İstehsalçıların böyük ümidlər bəslədiyi yeni süni intellekt dalğası gözlənilən satış partlayışını yarada bilmədi. Araşdırmalara görə, istifadəçilərin çox kiçik bir hissəsi bu xüsusiyyətlər üçün büdcə ayırır, yüksək qiymətlər qarşısında isə köhnə telefonlardan istifadə edilməyə davam olunur.
KONKRET.az xəbər verir ki, cibimizdəki telefonları xarab olana qədər dəyişdirməmək meyli, texnoloji cihazların çox baha satıldığı günümüzdə böyük bir istehlakçı dirənişinə çevrilib. Sektorun hər il yeni model təqdim etmək çılgınlığı isə artıq yerini bu sakit qərarlılığa buraxır.
Amerika daxilində aparılan son bazar araşdırmaları göstərir ki, bir istehlakçı telefonunu orta hesabla 29 ay ərzində əlində tutur. Demək olar ki, hər iki nəfərdən biri cihazını ən azı üç il istifadə edir. Keçmiş dövrlərin populyar illik yeniləmələri, artıq geniş kütlələr üçün sadəcə lüks və ya lazımsız bir xərcdən ibarətdir.
Əvvəllər insanlar iki il tamam olduqda batareyanın zəifləməsi və ya yeni cihazların cazibəsi səbəbindən birbaşa mağazalara yollanardılar. Bu gün isə əksəriyyət, dörd-beş il keçsə belə, yeni bir model axtarışına girmir.
Bu gün iPhone 17, Google Pixel 10 və ya Samsung Galaxy S26 kimi flaqman modellərin qiymətləri olduqca yüksəkdir. Vəziyyət belə olduqda, maksimum batareya tutumu 80 faizə düşsə belə, rəvan işləyən bir telefonu dəyişdirmək məntiqsiz bir addımdır. Texnologiya nəhəngləri uzun zamandır insanlara böyük bir inqilab hissi təqdim edə bilmirlər. Sektoru silkələyən köhnə yeniliklərin yerini, bu gün sadəcə bir az sürətlənmiş prosessorlar və meqapikseli artırılmış kameralar alıb.
İstehsalçıların son dövrdə sığındığı ən böyük liman isə süni intellektdir. Lakin şirkətlərin milyardlarla dollar xərclədiyi bu dalğa istifadəçilər tərəfindən gözlənilən reaksiyanı görməyib.
Araşdırma nəticəsi: İstifadəçilərin yalnız 11 faizi süni intellekt xüsusiyyətlərinə görə telefonunu yeniləyir, böyük əksəriyyət isə bunu lazımlı hesab etmir. Şəkil redaktə alətləri və ya yeni emojilər; cihazların karbon ayaq izini, təhlükəsizlik boşluqlarını və qiymət artımlarını kölgədə qoya bilmir.
Qısası, qatlanan ekranlar və ya süni intellekt sözləri artıq telefon satmağa bəs etmir. Şirkətlərin proqram təminatı dəstəyi müddətini yeddi ilə qədər çıxarması da bu prosesə təkan verir.
Şüurlu istehlaka keçid, iqtisadi bir məcburiyyət olduğu qədər həm də texnoloji doymuşluğun gətirdiyi məntiqi bir qərardır. Telefonunuz tamamilə sıradan çıxmadığı müddətcə, sadəcə bir üst model üçün yüzlərlə dolları gözgörəsi xərcləmək müasir dünyamızda artıq öz əhəmiyyətini itirib.\\milli.az
