Pavel Danilin: “Qərb Ermənistanı yağlı vədlərlə aldadır”backend

Pavel Danilin: “Qərb Ermənistanı yağlı vədlərlə aldadır”

Ötən il Ermənistan – Rusiya münasibətlərində ciddi problemlər müşahidə olundu. Ermənistanın Qərbə meyllənməsi, onların diqtəsilə oturub-durması rəsmi Moskvanı qıcıqlandırdı və Rusiyadan Ermənistana ciddi xəbərdarlıq edildi. Paşinyan isə ayağını Avropaya qoyan kimi Rusiyanı açıq-aydın ittiham edirdi. Roma statutunu ratifikasiya edən Ermənistan bununla Rusiyaya daha bir mesaj verdi. Əvəzində Fransa Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmağa cəhd etdi. Ermənistana bir neçə partiya silah göndərən Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil.

Rusiyanın Siyasi Təhlil və Sosial Tədqiqatlar Mərkəzinin baş direktoru, politoloq Pavel Danilinin müsahibəsi də bu mövzudadır. KONKRET.az oxucuların marağını nəzərə alıb, həmin müsahibəni təqdim edir.

– Rusiyanın Xarici işlər naziri Sergey Lavrov TASS-a növbəti dəfə müsahibə verib və Ermənistanla bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Lavrovun açıqlamalarını siz necə şərh edərdiniz?

– Sergey Lavrovun Ermənistana ünvanladığı bəyanatlar rəsmi İrəvana xəbərdarlıqdır. Bununla Rusiya xarici siyasət idarəsinin rəhbəri İrəvana mesaj verdi ki, Rusiya Federasiyası İrəvanda baş verən hadisələri diqqətlə izləyir, Ermənistanın Moskvadan uzaqlaşmasında maraqlı deyil. Biz Ermənistanın NATO-ya və Avropa İttifaqına doğru sürüklənməsinin başlanğıcını görürük ki, bu da ölkəmizin maraqlarına uyğun deyil. Biz çox gözəl başa düşürük ki, bundan sonra Ermənistan sadəcə öz suverenliyini itirə bilər.

– Sizcə, Rusiya Ermənistanı öz təsir orbitində saxlaya biləcəkmi?

– Bu, çox çətin sualdır. Çünki Rusiyanın Ermənistanı öz təsir orbitində saxlamağa ehtiyacı olub-olmadığı aydın deyil. Sergey Lavrov deyir ki, bəli, bu lazımdır və vacibdir. Lakin Rusiyada çoxlarının buna şübhələri var. Üstəlik, Ermənistanı saxlamaq Rusiya üçün əlavə xərc tələb edir.

– Siz Ermənistana hərbi təchizatı da nəzərdə tutursunuz?

– Bəli, hesab edirəm ki, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi Rusiya silahlarının İrəvana tədarükünün bərpası demək olacaq. Ermənistan həmişə Cənubi Qafqazda bizim silahlarımızın əsas alıcısı olub. Digər tərəfdən, müharibədə məğlubiyyətdən sonra Ermənistan ordusunun yenidən silahlanması lazımdır. Ermənistan ordusunun müasir silah növləri ilə, xüsusən də Rusiya silahları ilə yenidən təchiz edilməsinə ehtiyac var.

– Aİ Ermənistandakı missiyasını genişləndirməklə Rusiyanı təxribata çəkir. Bununla İrəvan nəyə nail olmaq istəyir?

– Fransa və Aİ Ermənistandakı missiyasını genişləndirməklə Cənubi Qafqazda yeni reallıq yaratmaq istəyir. Onlar Ermənistanı yağlı vədlərlə aldadırlar. Ermənistan Aİ-yə can atır. Amma unudur ki, bu, onun üçün böyük problemə çevriləcək. Biz bunu artıq Ukraynanın timsalında görmüşük. Mən demirəm ki, Rusiya ilə Ermənistan arasında münaqişə olacaq. Xeyr, heç bir münaqişə olmayacaq. Sadəcə olaraq, Rusiya nə vaxtsa Ermənistanın varlığını həmişəlik unuda bilər. Ermənilər də bunu yaxşı bilir.

– Hələlik bu istiqamətdə heç nə görünmür. Əksinə, Moskva Bakı ilə sülh müqaviləsi bağlamaq məsələsində İrəvana təzyiq etmir…

– Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün hər şeyi edib ki, bu məsələ praktiki olaraq həyata keçirilsin. İrəvan Moskvaya minnətdar olmalıdır ki, Rusiya Ermənistan – Azərbaycan münaqişəsinə son qoymaq üçün səy göstərib. Əgər Ermənistan 7-8 il əvvəl Moskvanın verdiyi tövsiyələri yerinə yetirsəydi, vəziyyət tamam başqa cür olardı. Amma Ermənistan hər zaman məğlub olduğu müharibəyə hazırlaşırdı. Bu nəticə həm də Qərbin Ermənistana verdiyi məsləhətlərin nəticəsi idi. Deməli, ermənilər NATO və Aİ-nin həqiqətən onlara nəsə verə biləcəyini düşünürlərsə, yanılırlar.

– 2023-cü ili Rusiya – Azərbaycan və Rusiya – Ermənistan münasibətləri baxımından necə xarakterizə edərdiniz?

– Əgər əvvəllər Rusiya ilə Azərbaycan arasında münasibətlər bir qədər gərgin idisə, 2023-cü ildə yaxşılaşdı və bu, şübhəsiz ki, müsbət amildir. Ermənistan – Rusiya münasibətlərinə gəlincə, getdikcə pisləşir ki, bu da müvafiq olaraq mənfi amildir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*