23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü: Dövlətə və vətəndaşa xidmətin təntənəsibackend

23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü: Dövlətə və vətəndaşa xidmətin təntənəsi

Azərbaycanda dövlət qulluqçularının əməyi və xidmətləri həmişə yüksək qiymətləndirilib. Bu diqqət və ehtiramın ən bariz nümunələrindən biri hər il iyunun 23-də qeyd olunan dövlət qulluqçularının peşə bayramı günüdür. Bu əlamətdar gün Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib və dövlət qulluğu sahəsində çalışan minlərlə insanın fəaliyyətinə verilən yüksək dəyərin ifadəsinə çevrilib.

KONKRET.az xəbər verir ki, bu tarix təkcə milli deyil, həm də beynəlxalq əhəmiyyət daşıyır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarına əsasən 23 iyun BMT-nin Dövlət qulluğu günü kimi qeyd olunur. Azərbaycan da bu beynəlxalq təşəbbüsü dəstəkləyərək həmin günü dövlət qulluqçularının peşə bayramı kimi rəsmiləşdirib, dövlət idarəçiliyinin inkişafına və dövlət xidmətinin nüfuzunun yüksəldilməsinə xüsusi önəm verdiyini nümayiş etdirib.

Azərbaycanın dövlət qulluğu sisteminin müasir əsasları müstəqillik illərində formalaşıb. Bu prosesin başlanğıcı 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiya ilə bağlıdır. Məhz Konstitusiya dövlət idarəçiliyinin demokratik prinsiplər əsasında qurulmasının, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafının əsasını qoydu. Dövlət qulluğu sisteminin hüquqi bazasının formalaşmasında ən mühüm addımlardan biri isə 21 iyul 2000-ci ildə qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanun oldu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu qanun dövlət qulluğunun təşkili, dövlət qulluqçularının hüquq və vəzifələri, onların fəaliyyət prinsipləri və sosial təminatı ilə bağlı məsələləri vahid hüquqi çərçivədə müəyyənləşdirdi.

Qanunun qəbulundan sonra dövlət idarəçiliyində peşəkarlığın artırılması, şəffaflığın təmin olunması və kadr siyasətinin təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirildi. 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması bu sahədə yeni mərhələnin başlanğıcı oldu. Komissiya dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq prinsipləri əsasında həyata keçirilməsinə mühüm töhfə verdi.

Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar zamanla daha da genişləndirildi. Bu istiqamətdə mühüm sənədlərdən biri 2018-ci ildə təsdiq olunmuş “Dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” oldu.

Strategiyada dövlət idarəçiliyinin müasirləşdirilməsi, insan resurslarının səmərəli idarə olunması və dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı mühüm hədəflər müəyyən edilmişdi. Sənəddə dövlət orqanlarında vəzifə adlarının vahid sistemə salınması, rəhbər kadrlar üçün müasir idarəetmə modullarının hazırlanması, dövlət qulluqçularının vahid reyestrinin yaradılması və publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi kimi vacib məsələlər öz əksini tapıb.

Bu strategiyanın icrası nəticəsində dövlət orqanlarında kadr siyasətinin keyfiyyəti yüksəldilib, elektron idarəetmə imkanları genişləndirilib, peşəkar inkişaf proqramları tətbiq olunub və insan resurslarının idarə edilməsində müasir yanaşmalar formalaşdırılıb.

Dövlət qulluqçuları cəmiyyətlə dövlət arasında əlaqələri təmin edən əsas qüvvələrdən biridir. Onların fəaliyyəti qanunvericiliyin icrasına nəzarət, dövlət proqramlarının həyata keçirilməsi, vətəndaş müraciətlərinin araşdırılması, sosial və iqtisadi layihələrin koordinasiyası kimi mühüm sahələri əhatə edir.

Əslində dövlət qulluqçusu dövlət siyasətinin gündəlik həyata tətbiqini təmin edən şəxsdir. Vətəndaşların dövlət orqanları haqqında formalaşdırdığı təsəvvürlərin böyük hissəsi məhz dövlət qulluqçularının peşəkarlığı, etik davranışı və məsuliyyəti ilə bağlı olur.

Bu baxımdan “Dövlət qulluğu haqqında” Qanun dövlət qulluqçularının hüquq və vəzifələrini, etik davranış normalarını, sosial təminat mexanizmlərini və məsuliyyət tədbirlərini əhatə edən mühüm sənəd kimi çıxış edir.

Qanun qəbul olunduğu vaxtdan etibarən daim təkmilləşdirilmiş, yüzlərlə dəyişiklik və əlavələrlə zənginləşdirilib. Etik davranış qaydaları, icbari sığorta, pensiya təminatı və sosial müdafiə tədbirləri dövlət qulluqçularının fəaliyyətinin mühüm tərkib hissəsinə çevrilib. Bununla yanaşı, müasir dövrdə dövlət idarəçiliyinin səmərəliliyi ilk növbədə insan kapitalından asılıdır. Bu səbəbdən Azərbaycanda dövlət qulluqçularının peşəkar hazırlığı və davamlı inkişafı xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə əsas rol oynayan təhsil müəssisələrindən biri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır. Akademiya dövlət idarəçiliyi sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını həyata keçirir, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması üçün müxtəlif proqramlar təşkil edir.

Burada idarəetmənin müasir metodları, strateji planlaşdırma, rəqəmsal transformasiya, insan resurslarının idarə edilməsi, liderlik və innovativ idarəçilik kimi istiqamətlər üzrə ixtisasartırma kursları keçirilir. Bu proqramlar dövlət orqanlarının fəaliyyətinin daha səmərəli və çevik təşkilinə xidmət edir.

Son illərdə dövlət qulluğunda gender bərabərliyinin təmin olunması istiqamətində də mühüm irəliləyişlər əldə edilib. Belə ki, mövcud statistik göstəricilərə görə, dövlət qulluqçularının təxminən 29 faizi qadınlardan ibarətdir.

Bununla bərabər, dövlət qulluğu yaş müxtəlifliyi ilə də seçilir. Gənc mütəxəssislərlə yanaşı, uzun illər təcrübəyə malik peşəkar kadrlar da dövlət idarəçiliyində fəaliyyət göstərirlər. Bu müxtəliflik həm yenilikçi yanaşmaların tətbiqinə, həm də institusional təcrübənin qorunmasına imkan yaradır.

XXI əsrin çağırışları dövlət idarəçiliyinə yeni tələblər irəli sürür. Rəqəmsallaşma, süni intellekt texnologiyalarının inkişafı, açıq hökumət prinsipləri və şəffaflığın artırılması dövlət xidmətlərinin yeni mərhələyə keçidini şərtləndirir. Azərbaycan da bu qlobal tendensiyalara uyğun olaraq elektron hökumət sistemini inkişaf etdirir, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını sürətləndirir və vətəndaş məmnuniyyətinin artırılmasına yönəlmiş layihələr həyata keçirir. Elektron xidmətlərin genişləndirilməsi nəticəsində vətəndaşlarla dövlət orqanları arasında əlaqələr daha operativ, şəffaf və əlçatan xarakter alıb.

Bu prosesdə dövlət qulluqçularının rolu xüsusilə böyükdür. Yeni texnologiyaların tətbiqi yalnız texniki məsələ deyil, həm də yeni bilik və bacarıqlar tələb edən idarəetmə mədəniyyətinin formalaşdırılması deməkdir.

Hər il iyunun 23-də keçirilən tədbirlər yalnız təbrik xarakteri daşımır. Bu gün dövlət qulluğunun cəmiyyət üçün əhəmiyyətini vurğulayan, peşəkar fəaliyyəti ilə seçilən əməkdaşların mükafatlandırıldığı, dövlətə sədaqət və məsuliyyət prinsiplərinin təbliğ edildiyi xüsusi bir gündür.

Ənənəvi olaraq Dövlət başçısı İlham Əliyev bu münasibətlə bir qrup dövlət qulluqçusunu fəxri adlar, orden və medallarla təltif edir. Bu mükafatlar dövlət qulluqçularının uzun illər ərzində göstərdikləri səmərəli fəaliyyətə verilən yüksək qiymətin göstəricisidir.

Bir sözlə, dövlət qulluğu hər bir ölkənin dayanıqlı inkişafının əsas sütunlarından biridir. Azərbaycanda dövlət qulluğu sisteminin formalaşdırılması və müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnuniyyətinin artırılmasına və dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Beləliklə, tam əminliklə deyə bilərik ki, 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü dövlətə və xalqa xidmət edən minlərlə insanın əməyinə verilən qiymətin, peşəkarlığın, məsuliyyətin və vətənpərvərliyin təntənəsidir. Bu gün dövlət qulluqçularının cəmiyyət qarşısındakı mühüm missiyasını bir daha xatırladır və gələcək nəsilləri dövlətə vicdanla xidmət etməyə ruhlandırır.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*