“Qarabağ”ın ikinci sınağı – Qurban Qurbanov rəqib üçün hansı sürprizi hazırlayıb?backend

"Qarabağ"ın ikinci sınağı - Qurban Qurbanov rəqib üçün hansı sürprizi hazırlayıb?

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində ilk ev oyununu keçirəcək. Rəqib isə İsveç klubu “Malmö” olacaq. Qarşılaşma 20:45-də Tofiq Bəramov adına Respublika Stadionunda baş tutacaq.

KONKRET.az xəbər verir ki, idman jurnalisti Kənan Məstəliyev matça bağlı fikirlərini bölüşüb.

O qeyd edib ki, İsveç nəhəngini Bakıda izləmək xoş olacaq:

“Adıçəkilən klub İsveç futbolunun nəhəngidir, onu Bakıda izləmək xoş olacaq. Bura qələbə üçün gəlirlər, dünənki mətbuat konfransında bunu açıq etiraf etdilər. Ancaq onların saydıqları başqa şeydi, bizim saydığımız başqa. “Qarabağ” bu komandanı nəinki udmaq, hətta darmadağın etmək gücünə malikdi. “Malmö”nü bir az analiz etmək imkanım oldu. Avroliqada ilk turda evdə “Qlazqo Reyncers”ə və ondan əvvəl ÇL-in pley-offunda “Sparta”ya səfərdə eyni hesabla (0:2) uduzduqları matçların tam 90 dəqiqəsinə baxdım. Əlavə də bir neçə icmalı, üstəlik, ümumi və xüsusi statistik göstəriciləri, bəzi qeydləri gözdən keçirdim. Müəyyən bir fikir formalaşdırmışam, gəldiyim nəticə belədir.

“Malmö” hazırda sona yaxınlaşan İsveç çempionatının şəksiz-şübhəsiz lideri, çempionluğa 1 nömrəli namizəddir. Sona 5 tur qalmış ən yaxın izləyiciləri “Yurqorden”i 10 xal qabaqlayırlar, 25 matçda qapılarından cəmi 19 top buraxıblar, rəqib qapılarından isə 59 top keçiriblər. Ölkə daxilində müzakirəsiz dominantdılar. Rəqəmlər çox gözəldi, amma bunu xüsusi bir şey kimi fərqləndirə bilmirəm, çünki “Qarabağ” da ölkədə rəqiblərin daşını-daş üstə qoymur. Ağdamlılar da uzun müddətdi qızıl medallara embarqo qoyublar, fasiləsiz çempionluqlar yaşayırlar.

Maraqlıdı ki, “Malmö” bu mövsüm avrokuboklarda da “Qarabağ” kimi qrafik çızıb. ÇL-in 2-ci təsnifatında “Klaksvik”i, sonra PAOK-u keçiblər, pley-offda isə hər iki matçda eyni hesabla (0:2) uduzub, Avropa Liqasına düşüblər, orda da ilk turda uduzublar. Yəni daxildə də, avrokuboklarda da isveçlilərin nə xüsusi üstünlüyü, nə də xüsusi geriliyi var bizdən. İlk baxışdan eyni səviyyədədilər. Amma ilk baxışdan. Detallara girək.

“Malmö” adətən 5-li müdafiə ilə oynayır. Sxemə görə belədir. Əslində, bunu 3-lü də saya bilərik, çünki daha çox hücumda vaxt keçirməyə üstünlük verdiklərinə görə, arxada həmin 3 mərkəz müdafiəçisi qalır. Amma bu da nisbidi. İzlədiyim qədərilə tam ortadakı müdafiəçi yerində qalsa da, digər ikisi də hücuma qoşularaq ən ön xəttə qədər gedə bilirlər. Nümunə kimi, ötən mövsüm “Mançester Siti”də Stounz və ya Uolkerin oyunlarını göstərmək olar. Bilmirəm məhz onlardan bunu götürüblər, amma ideya eynidi. Forma rəngləri də uyğun gəlir, bəlkə fikirləşiblər ki, belə oxşadaq, birdən alınar. Son cümlə zarafatdı təbii ki. Oxşadırlar, amma tam da alınmır. Oxşatdıqları daha bir məqam top saxlamağa çalışmalarıdır. “Çalışmaları” ona görə yazdım ki, bu top saxlama, o top saxlamadan deyil. Tələskəndilər. Meydanda top gəzdirdikləri zaman rəqibin müdafiəsində ilk kiçik boşluq görünən kimi tez ora ötürmə edir, hədəfə çox tez çatmaq istəyirlər. Bu heç də uğurlu fikir deyil, nisbətən güclü komandalara qarşı matçlarda necə deyərlər, bu variant keçmir. Skandinav komandası olmalarına baxmayaraq, “ikinci mərtəbə”yə çox çıxmırlar, asmalara çox üstünlük vermirlər. Fiziki hazırlıqlı olmaları təbii ki gözə çarpır. Gücləri yetərincədi, civə kimidilər. Meydanda dayanmırlar, daima hərəkətdədilər, tablodakı hesab da bunun üçün fərq etmir. 1-ci dəqiqədə nədilərsə, 90-da da odurlar. Yəni “Malmö”yə qarşı silahı final fitinə qədər yerə qoymaq olmaz.

Zəif nöqtələrinindən danışdıqda isə müdafiədə fiaskodular, pressinqə heç tabları yoxdur. Təzyiqə tab gətirmirlər. Güclü və intensiv pressinqə qarşı çıxış yolları yoxdur, ciddi boşluqlar verirlər, fərdi səhvləri çoxalır, rəqibə real qol şansları yaradırlar. Hücuma aludə olduqlarından və az qala bu işə bütün komanda ilə “baş qoşduqlarından” əks-hücumda tez-tez yaxalanırlar. İsveç çempionatındakı az qol buraxdıqları statistika heç nəyi göstərmir. Orda rəqiblər zəifdir. Avrokuboklarda bu mövsüm keçirdikləri bütün matçlarda 1, son 6 matçın hamısında isə ən azı 2 top buraxdıqları faktını daha çox diqqətə almalıyıq. Toparlasaq, elliklə hücuma gedib rəqibə böyük problemlər yaşatsalar da, arxa xətdə çox zəifdilər. “Malmö”yə qol və ya qollar vurmaq normalda çətin bir iş sayılmamalıdı.

“Qarabağ” necə oynamalıdır?

Şübhəsiz, mənim gördüklərimi Qurban Qurbanov da görüb, daha dərin analiz edərək nəticə çıxarıb. Dünən mətbuat konfransında “rəqibə sürpriz edəcəksizmi” sualına, mütəxəssis “hə” cavabını verdi. Bu sürpriz nə olacaq? Məncə, “Qarabağ” klassik, son illərdə öyrəşdiyimiz basqılı, pressinqli oyununu oynamalı, “Malmö”nü onun qapısında “ovlamalıdı”. Yuxarıda da qeyd etdik ki, rəqib bu baxımdan çox hazırlıqsız və bacarıqsızdı. “Köhlən atlar” isə məhz bu məqamda çox güclüdülər. Yəqin ki elə bu cür də oynayacağıq. “Malmö” birini vuracaqsa, “Qarabağ” ikisini vurmaq üçün çalışacaq, müdafiə ikinci plana keçəcək. Qarşılıqlı hücumlar şəraitində keçən matç izləyəcəyimizə əminəm. Qurban Qurbanovun sürprizi isə 3 hücumçu ilə oynamağı ola bilər. Nominal hücumçu təbii ki Juninyodu, amma bu dəfə Zubir və Benziya da önə çox yaxın olacaq, müdafiə çalışmalarında iştirak etməyəcəklər. Adətən məşqçi onlara topu arxaya gələrək götürmək tapşırığı verir, qabaqda ancaq Juninyonu saxlayırsa, bu dəfə fərqli ola bilər. İrəlidə 3 nəfər qala, müdafiədən uzun ötürmələrlə çıxa bilərik. Bu, qol buraxma ehtimalımızı çoxaltsa da, qol vurma şansımızı da 3 dəfə artırır. Riskli gedişdi, amma bu gün üçün optimal variant budu. Məncə də, doğrusu bu olar. Gözləyək, görək necə olur.

Proqnozum isə qələbədir. “Malmö” ümumilikdə elə “Qarabağ” kimi oynamaq istəyir, amma “Qarabağ” güclüdür. Biz daha yaxşı komandayıq, daha təcrübəliyik, matç həll edəcək oyunçularımız, fərdi ustalıq baxımından üstün olan oyunçularımız daha çoxdur, qələbəni də daha çox istəyirik. İstək isə işi yarısıdır”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*