“Nikol Paşinyan Dağlıq Qarabağda əsrlərlə yaşayan yerli azərbaycanlılarla bağlı tarixi həqiqəti öz yalanları ilə ört-basdır etməyə və dünyaya bu yalanları sırımağa çalışır”.
Bunu KONKRET.az-a açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Samirə Hüseynova deyib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın RBK televiziya kanalına verdiyi müsahibədə münaqişənin baş vermə səbəbini, işğal faktını və mövcud vəziyyəti təhrif edib və gizlətməyə çalışıb:
“Nikol Paşinyanın Dağlıq Qarabağdakı separatçıları tərəf olaraq sülh danışıqları masasında oturtmaq cəhdi cinayətdir. Bu şəxs Ermənistanın işğalçı olmadığını və sadəcə Dağlıq Qarabağa dəstək olduqlarını dünya ictimaiyyətinə sırımağa çalışır. Onun siyasəti Dağlıq Qarabağın yerli əhalisi olan azərbaycanlıların bu torpaqlarda əsrlərlə yaşaması faktını unutdurmaqdır. Paşinyan elə fikir formalaşdırmağa çalışır ki, sanki Dağlıq Qarabağda ermənilərdən başqa millət yaşamayıb”.
S. Hüseynova deyib ki, Paşinyanın siyasəti beynəlxalq konvensiyalarla təsbit olunmuş insan hüquqlarına və tarixi faktlara qarşı yalan, o cümlədən tərbiyəsiz davranış üzərində qurulub:
“İşğal faktını gizlətməyi dövlət siyasətinə çevirmək və Dağlıq Qarabağdakı separatçıları – uşaq qatillərini sülhpərvər şəxslər kimi danışıqlar masasında otuzdurmaq cəhdlərinin heç bir effekti olmayacaq. Çünki Azərbaycan dövlətinin bu məsələdə mövqeyi konkretdir və özündə ərazilərimizin azad olunmasını ehtiva edir”.
İcma üzvü bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinin Paşinyanı narahat etməsi də təbiidir. Çünki artıq ermənilər Azərbaycan Ordusunun döyüş bacarığına bələddirlər. Növbəti iri miqyaslı hərbi əməliyyatların onlar üçün ciddi məğlubiyyət olacağını anlayırlar.