“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırmaq üçün heç bir dövlət müraciət etməyib”.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin birinci müavini Kayrat Umarov bildirib.
“Ona görə də biz bu gün KTMT-nin tərkibində hər hansı dəyişiklik gözləmirik. Belə bir təşkilatın daxilində olmaq həmişə ondan kənarda olmaqdan daha yaxşıdır”, – deyə Umarov bildirib. O, həmçinin qeyd edib ki, KTMT-nin yaradılmasının başlanğıcında Qazaxıstan dayanır. “Biz inanırıq ki, təşkilat eyni zamanda bizim maraqlarımız üçün də işləyir”, – diplomat əlavə edib.
Qeyd edək ki, may ayında Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, Ermənistan KTMT-ni “səriştəsiz təşkilat” hesab edərsə, onu tərk edəcək. O bildirib ki, o zaman respublika təhlükəsizlik məsələlərini özü həll etməli olacaq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın KTMT çərçivəsində keçiriləcək tədbir üçün Minskə getməyəcəyi də bildirilib. Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan KTMT tədbirlərində iştirakdan imtina etməklə yanaşı, assosiasiyadan çıxmağa hazırlaşmır.
