qoruyamadın, əkib-becərməyinə dəyməz”.

Qaraca çobanın torpağı dirçəltmək üçün daşlardan təmizlədiyini görən Dədə Qorqud Beyrəyin oğluna uca dağda 3 tonqal qalamağı tapşırır. Onlardan biri şənliyin müjdəçisi, ikincisi təhlükədən qorumağın, üçüncüsü isə torpaqları əkib-becərməyin işarəsidir.

Fərqinə vardınızmı, 44 günlük müharibədən sonra Azərbaycan dövlətinin həyata keçirməyə başladığı “Böyük qayıdış” proqramı həmin nəsihəti xatırladır.

Prezidentin böyük həvəslə azad olunmuş torpaqlarımızı qarış-qarış gəzməsi, qısa müddət ərzində orada həyata keçirilən irimiqyaslı işləri sürətləndirməsi, dağıdılmış yaşayış məntəqələrinin bərpasını gözləmədən boş torpaqlarımızın əkilib-becərilməsi tapşırığını verməsi, Novruz tonqallarını Şuşa yüksəkliyində və digər yerlərdə alovlandırması məhz Dədə Qorqud öyüdünü xatırladır. Bu o deməkdir ki, torpaqlarımızı yağıdan qurtarmışıq, indi isə onun dirçəldilməsinə işarə verən tonqallarımızı dünyaya nümayiş etdiririk.

Bu istək təbiətin, torpağın canlanmasının rəmzi olan Novruz bayramı ərəfəsində daha da güclənir. 30 illik qaçqın həyatını yaşamış soydaşlarımız doğma yurdlarına dönməyin həsrətini belə günlərdə lap çox çəkirlər.

Elə KONKRET.az-ın baş redaktoru Fadil Paşayevin Yel çərşənbəsi ilə bağlı sosial şəbəkə səhifəsində paylaşdığı təbrikdə də bu ülvi istək və arzudan bəhs edilir.

“Qubadlı camaatının arzusunu çatdırmaq istəyirəm. Artıq yetər, xüsusi icazələr. Qoy, hər kəs öz doğma, lakin yağmalanmış kəndini istədiyi vaxt ziyarət edə bilsin. İnsaf edin, hələ də 30 il gözləyən məcburi köçkünlər doğulub, boya-başa çatdıqları, işğaldan azad edilən, dağılmış obalarına baş çəkə bilmirlər. Müharibədən 4 il keçməsinə baxmayaraq! Qoy, məmurlar təşəbbüslə çıxış eləsin, portal söhbəti yığışdırılsın! Elə sistem qurulsun ki, ziyarətlər asanlaşdırılsın! İnanın, bu edilsə, neçə-neçə insana bayram ovqatı bəxş edilər. Onlar neqativ xəbərlərdən qaçıb yurdu ilə görüşə gedər. Əlqərəz, heç olmasa, hər bir məcburi köçkün torpaq çərşənbəsini həyat izləri silinmiş kəndlərində qeyd edər. Nə isə… Həyatınız bahar təravətli olsun, dostlar!”.

Qeyd edək ki, bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda əməkdar artist Tahir İmanov da Qarabağda irimiqyaslı quruculuq işlərinin getdiyindən danışıb və insan amilinin roluna diqqət cəlb edib: “İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir. O sakinlər ilk növbədə öz istəyi, zəhməti və ürəyi ilə gözəlliyə rəng qatmalıdır”.

Biz torpaqlarımızı təhlükələrdən qorumuşuq, indi isə sakinlərin öz yurdlarında şənlik və becərmək tonqallarının qalanmasından doğal heç nə ola bilməz. Əziz məmurlar, sizcə Qarabağı da digər rayonlarımız kimi asanlıqla ziyarət etməyimizin zamanı gəlməyibmi?

KONKRET.az-ın Analitik Qrupu

  • Nadir Həsənov
    Mart 14, 2024 - 08:55

    Çox heyif ki Qarabağın gözü olan Şuşanı ziyarət etmək bəzi işbazların yaranmış vəziyyətdən istifadə edərək qazanc əldə etmək mənbəyinə çevrilib. Qarabağa dövlət tərəfindən qoyulan xərclər kifayət edər ki, biz heç olmasa turist kimi ancaq avtobus pulunu ödəyib həmin yerləri ziyarət edək. Halbuti, bayram günlərində Şuşaya iki günlük səfər bir həftəlin Antanya turundan baha başa gəlir. Görəsən bu işə cavabdeh olan məmurlar bu barədə nə fikirləşir? Şəxsən məndə bu hal ikrah hissi yaradıb. Nə qədər ki, Şuşaya səfərlər qazanc mənbəyi kimi qalacaq mən ümumiyyətlə Qarabağa getməyəcəyəm!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*