ABŞ-da Donald Tramp kimi hazırkı prezident Co Baydenin də prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün keçirilən praymerizlərdə – partiyadaxili seçkilərdə iştirakına icazə verilməməsi barədə söhbətlər gedir.
KONKRET.az xəbər verir ki, Missuri ştatının dövlət katibi Cey Eşkroft bununla hazırki prezidenti hədələyib. O, bildirib ki, Ali Məhkəmə Kolorado və Men ştatlarında Trampa qarşı oxşar hökmləri ləğv etməsə, o, Baydenə qarşı eyni qadağanı öz ştatında da tətbiq edəcək.
“Kolorado və Mendə baş verənlər biabırçıdır və respublikamızı sarsıdır. Mən Ali Məhkəmənin bu qərarı ləğv edəcəyini gözləyirəm. Əgər belə olmasa, Dövlət Katibləri işə qarışacaq və Donald Tramp üçün olan yeni hüquqi standartın Co Baydenə də eyni dərəcədə tətbiq olunmasını təmin edəcəklər!”, – Eşkroft X-də yazıb.
Qeyd edək ki, ABŞ-da ilkin seçkilərin yanvarın 15-də Ayova ştatından başlaması planlaşdırılır.
Burhan,
KONKRET.az
