Neft və daşınma xərcləri azalır, amma çörək niyə ucuzlaşmır? – VACİB SƏBƏBLƏRbackend

Neft və daşınma xərcləri azalır, amma çörək niyə ucuzlaşmır? - VACİB SƏBƏBLƏR

Hörmüz boğazında gərginliyin azalması fonunda dünya bazarlarında neft qiymətlərinin və beynəlxalq daşınma xərclərinin aşağı düşməsi müşahidə edilir. Bu vəziyyətin Azərbaycanda ərzaq məhsullarına, xüsusilə də un və çörəyin qiymətinə təsir edib-etməyəcəyi müzakirə olunur.

Bəs beynəlxalq bazarlarda baş verən dəyişikliklər ölkədə çörəyin ucuzlaşmasına səbəb ola bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, Hörmüz boğazındakı gərginliyin azalması nəticəsində neft qiymətlərinin enməsi artıq reallığa çevrilib.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

Onun sözlərinə görə, tərəflər arasında müəyyən anlaşmalar əldə edilsə  də, prosesin uzunmüddətli olub-olmayacağı hələ də sual altındadır:

“Hazırda görünən odur ki, qiymətlər aşağı düşür. Neftin ucuzlaşması dünya bazarlarında daha sakit və sabit mühit yaradır. Bu, ümumilikdə müsbət haldır. Lakin un və çörəyin qiyməti birbaşa buğda bazarındakı vəziyyətdən asılıdır”.

İqtisadçı vurğulayıb ki, buğdanın qiymətinə təsir edən əsas amillər enerji daşıyıcıları deyil:

“Buğdanın qiyməti hava şəraiti, dünya bazarına çıxarılan taxılın həcmi və ərzaqlıq buğdaya olan tələbat kimi amillərlə formalaşır. Hazırda dünya bazarında müəyyən artım müşahidə edilir. Bu artım təkcə Hörmüz boğazındakı proseslərlə bağlı deyil.

Beynəlxalq bazarda buğdanın qiymətində təxminən 5 faiz civarında yüksəliş qeydə alınıb.

Bu artım çox yüksək deyil və hazırda ciddi təsir yaratmır. Ancaq gələcəkdə bazarda buğdanın fiziki həcmi azalarsa, qiymətlər yenidən yüksələ bilər. Bu isə bir çox ölkələr kimi Azərbaycana da təsirsiz ötüşməyəcək”.

Ekspert xatırladıb ki, Azərbaycan buğda tələbatının təxminən yarısını daxili istehsal hesabına qarşılayır:

“Ölkə öz tələbatının təxminən 50 faizini yerli istehsal hesabına təmin edir, qalan hissə isə idxal olunur. Buna görə də xarici bazarlardakı qiymət dəyişiklikləri istər-istəməz daxili bazara da təsir göstərir”.

Beləliklə, neft və nəqliyyat xərclərinin azalması iqtisadi baxımdan müsbət tendensiya sayılsa da, hazırkı şəraitdə un və çörəyin qiymətində ciddi ucuzlaşma gözlənilmir. Əksinə, dünya bazarında buğdanın qiymət dinamikası gələcək dövrdə əsas müəyyənedici faktor olaraq qalır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*