Paşinyan Putinlə ikitərəfli görüş keçirməyi planlaşdırır.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək dəvətini qəbul etdiyini bildirib.
“Sonuncu dəfə bu formatda görüş 2021-ci ilin noyabrında baş tutub. Ən mühüm gözləntilər bu dövrdə baş verən hadisələrin qiymətləndirilməsi ilə bağlıdır. Yığılmış çoxlu məsələlər var ki, onlarla bağlı müəyyən fikir mübadiləsi, dəqiqləşdirmələr və suallar verilə bilər”, – deyə Nikol Paşinyan bildirib.
O qeyd edib ki, “üçtərəfli işçi qrupunda əldə olunan razılaşmalara baxmayaraq, dəhlizlə bağlı bəzi açıqlamalar verilir”.
“Üstəlik, bu bəyanatlar təkcə Azərbaycan tərəfindən deyil, Rusiyada da Rusiya Prezidentinin verdiyi bəyanatlara və onun imzaladığı sənədlərə zidd olaraq bu məsələni pis tərəfə yönəltməyə çalışan anlaşılmaz insanlar var.
26 noyabr 2021-ci il tarixli bəyanatda deyilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi və işin sərhədin demarkasiyası komissiyasının işə salınması üçün tədbirlər görməyə razılaşıblar. Ermənistan tərəfi bəyanatın mətninə əsaslanaraq bildirib ki, təhlükəsizlik mexanizmlərini yaratmaq lazımdır, bundan sonra yalnız delimitasiya prosesinin başlanmasından danışmaq lazımdır.
O zaman rusiyalı həmkarlarımız delimitasiya komissiyasının fəaliyyətinin özünün təhlükəsizlik mexanizmi olacağını deyirdilər. Biz o nöqteyi-nəzəri bölüşməmişik. Amma prosesi dalana dirənməmək üçün çeviklik nümayiş etdirmək və bu addımı atmaq qərarına gəldik.
Lakin 2022-ci ildə delimitasiya komissiyası formalaşdıqdan sonra 13 sentyabr “təcavüzü” baş verdi. Həmkarlarımın bununla bağlı bağlı dəqiq siyasi mövqe bildirməmələri mənim üçün anlaşılmazdır. Bunlar mənim Rusiya Federasiyasının Prezidenti ilə ikitərəfli görüş formatında müzakirə etməyi planlaşdırdığım məsələlərdir”, – deyə Nikol Paşinyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
