KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, elanlar arasında ən yüksək qiymət Sumqayıtda satışa çıxarılan 1938-ci il istehsalı “Mercedes 170 V” modelinə məxsusdur. 2,4 litrlik mühərrikə və 82 min kilometr yürüşə malik bu nadir avtomobil 760 min manata təklif olunur. Siyahıda ikinci yeri Bakıda satılan 1959-cu il buraxılışlı “Cadillac DeVille” tutur; cəmi 120 kilometr yürüşü olan 6,4 litrlik Amerika klassiki 395 min manata dəyərləndirilib.
Digər diqqətçəkən elanlarda da rəqəmlər yüz min manat həddini aşır. Bakıda 1963-cü il istehsalı “Ford Galaxie” (2 000 km yürüş) 250 min manata, 1969-cu il buraxılışlı “Ford Mustang” (4 555 km yürüş) isə salon tərəfindən 187 min manata satışa çıxarılıb.
Avropa və sovet avtomobil sənayesinin nümunələri də yüksək qiymətləndirilir: Gəncədə 1970-ci il istehsalı GAZ 13 “Chayka” 160 min manata, Bakıda 1975-ci il buraxılışlı BMW 2002 144 min 500 manata, 1937-ci il istehsalı GAZ M-1 isə 100 min manata alıcı gözləyir.
Bu cür avtomobillərin yüksək qiymətə təklif olunması onların orijinal detallarla qorunub saxlanması, nadir tapılması və uzunmüddətli investisiya vasitəsi kimi dəyərləndirilməsi ilə birbaşa bağlıdır.

