Kremlin Zəngəzur-Laçın NİYYƏTİ: “Türkiyə faktorunu da unutmaq olmaz” – ŞƏRHbackend

Kremlin Zəngəzur-Laçın NİYYƏTİ: "Türkiyə faktorunu da unutmaq olmaz" - ŞƏRH

Paşinyan bildirib ki, İrəvan Moskvadan Laçın yolunun “açılması” üçün addımlar gözləyir.

KONKRET.az xəbər verir ki, Laçın yolu bağlı deyil. Sadəcə, həmin ərazidə azərbaycanlı etirazçıların haqlı nümayişi keçirilir.

Səbəb isə bəllidir:

– Ermənilər ekoloji terrorla məşğuldur;

– Azərbaycana aid faydalı qazıntılar talanır;

– Azərbaycanlı ekoloqların Azərbaycanın suveren ərazisində monitorinqinə şərait yaradılmır;

– Buna görə də etiraz şüarları separatçılarla bərabər sülhməramlı kontingentin komandanı Volkova ünvanlanıb.

Ermənilər Laçın yolunu niyə qapalı kimi qələmə verirlər?

– 25 gündür ki, Ermənistan ərazisi ilə qondarma rejimə silah daşınmır;

– Separatçıların mina terrorunda fasilə yaranıb;

– Erməni siyasətçilər Xankəndiyə qanunsuz səfər edə bilmir.

Lakin humanitar, tibbi yardım üçün yol açıqdır və hər gün bunu təsdiqləyən faktlar təqdim olunur.

• Rusiyanın vasitəçiliyi ilə İrəvan və Bakının imzaladığı üçtərəfli bəyanatlar və beynəlxalq normalarda qondarma rejimlərin fəaliyyəti qəbuledilməzdir. Minadan imtina ilə bağlı Ermənistanın qoşulmadığı konvensiyalar var. Diplomatiyada ərazi bütövlüyünə hörmət ən mühüm müddəalardandır. Yəni istənilən ölkənin siyasətçisi qondarma rejimə səfər zamanı həmin seperatçıların olduğu ərazinin qanuni sahibindən icazə almalıdır. Bu şərti pozanlar isə Azərbaycan xarici işlər nazirliyinin qara siyahısına salınır. Təəssüf ki, Azərbaycana səfər şanslarını “arsax” səyahətinə dəyişən dipLOMatlar var.

Paşinyanın dediyi kimi İrəvan Laçın yolu ilə bağlı Moskvadan addımlar gözləyirsə, bilməlidir ki, Kreml də İrəvandan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyir. Əfsus ki, Putinin Nikoldan gözlədiyi öhdəliklər üçtərəfli bəyanatda qeyd olunanlar, Azərbaycanın tələb etdikləri deyil:

– Rusiya Ermənistanı ittifaq ölkəsi etmək istəyir;

– Kreml Paşinyanı Qərbin kurasiyasından uzaqlaşdırmaq niyyətindədir.

Azərbaycanın gözləntiləri:

– Ərazi bütövlüyümüzün tanınması;

– Sərhədlərin delimitasiya və demarkasiyası;

– Qarabağdakı separatçı rejimin tərksilah olunması;

– Zəngəzur dəhlizinin açılması.

Bu kontektsdə Rusiya və Azərbaycanın məqsədlərindən yalnız biri oxşayır, o da Zəngəzur dəhlizidir. Sadəcə, Ermənistan öz ərazisindən keçən layihənin koridor yox, yol kimi İrəvanın nəzarətində olmasını istəyir. Üçtərəfli bəyanata görə isə dəhlizin təhlükəsizliyinə cavabdeh Rusiya olmalıdır. Bəlkə də sülh müqaviləsinin razılaşdırıla bilməyən punktlarından biri budur. Bəlkə də elə buna görə son həftələr Laçın koridoru yox, Laçın yolu deyilir. Əslində Zəngəzur-Laçın müqayisəsi yersizdir:

• Zəngəzur dəhlizi (Zəngilan) Azərbaycan-Ermənistan (Syunik)-Azərbaycan (Naxçıvan) marşrutu üzrədir. Laçın yolu isə Ermənistan-Azərbaycan istiqamətlidir. Sadə izah odur ki, Naxçıvan və Qarabağ İqtisadi rayonu Ermənistan ərazisi, İrəvanın tabeçiliyində olan muxtariyyət deyil. Hər iki zona Azərbaycanın tərkib hissəsidir. Amma Qarabağda Azərbaycan vətəndaşı ola biləcək ermənilər də yaşadığı üçün onlara Ermənistana gediş-gəliş şəraiti yaradılır.

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin 2024-də açılacağını bildirib. Bunu yol çərçivəsinə salmaq Paşinyanın başı üçün deyil və ya İrəvanın başını ağrıdar.

✓ Laçın yolundakı etirazlar Kremlə sərf eləmir. Çünki bu ölkənin sülhməramlı kontingenti tənqid hədəfidir;

✓ Digər tərəfdən, Rusiya hər iki koridorda öz nəzarətinə nail olmaq üçün İrəvana göstərilən bütün təzyiqlərə razıdır. Putin loru dildə Nikolu başa salmaq istəyir ki, Laçın yolunda Azərbaycana aid nəzarət postları olsa, Xankəndidəki “miatsum” ideologiyasının, “arsax” iddialarının ömrü qısalacaq. Ancaq Ermənistan Kremlin cavabdehliyi ilə tənzimlənəcək Zəngəzur dəhlizini yubatmasa, Laçın yolunda heç vaxt maneə olmayacaq.

Bəli, Rusiya nə Ermənistan, nə də Azərbaycanın zəfərini istəyir. Kreml niyyətinin səmimi təhlili Rusiyanın imperialist cəhətlərini nəzərə almaqla mümkündür. Politoloqların təbirincə desək, “Türkiyə faktorunu da unutmaq olmaz”.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*