Azərbaycanda yeni ailə quran cütlüklərin mənzil, məişət texnikası, təmir və gündəlik yaşayış xərcləri ilə bağlı maliyyə yükü ildən-ilə artır. Xüsusilə ilk illərdə ailə büdcəsinin formalaşması, kirayə və digər vacib xərclər gənc ailələrin kredit imkanlarını məhdudlaşdırır. Bu səbəbdən, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni evlənən ailələr üçün aşağı faizli və güzəştli kredit proqramlarının tətbiqi məsələsi yenidən gündəmə gəlib.
Bəs banklar gənc ailələr üçün xüsusi şərtlərlə kredit məhsulları təqdim edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, belə kredit proqramlarının tətbiqi nəzəri baxımdan mümkündür:
“Banklar istəsələr, yeni evlənən ailələr üçün xüsusi kredit paketləri təqdim edə bilərlər. Amma praktiki baxımdan buna maraq göstərmirlər. Çünki banklar üçün əsas meyar müştərinin ödəniş qabiliyyətidir. Yeni qurulan ailələrin ilk illərdə maliyyə yükü daha ağır olur. Adətən evin qurulması, məişətin yaradılması, əlavə xərclər, sonradan uşağın dünyaya gəlməsi ailənin büdcəsinə ciddi təsir edir. Buna görə də yeni evlənən şəxslər banklar tərəfindən yüksək riskli müştəri kimi qiymətləndirilir”.
Əkrəm Həsənovun sözlərinə görə, məhz bu səbəbdən banklar gənc ailələrə xüsusi güzəştlər etməkdə maraqlı görünmür:
“Banklar daha stabil gəliri və oturuşmuş maliyyə vəziyyəti olan şəxslərlə işləməyə üstünlük verir. Yeni ailələrin isə ilk mərhələdə xərcləri çox olduğundan onların kredit ödəmə imkanları zəif hesab edilir. Bu sahədə dövlət dəstəyi və zəmanət mexanizmləri tətbiq edilərsə, gələcəkdə gənc ailələr üçün daha əlverişli kredit proqramlarının yaranması mümkün ola bilər”.
Aynurə İsmayıl
KONKRET.az
