“Bütün rəqiblərimiz ciddi komandalardır. Qarşıdakı matçlara hazırlaşacaq, komandanı daha sağlam və hazır etməyə çalışacağıq”.
KONKRET.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
O, ilk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəklərini bildirib: “Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm “Böyük beşlik” təmsilçiləri, həm tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam analiz etdikdən sonra ətraflı fikir bildirmək mümkündür. Daha diqqətli və ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq”.
Baş məşqçi püşkün nəticəsindən razı qaldığını qeyd edib: “İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdur. İstənilən komanda hər bir rəqiblə matçda istədiyi nəticəni əldə edə bilər. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, oyunlarımızdan zövq alsınlar. Onlarla böyük futbolda görüşəcəyik”.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində evdə “Ayaks” (Niderland), “Lion” (Fransa), “Malmö” (İsveç), “Styaua” (Rumıniya), səfərdə isə “Tottenhem” (İngiltərə), “Olimpiakos”(Yunanıstan), “Bodo Qlimt” (Norveç) və “Elfsborq”la (İsveç) qarşılaşacaq.