Azərbaycanda sosial siyasətin və vətəndaş rifahının ən həssas, illərdir qanayan yarasına çevrilən “uşaqpulu” məsələsi növbəti dəfə Milli Məclis kürsüsünün və ya efir məkanının stereotip divarları arasında qəribə bir bəhanə ilə boğulmağa çalışıldı.
KONKRET.az nocomment.az-a istinadən xəbər verir ki, deputat Günay Ağamalının dilindən qopan “uşaqpulu valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər” tezisi, əslində, cəmiyyətin real nəbzindən nə qədər uzaq düşdüklərinin, xalqın məişət reallıqlarına hansı sosioloji pəncərədən baxdıqlarının acınacaqlı etirafıdır. Belə çıxır ki, dövlətin öz gələcəyinə – uşağına verəcəyi üç-beş manatlıq dəstək bu milləti birdən-birə kütləvi tənbəlliyə, fəaliyyətsizliyə sövq edəcək, insanları divana zəncirləyib əməkdən soyudacaq? Bu yanaşma təkcə iqtisadi məntiqin iflası deyil, həm də xalqın genetik əməksevərliyinə, ailə institutunun müqəddəsliyinə qarşı bəslənən qeyri-ciddi, yuxarıdan aşağı bir baxış bucağıdır. İnsanları əməyə alışdırmaq fəlsəfəsini uşaqpulu kimi fundamental bir haqqın kəsilməsində axtarmaq, sosial dövlət anlayışının təməl prinsiplərini tamamilə tərs oxumaq deməkdir.

Bu gün ölkədə onsuz da mövcud olan sosial müavinətlərin uşaqpulunu əvəz etdiyini iddia etmək, reallığın gözünə dik baxıb onu görməzdən gəlməkdir. Şərtləri “çətin deyil” deyilən o müavinətləri almaq üçün ailələrin hansı bürokratik cəhənnəmdən keçdiyini, ünvanlı sosial yardım qapılarında neçə-neçə sənəd labirintində azdıqlarını deputat xanım yəqin ki, ya bilmir, ya da bilmək istəmir. Uşaqpulu sadəcə bir qrup yoxsul ailəyə verilən sədəqə deyil, doğulan hər bir Azərbaycan vətəndaşına dövlətin verdiyi gələcək zəmanətidir, onun ilkin inkişaf kapitalıdır. Onu asılılıq predmeti kimi qələmə vermək, uşaq böyütməyin bugünkü maliyyə yükünü, marketlərdəki od tutub yanan qiymətləri, uşaq qidalarının, bezlərinin strateji məhsul qiymətinə satıldığını görməyəcək qədər kor bir təhlilin məhsuludur. Hansı valideyn dövlətin verəcəyi, tutaq ki, 50-100 manatlıq uşaqpuluna arxalanıb işini-gücünü atar, tənbəllik edər? Bu sualın özü belə cəmiyyətin sosial portretini təhqir edir. Vətəndaşını işsizlikdən, yoxsulluqdan qorumaq öhdəliyi daşıyanların, çıxış yolunu uşaqların ruzisini kəsməkdə və bunu bir növ “tərbiyəvi metod” kimi təqdim etməkdə görməsi absurd teatrının son pərdəsidir.
Milli dəyərlərdən, nəslin gələcək nəslə ötürülməsindən dəm vurulur, amma unudulur ki, gələcək nəsil ac, vitaminsiz, keyfiyyətli təhsildən və tibbi xidmətdən məhrum böyüyəndə o nəslin ötürülməsi sadəcə demoqrafik statistikadan başqa bir şey olmur. Deputat iki illik fəaliyyəti dövründə bu məsələ ilə tez-tez qarşılaşmadığını deyir. Təbii ki, xalqın içinə enməyən, seçicisinin dolanışıq dərdini, körpəsinə süd ala bilməyən anaların fəryadını eşitməyən eyvan deputatları üçün bu mövzu gündəmdə olmaya bilər. Jurnalistlərin isə bu məsələni israrla səsləndirməsi onların xalqın içindən gəlməsindən və real ictimai sifarişi dilə gətirmələrindən qaynaqlanır. Cəmiyyətdə geniş müzakirə yoxdur demək, virtual məkandakı, real həyatdakı milyonlarla insanın etiraz səsini qulaqardına vurmaq deməkdir. Əgər bir millət vəkili öz vətəndaşının əsas tələbini “mənfi tendensiyalara yol aça biləcək bir qorxu” kimi görürsə, o zaman onun o parlament binasında hansı maraqları təmsil etdiyi ciddi sual doğurur. İnsanlar dövlətinə güvənmək istəyir, dövlət dəstəyinə arxalanmaq isə hər bir vətəndaşın konstitusion haqqıdır. Bu asılılıq deyil, qarşılıqlı sosial müqavilədir.

Əsl tənbəllik və asılılıq mühiti uşaqpulu istəyən valideynlərin evində deyil, xalqın səsiylə o kürsülərə sahiblənib sonra da xalqa ağıl verməyə çalışan, heç bir real qanunvericilik təşəbbüsü ilə çıxış etməyən, ayda minlərlə manat maaş və imtiyazlar tərkibində yaşayanların təfəkküründə formalaşır. Vətəndaşı əməyə alışdırmaq üçün ilk növbədə normal iş yerləri, layiqli əməkhaqqı bazarı yaratmaq lazımdır, yoxsa körpənin boğazından kəsilən pulla kiməsə əmək dərsi keçmək asan və məsuliyyətsiz bir manipulyasiyadır. Bu cür açıqlamalar cəmiyyətdə dövlət-vətəndaş münasibətlərindəki inam körpülərini sarsıdır, insanlarda gələcəyə qarşı ümidsizlik toxumu səpir. Deputatlar unudurlar ki, onlar xalqın hamisidir, müfəttişi və ya xəsis nəzarətçisi deyil. Uşaqpulu məsələsi gec-tez öz müsbət həllini tapmalıdır, çünki bu, millətin genofondunun, gələcək əsgərinin, gələcək fəhləsinin və ziyalısının sağlam böyüməsi üçün bir lüks deyil, qaçılmaz zərurətdir. Və bu zərurəti “tənbəllik” damğası ilə arxivə gömmək istəyənlər, tarixin və ictimai qınağın qarşısında gec-tez cavab verməli olacaqlar. Çünki xalq öz gələcəyini qorumaq üçün heç vaxt tənbəllik etməyib və etməyəcək.
