Qaçaq casusların dözülməz Moskva həyatı – soyuq, qıtlıq, qapalı həyat, tənhalıq…backend

Qaçaq casusların dözülməz Moskva həyatı – soyuq, qıtlıq, qapalı həyat, tənhalıq...

SSRİ-nin Qərbdə ən ciddi və uğurlu casuslarından biri olan Kim Filbi ifşa olunmaq təhlükəsi qarşısında qalarkən qaçıb sovet ölkəsinə sığındıqdan bir müddət sonra onun üçüncü arvadı Eleonora Bryuer (Filbi) ərinin dalınca Moskvaya gəlib. Onlar bir müddət birgə yaşayıblar. Daha sonra xanım Brryuer Kim Filbinin haqqında “Mənim sevdiyim casus” adlı kitab yazıb. KONKRET.az həmin kitabın maraqlı hissələrini oxuculara təqdim edir.

***

“Onlar Moskvada ən xoş xoşbəxt cütlükdür”, – Melinda Maklin bizim haqqımızda belə deyirdi. Tez-tez təkrar olunan bu cümlədə mən onun öz nikahı barədə təəssüfündən başqa bir şey görmürdüm. Biz bir-birimizi daha möhkəm sevirdik, ancaq həyatımızda baş verən bu böyük dəyişiklik aramızda baş qaldırmış gərginlikləri səngitmək üçün çox vaxt və səbr tələb edirdi.

Heç vaxt inanmazdım ki, Sibirdən başqa hardasa bu cür şiddətli soyuq ola bilər. Bu, mənim üçün şok idi. Kim rus dostları kimi soyuğu sevirdi, ancaq onun bədəni bu qədər aşağı hərarətə tab gətirmirdi. O, Beyrutda iki dəfə soyuqlamadan yatmışdı və yenə də soyuqlayanda, olduqca qayğıkeş Sergey həkim və tibb bacısı göndərmişdi ki, onlar Kimə hər gün vitamin iynəsi vursunlar.

Kim yeni-yeni özünə gəlib düzələndə onun əllərində şiddətli səpkilər peyda oldu – bu, onun keçirdiyi əsəb gərginliyinə mümkün reaksiyası ola bilərdi. Bu qaşınma yoluxucu deyildi, ancaq Kimin orqanizminin müqavimətini əməlli-başlı sarsıtdı. O, bintlə sarınmış əliylə üzqırxanı tuta bilmirdi və mən onun üzünü qırxmasına kömək edirdim. Kart oynayanda kartları əlində tuta bilmirdi, yazı makinasında yazmaq da ona çətin idi. O biri günlərdən fərqli olaraq mən yazı işində ona kömək edə bilmirdim, çünki onun işi məxfiydi.

Sergey çox əndişələnərək ona diktofon gətirmişdi, ancaq Kim ondan istifadə etmədi. Həftədə iki-üç dəfə biz onu klinikaya, dəri həkiminin yanına aparırdıq, o, Kimin əllərini yoxlayır və yenidən sarıyırdı. Kim bir neçə həftə bu cür iztirab çəkdi.

Həmin qış Kim sülh haqqında çox mülahizə yürütdü. O, həmişə vurğulayırdı ki, ruslar bomba düzəltməkdən daha çox sülhün olmasında maraqlıdırlar və əgər Qərbi buna əmin etmək mümkün olsa, övladlarımız sülh şəraitində yaşayardılar.

Nə Kim, nə də onun dostları mənə mühazirə oxumağa, “beynimi yumağa” və öz ideologiyalarını beynimə yeritməyə cəhd göstərmirdilər. Onun rusların sülhsevərliyi barədə nəqarətindən başqa, bizim söhbətlərimiz bir vaxtlar Beyrutda olduğu kimi, maraqlı və əyləncəli olurdu. Ancaq hər keçən həftə aramızdakı baryer bir az da qəlbilənirdi və mən hiss etməyə başlamışdım ki, bir-birimizə münasibətdə itirdiyimiz etibarı tamamilə bərpa edə bilmirik.

Ağır iqlim şəraitində və Rusiyanın tam naməlum atmosferində bizim köhnə, vərdiş etdiyimiz səmimi söhbətlərimiz üçün çox az vaxt qalırdı. Bütün fikrimiz gündəlik həyatın çətinliklərinə cəmləşirdi; ərzaq axtarışı, onları nəhəng səbətlərdə evə daşımaq və sonra yemək hazırlamaq; şiddətlənməkdə olan soyuqla mübarizə; həftədə iki-üç dəfə metroyla mərkəzi teleqraf kontoruna getmək və ən yaxşı bazarları axtarmaq…  Ola bilər, gündəlik qayğılar bizə dərin və açıq söhbətlərdən qaçmağa kömək edirdi.

Biz anlayırdıq ki, bir-birimizə münasibətdə tam ciddi problemlərlə toqquşmuşuq, ancaq ən azı məndə onları həll etməyə cəsarət çatmırdı. Beyrutdan Moskvaya keçişin Londondan Nyu-Yorka getməklə eyni şey olduğunu düşünmək, yaxud da əvvəlcə yaşadığımız kimi, tam və qəti açılışma olmadan yaşamaqda davam edəcəyimizi  güman etmək absurd olardı. O, ideoloji sərhədi aşmış, ömrü boyunca daşıdığı maskanı çıxarıb tullamışdı və gözləyirdi ki, mən bu dəyişikliyi onun bığını qırxmış olması tək etinasızlıqla qarşılayacağam.

Artıq dediyim kimi, mən kommunizm haqqında heç nə bilmirdim və bu, məni heç maraqlandırmırdı, ancaq Kim ona bir ömür boyu inanmışdı. Mən hər gün gözləyirdim ki, Kim mənimlə yanaşı oturacaq, əlini çiynimə qoyub deyəcək: “Əzizim, məsələ belədir. Bütün bu illər ərzində mən filan-filan işlərlə məşğul olmuşam, ona görə ki, filan şeylərə inanmışam… Bu, mənim inancım və fəlsəfəmdir, həyatımın anlamıdır. Bu inanc üçün mən burada qismətimizə düşən şeyləri – sərt soyuğu, çürümüş kələm iyini və yaşamağa məcbur olduğumuz bu tənha həyatı məmnunluqla qəbul etmişəm”. Ancaq o, belə bir şey demirdi. Onun üçün Moskva həyatında bəraət qazandırılacaq bir şey yox idi. O, sadəcə yaşayırdı. Üstəlik, o, bütün bunları, soyuğu və qalan şeyləri sevirdi.

Mən bu nəticəyə gəldim ki, onun problemləri bütünlüklə mənimkindən fərqlənir. Mən Moskvanı tanımaq və rus dilini öyrənmək istəyirdim, ancaq başa düşürdüm ki, bu, gücüm çatan iş deyil. Öz yetkin həyatımın böyük hissəsini ölkə xaricində – İstanbulda, Madriddə, Rioda, Limada, Berlində, Beyrutda və başqa şəhərlərdə yaşamışdım. Hər dəfə mənə ölkəni və xalqı tanımaq, hiss etmək üçün iki ildən çox vaxt lazım olmuşdu. Ancaq Rusiya heç nəylə Qərbə bənzəmirdi və mən artıq anlayırdım ki, onu tanıyıb-öyrənmək üçün mənə qat-qat çox vaxt lazımdır.

Hər şeydən öncə mən öz mənzilimizi gözəl və rahat düzəltməyə çalışırdım; bazarlarda və mağazalarda hər çür dadlı təamlar əldə etməyə səy edirdim, çoxsaylı dostlarla birlikdə normal sosial həyat keçirdiyimiz günlər üçün darıxırdım. Mən həyatımızı əngəlləyən məhdudiyyətlərin zərurətini anlayırdım, ancaq bütün bunlardan xilas olacağımız zamanı gözləyirdim. Bəlkə də mənim qərb dünyagörüşüm və vərdişlərim mənə çox mane olurdu, ancaq səmimi şəkildə hər şeyə olduqca tez uyğunlaşmağa çalışırdım.

Kim üçün bunların hamısı ikinci dərəcəliydi. Əlbəttə, o, yaxşı qidanı, içkini, rahatlığı və dostlarını sevirdi, ancaq onu hər şeydən çox rus həmkarının onun özü və işi haqqında nə düşündükləri qayğılandırırdı. Onun bütün həyatı sovet kəşfiyyatının maraqları altına qoyulmuşdu. O, Rusiya naminə sevdiyi insanlarla ünsiyyətini bitirmiş və onların hörmətini itirmişdi, dözə bilmədiyi adamlara qoşulmuşdu, öz ailəsini atmışdı, yalan və aşağılıqla dolu həyat yaşamağa başlamışdı.

Fikir vermişdim ki, hərdən ruslar tərəfindən ən kiçik diqqət işarəti onu riqqətə gətirir. Hər kürəyə şappıldatma onun üçün medal və ya gül-çiçək çələngi kimi bir şey olurdu. Ruslar onun təsəlliyə psixoloji ehtiyacı olduğunu anlamışdılar. Onlar Kimi gördüyü əsas işin başa çatmasıyla əlaqədar təqaüdə göndərmək əvəzinə, ona tamam xüsusi tövrdə yanaşırdılar. Onlar üçün Kim, böyük ehtimalla, müstəsna təzahür, ideoloji sadiqlik nümunəsiydi. Belə görünürdü ki, Kimin özünə də daha böyük şey lazımdır. O, ruslara 30 il sədaqətlə xidmət etmişdi, ancaq indi onların əlindəydi. O, qiymətləndirilmək istəyirdi və o qiyməti almışdı, ancaq heç vaxt özünə rəva görməzdi ki, bunu xahiş etsin.

Bir dəfə Kim mənə dedi ki, çox mühüm qonağı gələcək. O, məndən qapını açmamağı, qonaq otağının pəncərəsindən uzaq durmağı və heç bir halda onu kabinetdə narahat etməməyi xahiş etdi. O, son dərəcə həyəcanlıydı. Mən hələ də bilmirəm ki, onun qonağı kim idi, Kim özü isə yalnız onu dedi ki, qonaq DTK-nın baş rəislərindən biridir.

Kimin istənilən tərifdən hədsiz vəcdə gəlməsi onun xarakterinə qətiyyən uyğun deyildi. Mənim onun haqqındakı qənaətim pisə doğru dəyişirdi. Ancaq  bu, mənim həll etməli olduğum çoxsaylı tapmacalardan biriydi. O vaxt mən bütün gücümü rus dilini öyrənməyə cəmləmişdim. Bu, ən azı metroda göstəriciləri oxumağı, aldığım şeylərin siyahısını tutmağı bacarmaq üçün zəruri idi.

(Ardı var)

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*