“Ermənistanın verdiyi təxribatçı bəyanatlar ölkəyə heç bir fayda vermir və çox təhlükəli xarakter daşıyır”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində Paris Panteon Assas Universitetinin beynəlxalq hüquq üzrə tədqiqatçısı, Beynəlxalq İnsan Hüquqları Federasiyasının keçmiş katibi, erməniəsilli Fransıza vətəndaşı Raffi-Philippe Kalfayan deyib.
O daha sonra fikirlərini belə davam etdirib: “Mən Fransa vətəndaşı kimi deyə bilərəm ki, prezident Makronun Ermənistana münasibəti kifayət qədər məsuliyyətsiz və diqqətsiz tərəfləri ilə xaraterizə olunur. Çünki rəsmi Paris Ermənistan, Azərbaycan və Türkiyə ilə münasibətlərdə ciddi gərginlik yaradır, münaqişəni alovlandırmaq üçün sanki dəridən-qabıqdan çıxır. Bu baxımdan Prezident Makron məsuliyyətsiz addımlar atır, çünki Fransa Ermənistan torpağında yoxdur və əminəm ki, heç vaxt olmayacaq. Ermənistanla Azərbaycan arasında, eləcə də Ermənistanla Türkiyə arasında əlavə gərginlik yaratmaq Ermənistanı məhv etmək deməkdir. Bundan başqa, Fransa bəyanatları ilə Rusiyanı Ermənistana qarşı hərəkətə keçməyə təhrik edir. Fransa Ermənistanı qurban verəcək. Ermənistan bütün sahələrdə itkilər verəcək. Bu, 2023-cü ildə oldu. Hələ o vaxt yazdığım məqalədə də bu mesajı vermişdim.
Bu gün Rusiya ilə əlaqələri kəsmək barədə düşünmək belə dəhşətli nəticələrə səbəb olar. Bu, Ermənistan üçün intihar olacaq. İnsanların bu yanaşmanı niyə pisləmədiyini hələ də anlamıram.
Mən Rusiyanı bəhanə etmirəm, çünki onun Qarabağla bağlı kifayət qədər mənfi münasibət bəslədiyi aydındır, lakin bu, bizim oyuna qarışmağımıza səbəb olmamalıdır.
Prezident Makronun indiki siyasəti ilə bağlı bir şeyi də əlavə etmək istərdim. Fransada Makronun aktiv siyasəti və məqsədləri barədə xeyli cavabsız suallar var. Fransa prezidentinin həm ABŞ, həm də digər Qərb ölkələri tərəfindən yekdilliklə rədd edilən xeyli müraciətlərini xatırlayın.
Martın 5-də Fransaya məxsus üç döyüş təyyarəsi Qara dənizdə Rusiya sərhədini pozmağa cəhd edib. Baş verənlər çox ciddi diplomatik və hərbi insident yaradıb. Rusiya baş verənləri təxribat kimi qiymətləndirib. Fransada bir çox diplomatik və hərbi mütəxəssislər özlərinə sual verirlər: Rusiyanı bu cür təxribata çəkməyin nə mənası var idi?
Demək istəyirəm ki, Paşinyanın Ermənistandakı davranışı Makronun bu işdəki davranışı ilə eyni məntiqə malikdir. Məqsəd təxribat idi.
Fransa cəmiyyətində ona qarşı bir qəzəb var. Onun hakimiyyətinin bütün dövrlərində belə olub, amma bu gün daha da sərtləşib.
Xüsusən də kənd təsərrüfatı məhsulları istehsalçıları ilə bağlı problem var. Fransanın dövlət borcunun çox sürətlə artması da narahatlıq doğurur. Fransa hökuməti bütün bunlardan çox narahatdır.
Fransa hakimiyyəti belə bir səs-küy yaradır ki, guya Rusiya Avropaya hücum edəcək. Əslində isə bu, belə deyil. Rusiyanın heç vaxt belə bir niyyəti olmayıb. Rusiya sadəcə olaraq deyir: Biz istəyirik ki, siz SSRİ-nin dağılmasından sonra çəkilmiş xətləri keçməyəsiniz, bizim təsir dairəmizə girib orada müxtəlif silahlar və NATO qüvvələri yerləşdirməyəsiniz.
Problem ondadır ki, Rusiyanı təhrik etməklə hərbi eskalasiya riski artır. Rusiyanı sıxışdırmaqda çox uzağa getsək, Rusiya daha kiçik hədəflərdə, o cümlədən Ukraynada taktiki nüvə silahlarından istifadə edə bilər. Ona görə də bu şəraitdə prezident Makronun oyunu çox təhlükəlidir və bir daha deyirəm, eskalasiya riski var”.
Natiq Səlim,
KONKRET.az
