Məşhur blogerdən QALMAQALLI ETİRAFLAR:”Diri həşərat da yemişəm” – FOTObackend

Məşhur blogerdən QALMAQALLI ETİRAFLAR:"Diri həşərat da yemişəm" - FOTO

Nə qədər dünya görüşlü, mədəni, bütün etiket qaydalarına riayət edən insan olsaq da aclıq güc gələndə, biz o biz deyilik. Əslində, yemək ən nəhəng eşq, bir o qədər də böyük mədəniyyətdir.

Bəli, kulinariyadan bəhs edəcəyik. Özü də ölkənin ən məşhur blogeri Fərhad Aşurbəyli ilə…

Publika.az-ın müsahibi Fərhad Aşurbəylidir.

– Çoxları sizi aşpaz kimi tanıyır.

– Aşpaz deyiləm, bu peşənin təhsilini almamışam. Ona görə məni aşpaz adlandırmaq yanlışdır. Bəli, kulinariyanı çox sevirəm. Bu, mənim uşaqlıq ehtirasımdır. Təxminən 10 il əvvəl sosial şəbəkələr vüsət almağa başlayanda özümə bloq açmaq qərarına gəldim. Xarici blogerlərin təcrübəsi ilə maraqlandım, bir sıra məlumat əldə edəndən sonra bloger kimi fəaliyyətə başladım. Çox qısa zamanda bloqum məşhurlaşdı. Bu mənim üçün xoş sürpriz oldu. Çünki belə böyük reaksiya gözləmirdim. Uzun müddətdir ki, dünyanı gəzirəm, reseptlər toplayıram, məqalələr yazıram.

-Yəni bir növ hobbiniz sevimli peşənizə çevrildi

– Bəli. Günümü bloqu zənginləşdirməyə sərf edirəm. Mən indi özümə həm qastronomik turist və bloger, həm də kulinar deyə bilərəm.

– Bəs “yemək” karyeranızı quranadək harada işləyirdiniz?

– Bank sahəsində marketoloq kimi çalışırdım. Ümumiyyətlə, peşəm marketoloq idi. Amma əsas məhəbbətim yeməkdir. Özümü başqa sferada təsəvvür etmirəm.

– Yəqin ki, bu sahədə kumiriniz var…

– Ceymi Oliver… Ona qarşı həmişə rəğbətim olub. Doğrudur, onun nəhəng komandası var, amma Ceymi özü də fantastik insandır. Ümid edirəm ki, önümüzdəki bir neçə il ərzində onu Bakıya dəvət edib mətbəximizi tanıda bilərik. Artıq bu yöndə işlr aparırıq. Doğrudur, bu, bahalı həzzdir, amma inanıram ki, məqsədimizə nail olacağıq.

-Ceyminin tövsiyələrindən mən də yararlanıram. Amma maraqlıdır ki, dünyada onlarla fud blogerin içərisindən niyə məhz onu seçmisiniz?

– Cəmi 15 dəqiqə ərzində qəlyanatı yox, doyumlu nahar hazırlamağın yolunu dünyaya sübut edib. Bimirəm, işinə olan sevgisi də məni cəlb edirdi. Bir sözlə, videolarına hər baxanda onun kimi olmaq istəyirdim.

-Qastro-turist Fərhad Aşurbəylinin səyahət etdiyi ən ekzotik ölkə hansı olub?

– Dünyanın bir çox ölkəsində olmuşam. Hərəsinin də özünə məxsus, maraqlı mətbəx mədəniyyəti var, amma İndoneziya mənim üçün başqa aləmdir. Deyə bilərəm ki, Azərbaycandan sonra ən çox sevdiyim ölkədir. İstər mətbəx, istərsə də təbiət baxımından çox zəngin və ekzotikdir. İnanmazsınız, onlarda da yarpaq dolması var. Doğrudur, hazırlanma texnikası fərqlidir, amma mənşəcə çox bənzəyir. Şri Lanka, Hindistan, Avropa ölkələri, hər biri özünə görə təkrarsız və maraqlıdır.

– İndoneziyadan ətraflı danışaq…

– Artıq iki dəfə olmuşam. Üçüncü dəfə getməyi də planlaşdırıram. Mənim əsas missiyam getdiyim ölkənin milli mətbəxi ilə tanış olub reseptləri Azərbaycana gətirməkdir.Ən əsası isə həmin reseptləri bizim mətbəxə uyğunlaşdırmağa çalışıram. Çünki fərqli mətbəxləri öz ölkəndə olduğu kimi bişirib sevdirə bilməzsən. İlk səfərim 2016-cı ildə baş tutdu. Bir aylıq səfər etmişdik. Əsasən, Bali adasında qaldıq. İndoneziyalılar, ruslar, bir çox başqa millətlər də vardı. Əlimin altında bizim ərzaqlardan heç nə yox idi, amma milli mətbəximizdən nə isə gğstərməli idim. Manqal salatı hazırladım. Onar üçün o qədər qəribə idi ki… Çünki bu tərəvəzləri ancaq qril kimi bişirib dadmışdılar. Əminəm ki, manqal salatını hələ də hazırlayırlar. Bir də böyük arzum var ki, Bali adasında Azərbaycan mədəniyyət evi açım.

-Sizcə, turizmin ən çox inkişaf etdiyi adaların birində bu arzuya çatmaq mümkündür?

-Niyə də olmasın?! Təsəvvür edin ki, Abşeron yarımadası boyda əraziyə 12 milyon turist gəlir. Müxtəlif millətdən olan insanlar həftələrlə, aylarla Balidə yaşayırlar. Müxtəlif mədəniyyətlərlə tanış olurlar. Bali adasında gürcü restoranı var. Bizim mətbəximiz niyə tanınmasın ki?! Bu elə bir məkan olmalıdır ki, həm musiqi, həm mədəniyyət, həm də mətbəximiz haqda məlumat verə bilək.

– Doğrudur, hətta əcnəbi tanışlarım bizə adi görünən armudu stəkanda çay mədəniyyətimizi dəfələrlə dünyaya tanıtmağı təklif ediblər.

– Elə bu yaxınlarda Fransanın ən nüfuzlu kulinar jurnalının əməkdaşları qonağımız idilər. 1 həftə ərzində onlarla gözəl zaman keçirdik. Mədəniyyətimiz, mətbəximiz haqda məlumat verdim. Mingəçevirdəki kürü hazırlanan zavoda getdik. Qürurla qeyd edim ki, mənimlə müsahibə də etdilər. Təsəvvür edin ki, dünyanın ən məşhur kulinar jurnalı səninlə müsahibə edir.

– Həqiqətən gözəl xəbərdir.

– Hətta bu yaxınlarda Azərbaycanın baş aşpazlarının yarışını keçirmək də mənimlə əməkdaşlarıma həvalə olundu. Azərbaycanın ilk milli kulinariya çempionatı olan “Qızıl Şah” adlı layihəmizi başa vurduq. Bu layihə Azərbaycan kulinariyasının əfsanəsi olan Şahhüseyn Kərimovun şərəfinə idi. Ümumiyyətlə, təşkil etdiyimiz layihələrə onlarla ölkədən iştirakçlar qatılır, bizi öz dövlətlərinə dəvət edirlər. Görürəm ki, yavaş-yavaş blogerlikdən başqa mərhələyə keçirəm.

– Bu təbiidir. Ömür boyu bloger olmaq mümkün deyil.

– Buna nə ad qoyursunuzsa, qoyun. Əsas odur,milli mətbəximizin inkişafına xidmət edirəm.

– Gəlin, qalmaqallarınızdan danışaq.

– Mənim münaqişəm Azərbaycan Kulinariya Mərkəzi və Tahir Əmiraslanovladır. İstənilən qurumun fəaliyyətində tənqid vacibdir. Onların fəaliyyətini qeyri-peşkar və təşkilatsız hesab edirəm. Gənc kadrları cəlb etməkdən imtina edirlər. Özlərini üstün sayırlar. Bəli, Tahir Əmiraslanov 90-cı illərdə Azərbaycan mətbəxi üçün az iş görməyib. Bunu danmaq doğru olmazdı. Amma təəssüf ki, bu gün də menecmenti 90-cı illərə uyğun qurub. Bizsə, müasir texnologiya dövründə yaşayırıq. Tahir Əmiraslanovun münaqişəsi tək mənimlə deyil, gənc aşpazlarladır. Belə bir qanun var ki, istənilən aşpaz Beynəlxalq Aşpazlar Birliyinin hakim statusunu amaq üçün hansısa bir ölkənin Kulinariya Assosiasiyasının üzvü olmalıdır. Bu gün Azərbaycanın üç peşəkar aşpazı həmin statusu qazanmaq üçün Tahir Əmiraslanova müraciət ediblər. Tahir bəy bütün müraciətləri geri çevirib, aşpazları üzvlükdən çıxardıb. Biabırçılıq odur ki, ölkənin ən nüfuzlu 3 aşpazı həmin statusu almaq üçün Çernoqoriya adlı ölkənin Milli Kulinariya Birliyinə üzv olublar. Tahir Əmiraslanov mən və əməkdaşlarımı məhkəməyə verib. 350 min manat dəyərində mənəvi və təzminat tələb edir. O düşünür ki, bizim uğurumuz ona mənfi təsir edir. Amma dövlətin gəncləri önə çəkmək siyasətini unudur. Dəfələrlə müraciət edib birgə fəaliyyət təklif etmişik. Razılaşmır.

– Bəlkə düşünür ki, kreslosuna göz qoymusunuz?

(gülürük)

-Özünüz düşünün, onlarla reklamı olan bloqun yaradıcısıyam. Məni dəvət edən ölkələrin şirkətləri xərclərimi ödəyir. Sizcə, bu templi və kifayət qədər təminatlı işimi quru kresloya dəyişərəm?!

– Mən də olsam, dəyişməzdim. İnsan özünün müdiri olanda, işləmək ikiqat zövqlü olur. Bir az bişirmək ehtirasınızdan danışaq.

– Yemək bişirməyi çox sevirəm.

– Ailəlisiniz?

– Bəli. Xanımım da yeməklərimi çox sevir.

– Tələsik evə getdim, yemək hazırlamağa cəmi 15 dəqiqə vaxtım var. Nə bişirim?

– Soğanı xırda doğrayıb suyunu sıxın. Üzərinə bir ovuc doğranmış kərəviz, bazilik və sarımsaq töküb qızardın. Ardınca sürtgəcdən keçirilmiş pomidor əlavə edin. Birgə bişirin. Kənarda makaron dəmləyib üzərinə əlavə edin. Ya bol parmezan, ya da mozarella pendiri töküb yeyin. Azərbaycan plovunu da çox sevirəm. Bu günlərdə Lənkəranda idim. Orada “həşimi” sortundan olan düyü becərilir. Çox gözəl dadı və ətri var. Mən 3-cü mərtəbədə yaşayıram. Onu dəmləyəndə, ətiri bütün binaya yayılır.

-Fərhad, bu qədər səyahət edirsiniz. Fərqli mətbəx nümunələri dadırsınız. Heç zəhərlənmisiniz?

-İnanırsınız, heç vaxt olmayıb. Demək olar ki, hər şey yeyirəm. İyi, dadı nə qədər iyrənc olsa da yeyirəm. Çünki düşünürəm ki, dadmalıyam. Qarınquluyam. Gözümün önündə diri-diri tavaya atılan dəniz böcəkləri, həşəratlar yemişəm. Həftələrlə qalıb tərkibi köhnələn yumurta dadmışam. Amma zəhərlənmirəm.

– Demək mədənizdə antivirus var.

– Bu, yemək eşqidir. Məncə dünyanı gözəllik deyil, yemək xilas edəcək. Fərq etmir, gözəlsən, çirkinsən, varlı, yaxud kasıbsan. İnternetin var, yoxdur, yemək yemirsənsə, yox olacaqsan. Dadlı yemək isə bir başqa zövqdür.

– Gəlin, təsəvvür edək ki, mən xarici qonağam. Azərbaycana ilk dəfə səfər edirəm. Hansı yeməkdən başlamağı tövsiyə edərdiniz?

– Öncə plov. Özü də bütün növləri… Özü də Lənkəranda… İkinci dolmalarımız. Mən özüm sacda hazıranan bütün yeməkləri sevirəm. Bu hazırlanma texnologiyasını sevirəm. Sonra isə bozbaş, piti və digər xörəkləri dadmaq olar. Mətbəximiz çox zəngindir. Bu 30 ili hədər verməsəydik, Qafqazın qastro paytaxtı ola bilərdik. Kulinar Məkəzlə mübahisəmin bir səbəbi də budur ki, bu sahədə birincilik Gürcüstanın əlindədir. Bizsə bu misiyanı təzəlikcə başlatmışıq.

– Xörəklər, yoxsa qadınlar?

– Xörəklər və həyat yoldaşım!

– Xörəklər, yoxsa musiqi?

– Xörəklər!

– Pendir, yoxsa ət?

– Təbii ki, ət!

– Vegetarianlara münasibətiniz necədir?

– Siz vegetariansınız?

– Xeyr.

– Nə yaxşı… Yoxsa durub gedəcəkdim.

(gülürük)

Təbii ki, zarafat edirəm. İnsanların seçimlərinə böyük hörmətlə yanaşıram. Amma ət yemədən yaşamaq mümkün deyil. Qiyməsiz xəngəl, Küftəsiz, kababsız həyat təsəvvür etmirəm. Hətta mənə desələr ki, ət yesən, öləcəksən, böyük bir steyk bişirəcəm. Bol kərə yağı, sarımsaq əlavə edəcəm. Gözəl şərabla yeyib öləcəm. Amma xoşbəxt öləcəm. Biz tək ət yeyən, yaxud sırf otla qidalanan canlı deyilik axı. Doğru şəkildə hər şeyi dadmaq lazımdır.

-Bəs nə yeməsəniz, yadınıza düşməz?

– Xüsusi şirniyyat həvəskarı deyiləm. Düzdür, bəzən tort alıb içinə baş vurmaq istəyirəm, amma bu nadir hallarda olur. Amma bir gün ət yeməsəm, özümü asaram. İnsan canlı olan nəyisə bişirib yemirsə, demək içi qurdludur. (gülürük) Təbii ki zarafat edirəm.

-Düşünürəm ki, səfərlərinizə tək çıxanda daha rahat olarsınız?

– Buna xüsusi fikir verməişəm. Bəzən operatorla, bəzən həyat yoldaşımla gedirəm. Özüm tək getdiyim vaxtlar olur. İstənilən halda narahatlıq hiss etmirəm. İnteraktiv insanam, ünsiyyət, dost məclislərini, süfrələrini çox sevirəm. Ona görə bu haqda düşünməmişəm. Məsələn, bu yaxınlarda həyat yoldaşımla Sibir meşələrinə gedəcəyik. İki həftə əzində meşədə komada yaşayacağıq. Ocaqda yemək bişirəcəm. Təbii ki, bunların hamısının video çəkilişini edəcəyik. Ümumiyyətlə, qastro təcrübələrimi izləyicilərimlə, insanlarla bölüşməyi sevirəm. Məsələn, Malayziyanın hansısa kəndində nənələr yemək hazırlamazdan öncə tullanıb düşürlər, yaxud digər qəribə ayinlər, faktlar da diqqətimi çəkir.

– Getdiyiniz ölkədə neçə müddət yaşamalısınız ki, mətbəxi haqda az da olsa, anlayışınız yaransın?

– Minimum bir ay. Çünki şəhərlərin mərkəzində rastlaşdığınız yemək növləri məhduddur. Bölgələrə getmək, qastronomik mədəniyyətlə tam tanış olmaq lazımdır.

– Həyat kredonuz varmı?

– Mən 17 yaşımda öz biliyim hesabına Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdum. Valideynlərim də çox sevinirdilər. Birinci kursu başa vurandan sonra anladım ki, getdiyim yoldan zövq almıram. Heç düşünmədən ali təhsilimi yarımçıq qoydum. Anladım ki, əsas məqsədim bu deyil. Atdığım addımdan peşman deyiləm. Ona görə son şalvarını satıb istəmədiyi ixtisas üzrə 4 il zaman sərf edən insanları başa düşmürəm. Əsas odur ki, qarşınıza məqsəd qoyun yavaş-yavaş ona doğru irəliləyin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*