Azərbaycan büdcəsində tarixi dəyişiklik: Neftdən asılılıq azalır?backend

Azərbaycan büdcəsində tarixi dəyişiklik: Neftdən asılılıq azalır?

“2025-ci il dövlət büdcəsinin icrası haqqında sənədi qiymətləndirərkən həm gəlirlər, həm də xərclər hissəsinə ayrıca diqqət yetirmək vacibdir. Büdcənin icrası göstərir ki, ötən il gəlirlər hissəsi üzrə fiskal və qeyri-fiskal daxilolmaların təmin olunması mümkün olub. 2025-ci ildə dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan 20 milyard 364 milyon manat vəsait daxil olub ki, bu da büdcə gəlirlərinin 52 faizini təşkil edir. Bu, o deməkdir ki, ötən il dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu qeyri-neft-qaz sektorunun payına düşüb. Bu göstərici iqtisadiyyatın şaxələndirilməsi və fiskal dayanıqlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında deputat Vüqar Bayramov səsləndirib.

O bildirib ki, 2025-ci ildə vergi orqanları xətti ilə dövlət büdcəsinə 16 milyard 395 milyon manat vəsait daxil olub:

“Gəlirlər hissəsində diqqət çəkən məqamlardan biri də qeyri-neft-qaz sektoru üzrə daxilolmaların artmasıdır. Belə ki, 2025-ci ildə vergi orqanları xətti ilə dövlət büdcəsinə 16 milyard 395 milyon manat vəsait daxil olub. Bu isə vergi daxilolmalarının 73,4 faizinin qeyri-neft-qaz sektorunun payına düşdüyünü göstərir.

“Digər mühüm istiqamət gömrük orqanları vasitəsilə dövlət büdcəsinə daxilolmalardır. 2025-ci ildə bu göstərici 6 milyard 369 milyon manat təşkil edib. Bununla yanaşı, qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, gömrük orqanlarının əsas funksiyası yalnız fiskal gəlirlərin təmin olunması deyil, həm də dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasıdır. Bu baxımdan gömrük daxilolmalarını qiymətləndirərkən iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının roluna xüsusi diqqət yetirilməlidir. Bu yanaşma gələcəkdə fiskal funksiyalarla yanaşı, gömrük sisteminin iqtisadi təhlükəsizlik sahəsində rolunun daha da güclənməsinə şərait yaradacaq.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında diqqət çəkən məqamlardan biri mənfəət vergisi üzrə proqnozun 5,3 faiz aşağı icra olunmasıdır. Bu, birbaşa vergi növü olduğuna görə ayrıca qiymətləndirilməlidir. Çünki mövcud iqtisadi siyasətin əsas məqsədlərindən biri dolayı vergilərlə müqayisədə birbaşa vergilərin payının artırılması, xüsusilə də mənfəət vergisi və digər birbaşa vergi növləri üzrə daxilolmaların genişləndirilməsidir”.

Deputat əlavə edib ki, cənab Prezidentin rəhbərliyi ilə beşinci sosial paketin həyata keçirilməsi nəticəsində ötən il təxminən 3 milyon vətəndaş sosial dəstək tədbirlərindən yararlanıb:

“Gəlirlər hissəsini təhlil edərkən diqqəti cəlb edən digər məqam bəzi göstəricilər üzrə proqnozlarla faktiki icra arasında ciddi fərqlərin olmasıdır. Əlbəttə, proqnozdan artıq daxilolmalar müsbət haldır, çünki dövlət büdcəsinə əlavə vəsait cəlb edilməsinə imkan yaradır. Bununla belə, torpaqların icarəyə və istifadəyə verilməsindən əldə olunan gəlirlərin proqnozu 38 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərindən əldə olunan gəlirlərin proqnozu 24 faiz, sair daxilolmalar üzrə isə göstəricilər 45,5 faiz üstələyib.

Qeyd etdiyimiz kimi, əlavə daxilolmalar müsbət qiymətləndirilməlidir. Lakin bəzi istiqamətlər üzrə kəskin kənarlaşmaların müşahidə olunması proqnozlaşdırma mexanizmlərinin və metodologiyasının təkmilləşdirilməsini gündəmə gətirir.

Xərclər hissəsinə gəldikdə isə, ilk növbədə 2025-ci ildə beşinci sosial paketin icrasını qeyd etmək lazımdır. Sosial istiqamətdə ayrılan vəsaitlərin artırılması və cənab Prezidentin rəhbərliyi ilə beşinci sosial paketin həyata keçirilməsi nəticəsində ötən il təxminən 3 milyon vətəndaş sosial dəstək tədbirlərindən yararlanıb. Bu isə dövlət büdcəsindən əlavə olaraq 2,4 milyard manat vəsait ayrılması demək idi.

Bəzi xərc istiqamətləri üzrə icra göstəricilərinin proqnozlaşdırılan səviyyədən aşağı olması da müşahidə olunub. Bunun əsas səbəblərindən biri vəsaitlərin daha səmərəli istifadəsi ilə bağlı həyata keçirilən tədbirlər hesab edilə bilər. Maliyyə Nazirliyinin son illərdə bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir.

Düşünürəm ki, 2025-ci ilin büdcə icrasından əldə olunan nəticələr və müşahidə olunan meyillər 2026 və 2027-ci illər üçün büdcə planlaşdırılması və proqnozlaşdırılması prosesində mütləq nəzərə alınmalıdır. Bu, həm büdcə siyasətinin səmərəliliyinin artırılmasına, həm də dövlət maliyyəsinin daha effektiv idarə olunmasına töhfə verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*