Meyxanaçıların şahı Rəşad Dağlıdır? – Pünhanbackend

Meyxanaçıların şahı Rəşad Dağlıdır? - Pünhan

Meyxanaçı Pünhan Əzimin Kult.az-a müsahibəsi:

– Pünhan, bütün incəsənət sahələri insana nəsə verir. Bəs meyxana bizə nə verir?

– Bütün incəsənət sahələri bizə nə verirsə, meyxanadan da onu almaq olar. Sadəcə, bu insanların baxış bucağına görə dəyişir. Bəzən əyləndirir, bəzən düşündürür, bəzən də heyrətləndirir. Heç nə verməsə belə möhtəşəmdir.

– Narkotikin təbliği, kriminala dəstək verilən meyxanalar da möhtəşəmdir?

– Meyxananın mahiyyətini ancaq bu kimi şeylərdə görənlər üçün əlbəttə, möhtəşəm deyil. Məsələn, Aydın Xırdalanlının bədahətən dediyi meyxanadan bir parça: ”Çalış nöqtə boyda mənfəət üçün, əyilmə heç bir kəsə vergül kimi”. Məncə, bu, möhtəşəmdir.

– Xüsusi ilə Vüqar Biləcərinin vəfatından sonra xiridarlar onun yerində sizi görürlər. Bu yer ağır deyilmi? Layiq hesab edirsiniz özünüzü?

– Allah Vüqara rəhmət eləsin. Vüqar həm uşaqlıq dostum, həm sevdiyim şair idi. İstər qəzəl, istər meyxana sahəsində möhür qoymuş biridir. Hətta sağlığında belə sosial şəbəkələrdə qeyd etmişdim ki, Vüqar bənzərsiz şairdir. Qalanını xiridarlar bilər.

– Sənət sahələrinin adamları arasında həmişə rəqabət olur. Bəs siz meyxanada kim ilə rəqabət aparırsınız?

– Rəqabət barəsində uzun-uzadı danışmaq olar. Amma ən yaxşısı susmaqdır. “Rəqibiniz kimdir” sualına gəldikdə isə mən adətən, özümlə yarışıram.

– Yəni yoxdur.

– Özümlə yarışıram…

– Özünüzdən üstün də gördüyünüz yoxdur? Məsələn, Rəşad Dağlı.

– Bəlkə də cavabım şablon səslənəcək, hər halda nə özümü kimdənsə, nə kimisə özümdən üstün bilirəm. Belə bir müqayisə ölçüm yoxdur. Arzu edirəm ki, deyişmənin əvəzsiz ustadını da tezliklə meydanlarda görək.

– Niyə qıraqdan elə görsənir ki, meyxanaçıların şahı Rəşad Dağlıdır və hamı onun kölgəsindədir?

– Məsələ Rəşad deyil. Məclis sahiblərinin qətiyyətli seçimləri olmadıqca, bu kimi söhbətlər daim olacaq. Rəşad məclislərdə çox istənilirsə, qıraqdan belə görülməməlidir.

– “Rəşad kimi istəsə, onu da toya qoymaz” fikri nə dərəcədə doğrudur? Burada da monopoliya var?

– Rəşad illərin sənətkarıdır. Sözə həssas yanaşan adamdır. Qısa zamanda tapıb dediyi bəndlər hamımıza məlumdur. Söz xiridarları onu çox sevirlər və bu sevgilərində də haqlıdırlar. Bu cür söhbətlər əsassızdır. Rəşada zindan həyatında səbirli və möhkəm olmağı arzu edirəm. Ümid edirəm ki, şairimiz tez bir zamanda azadlığına qovuşacaq.

Sosial şəbəkədə ən çox tənqid olunan, lağ obyektinə çevrilən meyxanaçı Balaəlidir. Ona həmkar kimi sizin münasibətin necədir?

– Baləlinin yaxşı meyxana deməyinə dəfələrlə şahid olmuşam. Amma yenə də dostlarımın mənfi cəhətlərini öz yanlarında tənqid etməyə ixtiyarım çatır. İradım varsa, özünə bildirirəm. Belə publik söhbətlərdə nələrisə deməyə ehtiyac görmürəm. Bəzi məsələlər öz aramızda daha yaxşıdır.

– Pünhan Əzimin ən yaxşı meyxanası hansıdır?

– Nəinki dediyim meyxanalar, hətta yazdığım şeirlər belə yadımda deyil. Bu sualı meyxana dinləyiciləri daha yaxşı cavablandıra bilər. Mənim danışmağım təvazökarlıqdan uzaq olar.

– Meyxanaçıların adı əvvəl daha çox narkomanlıqda hallanırdı. Sonra isə dindar oldular. Orta xətt yoxdurmu?

– Meyxana son iki ildi narkomaniyaya qarşı təbliğat aparır, nəinki təbliğ edir. Əvvəllər olub, bəli, amma indi bu söhbətlər hamı görür ki, səngiyib, yox dərəcəsindədir. Dindarlığa qaldıqda isə bu, insanın qəlbində olmalıdır, dilində yox.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*