Ötən ay minlərlə insanın həyatını xilas edən zirehli gülləkeçirməz gödəkçənin yaradıcısı Boris Balaşov vəfat edib. Rusiya mətbuatına atasının həyatı barədə danışan oğlu Yevgeni bildirib ki, onların ailəsində hər kəs hərbçi olub.
KONKRET.az oğul Balaşovla söhbəti təqdim edir.
“Ulu babam, Omsk komendantı Aleksandr Dmitriyeviç imperator I Aleksandrın adından Napoleonla danışıqlar aparıb. Fransız Moskvaya ən qısa yolun haradan keçdiyini soruşduqda, babam Poltava yolunu göstərib”.
Boris Balaşovun anası Nina Nikolayevna Tolokonnikova Volqa kazaklarından, atası Gennadi Mixayloviç Balaşov hərbçi ailəsindən idi. 1920-ci ildə ailədə böyük oğul Arsenti, 1925-ci ildə Boris dünyaya gəlib.
1930-cu illərin əvvəllərində Gennadi Balaşov Qazaxıstanın baş baytarı vəzifəsində işləyib. Amma bu status belə, ailəni bəladan xilas edə bilməyib. Kimsə Balaşovdan donos yazıb. Qəsəbədə inəklərin kütləvi ölümü baş verəndə bunu dərhal sovet rejimindən narazı olan keçmiş çar zabitinin ayağına yazıblar: “Babamın parlaq təhsili ona ixtiyarında qalan yeganə alət olan böyüdücü şüşənin köməyi ilə günahsızlığını sübut etməyə imkan verib.
Heyvanın qan nümunələrini öyrənərək sübut edib ki, bu, planlaşdırılmış təxribatdır, mal-qaraya zəhər verilib. Onun dediklərini ekspertlər də təsdiqləyib və ittihamlar ləğv edilib”.
1943-cü ilin fevralında qardaşı Arsen Leninqradda həlak olandan sonra martın 18-də Boris müharibəyə yollanıb. Oğlunu cəbhəyə yola salarkən atası ona daha uzun palto seçməyi əmr edib: “Bu, səni səngərlərin rütubətindən qoruyacaq”, – deyib.
Müharibədə bir neçə dəfə yaralanan Balaşov yenidən ön xəttə qayıdıb. Boris qələbəni Koeniqsberqdə qarşılayıb. Amma o, yaponlardan azad edilən Monqolustan və Çində vuruşub.
1970-ci ildə Balaşov gülləkeçirməz gödəkçə yaratmaq arzusuna düşüb. Onun təklifi dərhal qəbul edilib. O, xatirələrində yazırdı: “Əvvəlcə silisium karbidindən, sonra bor karbidindən “bronik” üçün “doldurma” hazırlamağa çalışdım, amma istədiyim alınmadı. Daha sonra kompozisiyanı dəyişdim”.
Yevgeni deyir ki, atası dostu Mixail Kalaşnikovdan zirehləri sınamağı xahiş edib: “O, relsi deşən patronlarla hədəfə atəş açıb. Amma zireh güllə buraxmayıb. Bu, inanılmaz idi!”
Kalaşnikov məhsul haqqında SSRİ Elmlər Akademiyasının prezidenti Anatoli Aleksandrova məlumat verib. Balaşovun ixtirası yüksək qiymətləndirlib və Lenin mükafatına layiq görülüb. Amma Balaşov həmkarlarından minnətdarlıq əvəzinə təhqir eşidib. Onlar zirehli gödəkçənin heç nəyə yaramadığını bildiriblər. Əfqanıstan müharibəsi isə hər şeyi dəyişib. Ağır döyüşlərdə əsgərlərin müdafiəsi ön plana çıxıb: “Bir dəfə tanımadığımız mayor atamın yanına gəldi. Və o, Balaşovun ixtira etdiyi zirehli gödəkçə sayəsində sağ qaldığını söylədi. Daha sonra məhsula görə minnətdarlıq pilotlar, dənizçilər və xüsusi təyinatlılardan gəldi. Beləliklə, gülləkeçirməz zirehli gödəkçə döyüşlərdə iştirak edən hər kəsin köməyinə çatdı”.
Boris Gennadieviç Sovet İttifaqının dağılmasını qəbul edə bilmirmiş: “Atam ateist idi, lakin o, bütün müqəddəs kitabları – Tövratı, İncili, Quranı öyrənirdi. Atam İslamı ən ədalətli din hesab edirdi. Atam deyirdi ki, İslam insanın günah işlətməsinə icazə verməyən yeganə dindir”.
Vəli Həsənov,
KONKRET.az
