“Keçmiş DTK sədri Vaqif Hüseynovun kitabındakı xatirələrində Kommunist Partiyasının liderlik keyfiyyəti olmayan, lakın rus dilini səlist bilənləri mərkəzi komitəyə və digər dövlət qurumlarına yığdığını, nəticədə 1988-ci ildə xalq ayağa qalxanda qarşıya çıxacaq partiya lideri tapılmadığını qeyd etməsi bu günün reallıqları ilə səsləşir”.

KONKRET.az xəbər verir ki, bu sözləri keçmiş MTN polkovniki Cavanşir Vəliyev deyib. Onun sözlərinə görə, səlis ingilis dilində danışmaq kimisə peşəkar etmir: “Bu yaxınlarda ABŞ və Aİ-dən olan ciddi xarici investorlarla bizim iri holdinqlərdən birinin top-menecmenti arasında yüksək səviyyəli görüş təşkil etmişdim. Bizim gənclər çox çalışırdılar: qüsursuz ingilis dili, bəzəkli korporativ terminlər, parıldayan təqdimatlar… Görüş bitdikdən sonra investorlar sakitcə mənə yaxınlaşıb soruşdular: “Bu uşaqlar ingilis dilindən başqa nəsə bilirlər?” Həmin an keçirdiyim hissləri təsəvvür edirsinizsə, gəlin əsas məsələyə keçək. Bu, bizim bazar üçün böyük bir dərsdir”.
Vəliyev qeyd edib ki, bu gün Azərbaycandakı bir çox aksioner və şirkət sahibləri arasında təhlükəli bir tendensiya var: “Harada ‘ingilisdilli’, xaricdən gələn, CV-si parlaq birini görürlərsə, ona dərhal CEO və ya Risk Menecer kreslosu etibar edirlər. Elə bilirlər ki, qərbli menecer gəlib möcüzə yaradacaq. Çox vaxt həmin əcnəbinin real peşəkarlığı, yerli reallıqları bilməsi isə ən sonuncu yerdə dayanır. Bu, çox böyük bir strateji səhvdir və Səhmdarların Müdafiəsi baxımından ciddi risklər yaradır. Xarici investorlara və ya yerli biznesi böyütmək istəyən aksionerlərə mükəmməl tələffüzlə danışan bahalı tərcüməçilər lazım deyil. Onlara sistemi daxildən bilən, çətin anlarda biznesi qorumağı bacaran LİDER lazımdır”.
Keçmiş MTN polkovniki həmçinin vurğulayıb ki, postsovet məkanında və xüsusilə bizim regionda biznes qərb şablonları ilə, yalnız “English-style thinking” ilə idarə olunmur: “Burada fərqli güc balansları, qeyri-formal şəbəkələr, spesifik tənzimləmə qaydaları və risk dinamikası var. Xaricdən gətirilən və yerli mühiti tanımayan menecer ilk ciddi böhranda, yerli reallıqlarla toqquşanda itirib qalır. Çünki o, kağız üzərindəki riskləri idarə etməyi bilir, ‘yerdəki’ real riskləri yox. İngilis dili sadəcə bir ünsiyyət vasitəsidir, gigiyenik minimumdur. Amma o dilin arxasında yerli reallıqları anlamaq gücü, biznesin dayanıqlılığı və səhmdarın maraqlarını qorumaq instinkti yoxdursa, o bahalı təqdimatların dəyəri sıfıra bərabərdir. Azərbaycandakı milyardlıq aktivləri qorumaq və idarə etmək üçün sadəcə dili bilmək bəs etmir. Sistemi bilmək lazımdır”.
Natiq Səlim,
KONKRET.az
