Türkiyə siyasətində zəlzələ: Məhkəmə CHP qurultayını ləğv etdi, Kılıçdaroğlu geri qayıdırbackend

Türkiyə siyasətində zəlzələ: Məhkəmə CHP qurultayını ləğv etdi, Kılıçdaroğlu geri qayıdır

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında uzun müddətdir gözlənilən tarixi məhkəmə qərarı açıqlanıb. Ankara Bölge Adliye Məhkəməsi 36-cı Hüquq Dairəsi, CHP daxilində böyük şok yaradan “mutlak butlan”, yəni mütləq etibarsızlıq qərarını verib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmənin çıxardığı bu qərarla CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən və Özgür Özelin ümumi başkan seçildiyi 38-ci Olağan Seçimli Qurultayı, eləcə də 8 oktyabr 2023-cü il tarixli İstanbul İl Konqresi əvvəldən etibarsız sayılaraq tamamilə ləğv edilib.

Məhkəmə hazırkı Baş Katib Özgür Özel, Mərkəzi İdarə Heyəti və Yüksək İntizam Şurası üzvlərinin dərhal vəzifədən uzaqlaşdırılmasına hökm edib, eyni zamanda partiyanın keçmiş lideri Kemal Kılıçdaroğlu, o dövrkü Partiya Məclisi və Yüksək İntizam Şurası üzvlərinin müvəqqəti tədbir olaraq yenidən idarəetməni təhvil almasına, yəni əvvəlki vəzifələrinə qaytarılmasına qərar verib.

Məhkəmə kollegiyasının əsaslandırdığı qərarda vurğulanır ki, istintaq materialları, MASAK hesabatları və şahid ifadələrinə əsasən bəzi nümayəndələrin səsvermə seçimlərinə maddi mənfəətlərlə müdaxilə edildiyi sübuta yetirilib. İstanbul İl Konqresində və Böyük Qurultayda nümayəndələrə rüşvət olaraq pul, bələdiyyələrdə iş yerləri, alış-veriş kartları və gələcək seçkilərdə namizədlik vədlərinin verildiyi təsdiqlənib.

Həmçinin bəzi nümayəndələrdən istifadə etdikləri bülletenlərin fotoşəklini çəkərək rəhbərliyə göndərmələrinin tələb olunduğu, bununla da gizli səsvermə prinsipinin və azad seçim iradəsinin kobud şəkildə zədələndiyi bildirilib.

Digər tərəfdən, 38-ci qurultay mütləq etibarsızlıqla qüvvədən düşdüyü üçün, həmin tarixdən sonra Özgür Özel rəhbərliyinin keçirdiyi bütün növbəti fövqəladə qurultaylar və qəbul edilən qərarlar da avtomatik olaraq hüquqi əsasını itirib və etibarsız elan olunub. Məhkəmənin bu gözlənilməz qərarından dərhal sonra İstanbul Birjasında kəskin eniş qeydə alınıb, gün ərzində daxili itkilər altı faizi, bankçılıq indeksində isə səkkiz faizi keçdiyi üçün birjada əməliyyatları müvəqqəti dayandıran avtomatik açar sistemi işə düşüb.

Xatırladaq ki, bu iddia üzrə açılan cəza davasında, aralarında korrupsiya ittihamı ilə vəzifədən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun da olduğu 12 nəfər sanıq qismində mühakimə olunur, Kemal Kılıçdaroğlu isə bu işdə rəsmən zərərçəkmiş qismində yer alırdı. Qərarın elan olunmasının ardından Özgür Özelin rəhbərliyi ilə partiyanın Mərkəzi İdarə Heyəti təcili olaraq fövqəladə iclasa toplanıb və partiyanın hüquqşünasları qərardan apelyasiya verməyə hazırlaşır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*