Qazax istiqamətində, Ermənistanla sərhəddə nə baş verir? – AÇIQLAMAbackend

Qazax istiqamətində, Ermənistanla sərhəddə nə baş verir? – AÇIQLAMA

Son günlər dövlət sərhəddindən ardıcıl gələn iki üzücü xəbər hər birimizi dərindən sarsıtdı və istər-istəməz belə suallar yarandı: “Ermənistanla sərhəddə nə baş verir? Niyə iki gündə iki Şəhid verdik?”

Məsələ ilə bağlı hərbi ekspert-jurnalist Rəşad Süleymanovdan müsahibə aldıq.

KONKRET.az həmin müsahibəni təqdim edir.

– Rəşad bəy, təbii ki, bu suala artıq həm dövlət, həm də ayrı-ayrı ekspert və politoloqlar tərəfindən cavab verilib. Amma görünən odur ki, vaxt getdikcə bu cavab insanlar tərəfindən unudulur. Sual belədir ki, “Ermənistanla sərhədin müdafiəsi nəyə görə Milli Ordudan alınaraq Dövlət Sərhəd Xidmətinə həvalə edildi?

DSX Azərbaycanın son illərdə quru və dəniz sərhədlərinin mühafizəsi sahəsində böyük nailiyyətlər əldə etmişdi və bu nailiyyətlərin davamı olaraq 2018-ci ilin sonlarında dövlət başçısı tərəfindən qərara alındı ki, Azərbaycan-Ermənistan sərhəd xəttinin müəyyən hissələri Sərhəd Qoşunlarının mühafizəsinə verilsin. Beləcə, Azərbaycan-Ermənistan sərhəddinin Qazax-Ağstafa rayonları istiqamətində, Müdafiə Nazirliyinin tabeliyində xidmət aparan hərbi hissənin dislokasiya yeri dəyişdirildi, ərazinin müdafiəsi və mühafizəsi DSX-ya tapşırıldı. Artıq 1 ildən bir neçə ay artıqdır ki, ərazidə DSX-nın Qazax Əlahiddə sərhəd diviziyası döyüş növbətçiliyi aparır.  Onu da əlavə edim ki, Müdafiə Nazirliyindən fərqli olaraq DSX həmin ərazinin təkcə müdafiəsini yox, eyni zamanda həm də mühafizəsini təşkil edir. DSX müdafiənin ən yüksək səviyyədə təşkili üçün lazım olan texnika və avadanlıqlarla təmin olunub. Ərazidə sərhədçilərin yaşaması üçün müasir kazarmalar, qərargahlar, döyüş məntəqələri yaradılıb ki, bunlar əvvəlki infrastrukturdan daha mükəmməldir, qalıcıdır. Ümumiyyətlə, xidmətin yüksək səviyyədə təşkil olunması üçün nə lazımdırsa, hər biri ən kiçik detalına qədər təmin olunub.

– Düşmənin belə aqressivləşməsi və eyni zamanda ard-arda təxribatlara əl atmasının səbəbi nədir? Eyni zamanda DSX-nın Babakər əməliyyatı barədə də danışmanızı istəyərdim.

– DSX ərazini təhvil alandan bir neçə ay sonra ermənilər təxribata başladılar. Düşünürdülər ki, sərhədçilər döyüş xəttində yeni və təcrübəsizdirlər, bundan istifadə edib, loru dillə desək, sərhədçilərin gözlərini qorxuda biləcəklər. Bununla həm də Ermənistan ictimaiyyətinə və sərhədyanı ərazidə yaşayan vətəndaşlarına göstərmək istəyirdilər ki, Ermənistan ordusu hər bir əməliyyatı həyata keçirməyə qadirdir. Nəticə etibarı ilə baş verən təxribatlar onların özlərinin əleyhinə işlədi.

Bildiyiniz kimi 2019-cu ilin ortalarında düşmən Babakər dağı və 2-ci Şıxlı kəndi istiqamətində – Azərbaycan-Gürcüstan-Ermənistan dövlət sərhədinin birləşdiyi nöqtədə, təxminən 4-5 km enində bir ərazidə irəliləməyə çalışdı. Lakin DSX  tərəfindən düşmənin bu təxribatı vaxtında aşkar olunaraq qarşısı alındı. Üstəlik bu əməliyyatla mövqelərimiz 2 km, bəzi yerlərdə isə 1-1.5 km məsafədə irəli çəkildi, yüksəkliklər nəzarətə götürüldü. Düşmənin Babakər yüksəkliyi istiqamətində irəliləməkdə məqsədi o idi ki, 3 ölkənin sərhədinin birləşdiyi yüksəklikdən sərhədçiləri çıxararaq orada mövqe tutsun. Bunun üçün həm qarşıdan Babəkər dağı, həm də sağ cinahda Şıxlı istiqamətində irəliləməyə çalışırdı. Babakər yüksəkliyinin itirilməsi düşmənə imkan verəcəkdi ki, Qırmızı körpü sərhəd keçid məntəqəsini və Qazax rayonunun İkinci Şıxlı kəndini nəzarət altında saxlasın. Lakin düşmənin arzuları puça çıxdı və biz orada böyük bir ərazi qazandıq. Həmin ərazi həm də əkinçiliyə yararlı ərazilərdir.

Onu deyə bilərəm ki, Qazax istiqamətində düşmənə lazımi dərs verilib. İndi əvəzini çıxmaq üçün düşmən Qarabağdan snayperlərinin bir qismini Qazax istiqamətinə göndərib.

Babakərdə və digər istiqamətlərdə planları iflasa uğrayan düşmən “təcrübəsiz” saydığı DSX-nın gücünü yaxşı başa düşdü. Anladı ki, DSX heç də onların düşündüyü kimi təcrübəsiz deyil. Buna görədir ki, düşmən ard-arda aldığı zərbələri həzm edə bilmir.

Təhlillərim əsasında deyə bilərəm ki, indi düşmən DSX-ya qarşı tək sərhəddə deyil, diplomatik cəbhədə və sosial şəbəkələr də daxil olmaqla informasiya məkanında ciddi hücuma keçib. 2019-cu ilin ortalarında proqnoz vermişdim ki, düşmən məğlubiyyətini açıq şəkildə döyüşlərlə bərpa edə bilməyəcək və başqa təxribatlara əl atacaq. Misal üçün, iyul ayında Gürcüstanla sərhəddə Keşikçidağda baş verən insidentdə ermənilərin qrup şəklində, yaxud virtual şəbəkədə gürcülərin adı altında məsələni gərginləşdirmə cəhdlərini müşahidə etdik. Oktyabrda yol çəkilişi ilə məşğul olan traktorçumuz vurularaq şəhid edildi. İkinci bir təxribat isə informasiya müharibəsidir. Rusiyanın erməniyönümlü KİV-lərində DSX ilə bağlı qara piar kampaniyasına, eyni zamanda sosial şəbəkələrdə azərbaycanlıların adı ilə saxta profillər, səhifələr açaraq DSX və rəhbərliyinə qarşı qarayaxmalar aparmağa başladılar. Təbii ki, dilimizi bildikləri üçün bir kəsim insanın beyinlərini kirlətməyə nail ola bildilər. Dünyada belə metodlarla müharibə aparan dövlətlər hər zaman çalışır qarşı tərəfdəki yaxşı və savadlı komandirləri sıradan çıxarsınlar. Məsələn, alman kəşfiyyatı SSRİ-də repressiyaların qızğın vaxtı, 2-ci dünya müharibəsi başlamazdan əvvəl sovet generallarının adına məktublar göndərir və bu məktubların məqsədli şəkildə NKVD-nin əlinə keçməsinə nail olurdu. Bundan sonra sorğusuz-sualsız 5-10 dəqiqəlik məhkəmələr qurulur, həmin generalların bir qismi güllələnərək öldürülür, bir qismi isə həbs edilirdi. Müharibə başlayanda Stalin başa düşdü ətrafında savadlı, təcrübəli general demək olar ki, qalmayıb. SSRİ bunun bədəlini 20 milyondan artıq insanın ölümü və böyük dağıntılarla ödədi. İndi də erməni tərəfi həm DSX rəhbərliyinə, həm də ordumuzun savadlı, gənc, perspektivli yüksək rütbəli zabitlərinə, generallarına qarşı bu yöndə fəaliyyətlərini davam etdirir. Bu fəaliyyətlərdə məqsəd odur ki, xalq və komandanlıq arasında inamsızlıq, uçurum yaransın.

Ermənilər informasiya müharibəsini mütəşəkkil şəkildə aparırlar. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu təxribatlara aldanan vətəndaşlarımız da çoxdur. Tez təsir altına düşürlər. Maraqlısı budur ki, yerli mətbuatda, həmçinin sosial şəbəkələrin özündə bir neçə qərəzsiz və vətənpərvər səhifələr var ki, onların araşdırmaları qalır kənarda düşmənin saxta hesabla yaydığı informasiyaya inanılır. Hər bir məlumat araşdırılmalıdır. Doğruluq payı olub, olmadığı məlum olmalıdır. Araşdırmadan, sorğulamadan heç bir məlumata etimad etmək olmaz.

Ermənistan kimi kiçik bir ölkə öz itkilərini peşəkarlıqla gizlədə bilir. Ama bizim hər hansı bir hərbçimiz şəhid olduqda saatlar keçməmiş haqqında informasiyalar, foto və videolar sosial şəbəkələrdə paylaşılır. Düşmən isə özünə zəhmət verib araşdırma aparmır, çünkü səhifələrimiz və saytlarımıza daxil olub bütün məlumatları əldə edir. Yadınızdadırsa, fevralın 15-də Ermənistan ordusunun zabiti vurulmuşdu, lakin Ermənistan bu barədə məlumat yaymadı. Yalnız Münhendə, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən debatda Paşinyan emosiyalara qapılaraq bu barədə açıqlama verdi. Ermənistanın Müdafiə Nazirliyi bundan sonra da açıqlama vermədi. Üstündən 15 gün keçəndən sonra yaralanmış zabit çıxıb “Aravot” qəzetinə müsahibə verdi ki, Azərbaycan sərhədçiləri tərəfindən vurulub. Onun yaralandığı yerdə son vaxtlar bir neçə zabit və əsgər də əsgərlərimiz tərəfindən vurulub.

2016-cı il aprel döyüşlərində də düşmən itkilərini gizlətmişdi, amma bir il sonra erməni həkimlərinin adbaad açıqlamasından sonra bəlli oldu ki, bunlar nə qədər itki veriblər. DSX heç vaxt itkilərini gizlətmir. İstər Şəhid olsun, istərsə də hər hansı bir səbəbdən dünyasını dəyişən hərbçisinin həlak olması barəsində olsun ictimaiyyətə məlumat verir.

İtkilərə gəlincə, düşmən gülləsindən də ola bilər, hərbçinin ehtiyatsızlığından da. Bu təkcə bizdə yox, hər bir orduda baş verən haldır. Əlbəttə, biz də istəmərik Şəhid verək. Şəhidlərimiz də, hərbçilərimiz də hər biri başımızın tacıdır. Amma torpaqlarımız işğal altındadırsa və mövqelərimizə hücum olunursa, düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçiririksə çox təəssüf ki, Şəhid xəbəri də eşidə biləcəyimizi bilməliyik. Bizim oğullarımız boşuna Şəhid olmur Vətənin hər qarışını müdafiə və mühafizə etmək, həmçinin xalqımızın təhlükəsizliyi və ərazi bütövlüyümüzün bərpası yolunda canlarından keçirlər. Əgər Şəhid xəbəri alırıqsa bu o demək deyil ki, düşmən vurur DSX baxır. Əsla elə deyil. Hərbçilərimiz düşmən hücumunu dəf edən zaman Şəhid olublar. Əgər onlar bu hücumun qarşısını almasaydı, düşmən posta basqın edər və o zaman daha çox Şəhid verərdik. Sadəcə onlar əvvəl qeyd etdiyim kimi, itkilərini gizlədirlər. Əlbəttə ki, Şəhidlərimizin hər birinin qisası alınır və birmənalı olaraq qanları yerdə qalmır. Elə uzağa getməyək, Şəhidimiz Vəliyev İbrahim Şəhid olduğu döyüşdə düşmən silah-sursatını və qida çantasını qoyub qaçmışdı. Heç yaralılarını neytral ərazidən çıxara bilmirdilər. Əlacsız qalıb AQS qumbaraatanlardan istifadə edərək həmin ərazini atəş altında qoydular və sürünərək meyitlərini və yaralılarını çıxardılar.

Düşmən DSX-nı sərhəddə ona görə ardıcıl təxribata çəkir ki, məsələyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da cəlb etsin. Yəni “Baxın Azərbaycan sərhədçiləri sərhədlərimizə hücum edir, mülkü insanlarımızı hədəf alır, sərhədlərimizə müdaxilə edir” fikrini yaradaraq əraziyə rus hərbçilərinin yerləşdirilməsinə, eyni zamanda həmin təşkilatın Azərbaycana qarşı sərt mövqe sərgiləməsinə nail olmaq istəyir. Məsələnin əsas tərəfi də budur.

– Rəşad bəy, insanlarda belə bir sual yaranıb ki, “DSX müharibə üçün lazım olan bütün silah-sursat və hərbi texnika ilə təmin olunubmu?”

– DSX bu gün sırf sərhəd mühafizəsi üçün deyil, eyni zamanda müdafiə üçün bir çox aparıcı ölkələrin ordularının arsenalına daxil olmayan silahlarla da təchiz olunub. Məsələn, aprel döyüşlərində DSX Harop”-gəzən sursatlarının atışı ilə vurduğu zərbə döyüşlərin taleyini dəyişdi, eyni zamanda psixoloji üstünlüyün əldə edilməsinə nail oldu. Paradda DSX bunların cüzi bir qismini təqdim etdi. Hələ görmədikləriniz əsas üstünlük təşkil edir.

– Düşmən hər dəfə istər sosial şəbəkələrdə olsun, istərsə də cəbhədə olsun DSX-la bağlı nə vaxt təxribata əl atsa, sərhədçilərimiz tərəfindən ağır məğlubiyyətlə qarşılaşıblar. Buna bir çox misal verə bilərik. Elə ilk aylarda uğur əldə etdiyimiz Babəkər əməliyyatından traktorçumuzun intiqamının ağır şəkildə alınmasına kimi. Bütün bunlar onu deməyə əsas verirmi ki, bu yaxınlarda DSX bizi yenidən sevindirəcək?

– DSX qisasını alır, özü də gecikdirmədən alır, buna söz yox. Yaxın günlərdə yəqin ki, yeni xəbərlər eşidəcəyik. Şəhidimizin qanının yerdə qalmadığının şahidi olacaqsınız.

Sonda bir məsələni də qeyd etmək istəyirəm. Cəbhədə olanda dəfələrlər şahidi olmuşam ki, əsgərlərimizin bəziləri ifrata varıb şəhidlik barədə düşünürlər. Bu fonda döyüşə atılmaq hissi təhlükəsizlik qaydalarının ikinci plana keçməsinə səbəb olur. Bilirsiniz, komandir şəxsi heyətin təhlükəsizliyi üçün nə qədər məsuliyyət daşısa da, əsas məsuliyyət hər bir insanın öz üzərinə düşür. Əsgər səngərdə xidmət edərkən təyin olunmamış yerlərə getməməli, səngərdən çıxmamalı, özünü maksimum səviyyədə qoruyaraq düşmənə zərbə vurmalıdır. Təlimata əməl etməyəndə düşmənin hədəfi olursan. Mən əsgərlərimizlə, hərbi xidmətə yola saldığımız gənclərlə hər dəfə söhbət edəndə deyirəm ki, “Siz bu vətənə sağ lazımsız. Bizim məqsədimiz var: Torpaqlarımızı azad etmək! Və bunun üçün özümüzü qorumalı, düşmənin hədəfi olmamalıyıq”.

Kiçik bir ehtiyatsızlıq bir ailənin gözüyaşlı qalması, silah yoldaşlarının sarsılması, milyonlarla azərbaycanlının ürək ağrısı, düşmənin sevinci deməkdir.

– Təşəkkür edirəm Rəşad bəy. Allah ordumuza güc, qüvvət versin.

– Amin. Yeni zəfər xəbərləri verməyinizi diləyirəm. Sağ olun!

Fəqan Muxtar,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*