Putin müdafiə naziri postuna niyə mülki şəxsi gətirdi? – Açıqlamabackend

Putin müdafiə naziri postuna niyə mülki şəxsi gətirdi? - Açıqlama

“Rusiya presidenti Vladimir Putinin mülki şəxsi – iqtisadiyyat üzrə eks-köməkçisi və baş nazirin birinci müavini Andrey Belousovu müdafiə naziri təyin etməsi Ukrayna müharibəsinə qətiyyən təsir etməyəcək”.

KONKRET.az-a açıqlamasında bu fikri hərbi ekspert Səxavət Məmməd deyib.

Ekspertin fikrincə, ruslar Ukrayna müharibəsində daha da aqressivləşəcəklər, çünki Ukrayna cəbhəsindəki məsələni yekunlaşdırmaq istəyirlər.

O, qeyd edib ki, təkcə Rusiyada deyil, bir çox ölkələrdə ordunu baş qərargah rəisləri idarə edir. “Düşünürdüm ki, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Valeri Gerasimov postundan azad edilməyəcək. Elə də oldu. Gerasimov hərb sənətinin ustalarından biri sayılır”.

Onun sözlərinə görə, mülki şəxsin müdafiə naziri posuna gətirilməsi sırf maliyyə məsələləri ilə bağlıdır. “O, prezidentlə ordu arasında əlaqələndiricidir. Ola bilsin ki, Rusiya dövlət başçısının köməkçisi və baş nazirin birinci müavini kimi çalışarkən onun Baş qərargah rəisi və digər generallarla münasibəti yaxşı səviyyədə olub və bu yeni təyinatı zamanı nəzərə alınıb”.

Ekspert xatırladıb ki, müdafiə naziri siyasi post olduğuna görə dünyanın müxtəlif ölkələrində bu vəzifəyə mülki şəxslərin gətirildiyini görürük. “Bu, maliyyə məsələlərinin idarə olunması ilə bağlıdır. Bu tendensiya artıq bir çox ölkələrdə yayılıb. Yaxın gələcəkdə bu təcrübənin Azərbaycanda da tətbiq olunduğunu görsək, heç təəccüblənmək lazım deyil. Çünki bu cür addımlar ziyandan daha çox xeyir gətirir”.

Qeyd edək ki, 2013-cu ildən 2020-ci ilədək Belousov Rusiya prezidentinin iqtisadiyyat məsələləri üzrə köməkçisi olub, 2020-ci ilin yanvarından baş nazirin birinci müavini vəzifəsinə təyin edilib. O, hökumətdə ““Pilotsuz aviasiya sistemləri” milli layihəsinə nəzarət edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*