Quba rayonunun Heydər Əliyev prospektində, Rayon İcra Hakimiyyətinin qarşısında inşa edilən yaşayış binalarının tikintisi davam edir. Bu ilin dekabır ayında Prezident İlham Əliyev Quba rayonuna səfəri zamanı bu binalar barədə Quba RİH başçısı Ziyəddin Əliyevə öz iradını bildirmişdi. Prezident binaların maqistral yola çox yaxın olduğunu və nəqliyyat vasitələrinin saxlanması üçün ərazidə lazımı qədər ərazinin olmadığını səbəb göstərərək tikinti işlərinin dayandırılması barədə tapşırıq vermişdi. O zaman tikinti işləri yeni başlandığından, hələlik binaların özül hissəsinin inşası həyata keçirilmişdi. Prezidentin tapşırığından sonra inşaat işləri bir müddət dayandırılmışdı. Amma 1 aydan sonra icra başçısı yenidən tikinti işlərinin davam etdirilməsi barədə tapşırıq verib. Hazırda işlər intensiv qaydada fasiləsiz davam etdirilir. Qeyd edək ki, ərazidə olan 60-a yaxın mənzil dağıdılıb, evlərin sahiblərinə isə tikinti bitənə qədər aylıq kirayə pulu ödənilir. 7 və 9 mərtəbəli nəzərdə tutulan binaların layihəsinə prezidentin tapşırığından sonra dəyişiklik edilərək yaşayış kompleksləri 4 mərtəbəyə qədər ixtisar edilib.
Cəlal Fərzəliyev,
Konkret.az
