“Qarabağdakı dağıntılara görə ATƏT də məsuliyyət daşıyır” – SƏBƏB VƏ FAKTLARbackend

"Qarabağdakı dağıntılara görə ATƏT də məsuliyyət daşıyır" - SƏBƏB VƏ FAKTLAR

Azərbaycan ATƏT-in 2023-cü ilə olan büdcəsini müzakirə etməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, səbəb Ermənistana göndərilən müşahidəçilər qrupu ilə bağlı məsələnin hələ də həll olunmamasıdır.

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyevadan özəl şərh aldıq. Xanım politoloq xatırladıb ki, Azərbaycan 1995-ci ildən ATƏT-in üzvüdür.

Münasibətlər isə təşkilatın hələ ATƏM olduğu vaxtlardan (1992) başlayıb. Yəni təhlükəsizlik baxımından dünyanın ən böyük hökumətlərarası təşkilatının formalaşmasında Azərbaycan da iştirak edib. Yeganə Hacıyeva xatırladıb ki, Azərbaycan ATƏT-in sülh və təhlükəsizlik istiqamətində atdığı bütün addımları dəstəkləyib:

“Cənubi Qafqaz ölkələri arasında ATƏT layihələrinə ən çox ianə verən Azərbaycan olub. Bəs ATƏT bizə qarşı dürüst olubmu? Bu ayrı mövzudur. ATƏT-in ümumilikdə 13 üzvü Minsk Qrupunu formalaşdıranda, həmsədr ölkələr seçiləndə, Ermənistanla yaşanmış konfliktə görə ATƏT-dən umacaqlarımız olub. Biz hesab edirdik ki, həmsədr ölkələr həm də BMT TŞ-nın qətnamələrini həyata keçirəcək”.

Bəli, bu gözlənti məntiqli idi. Çünki Minsk Qrupunun üç həmsədr ölkəsi olan Fransa, ABŞ və Rusiya BMT TŞ-nın 5 daimi üzvündə 3-ü olub və bu fakt qətnamələrin icrasına təkan verməli idi:

“Amma nəticədə ATƏT 30 ilə yaxın yarıtmaz fəaliyyətilə təkcə Azərbaycanı deyil, həm də onun öz səylərini dəstəkləyən instansiyaları kənarlaşdırdı. 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan özümüz azad etdik. BMT TŞ-nın qətnamələrini özümüz həyata keçirtdik. Haqq savaşını qətnamələrin icrası adlandırmaqla BMT-nin itmiş nüfuzunu bərpa etdik. İstər ATƏT, istərsə Avropa Şurası coğrafiyasında, istərsə də postsovet ölkələrində torpaqlarını işğaldan azad edən tək ölkə olduq. Bununla da fəxr edirik”.

Amma müharibədən sonra da ATƏT proseslərə yenidən qoşulmaq istədi. Sadəcə, Bakı ATƏT-in Minsk Qrupu formatını qəbul etmədi. Politoloqun da dediyi kimi, onlara güvənmirdik:

“Sonrakı proseslər də göstərdi ki, ATƏT-ə güvənməməkdə haqlıymışıq”.

Doğrudan da, ATƏT torpaqları işğala məruz qalan Azərbaycanın yanında olmaq bir yana, heç neytrallığını da qorumadı və hər işdə Ermənistanın tərəfini tutdu. Son hadisələr, ATƏT-in Ermənistana missiya, müşahidəçi qrup yollaması da sübutlardan biridir:

“Ermənistana ATƏT missiyanın göndərilməsi kollegial qərar olmalıydı və Azərbaycan və Ermənistan da daxil bütün üzvlərlə razılaşdırılmalıydı. Səsverməyə qoyulmalıydı. Amma nəticə etibarı ilə təkcə Ermənistanın istəyi ilə ATƏT Ermənistana missiya göndərib. Guya ki, sülh və təhlükəsizlik monitorinqi keçirəcəkdi.

Burda bir vacib məqamı qeyd eləmək lazımdır. 30 il Azərbaycan torpaqlarının yağmalanmasında, resursların talan edilməsində ATƏT-in də üzərinə məsuliyyət düşür. Məsələ ondadır ki, ATƏT-in birinci və ikinci faktaraşdırıcı missiyası zamanı Qarabağ dağıdılmışdı. Birinci missiya 2005-in sonlarında, ikinci missiya isə 2011-ci ildə olub”.

Yeganə Hacıyeva demək istəyir ki, səzügedən bir neçə ildə Qarabağ ermənilər tərəfindən daha çox dağıdılıb. Amma ATƏT-in faktaraşdırıcı missiyaları bu erməni vandalizminə heç eyham da vurmayıblar. Məhz buna görə, dağıntılarda onlar da məsuliyyət daşıyır. O ki qaldı Azərbaycandan təşkilata ayrılan vəsaitə:

“ATƏT üzv dövlətlərin ianə və üzvlük haqqının ödənilməsi ilə fəaliyyət göstərir. Yəqin ki, Ermənistana göndərilən missiya ATƏT ilə İrəvan arasındakı şübhəli əməkdaşlığın nəticəsidir”.

Hər halda erməni lobbisi avropalı siyasətçiləri şirniklşdirməyin yollarını bilir. Qeyd edək ki, Azərbaycan 2022-ci ildə ATƏT-ə 45 min avrodan çox vəsait köçürüb. Daha 50 min ianə verilib.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*