Qurbаn bаyrаmı 27 may tarixinə təsadüf edəcək. Bayramı ərəfəsində ən çox müzakirə olunan məsələlərdən biri də qurban kəsməyin vacib olub-olmamasıdır. Bəzi insanlar hesab edir ki, Qurbanlığın əsas mahiyyəti fəda etmək, paylaşmaq və ehtiyac sahiblərinə yardım göstərməkdir. Buna görə də onlar heyvan kəsmək əvəzinə həmin məbləği maddi yardım kimi verməyin daha doğru olduğunu düşünürlər. Digərləri isə dini qaydalara görə heyvan kəsiminin vacib olduğunu qeyd edirlər.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, Qurban ibadətin bir növüdür və İslama görə ilahi əmrdir.
O bildirib ki, maddi yardımın adı sədəqə, nəzir, ianədir, qurbanın adı isə qurbandır, fəda etməkdir, lakin bu dəfə malı, heyvanı fəda etməkdir: “İnsan fitrətən qan tökməyə meyllidir. İnsan elə təzəcə meydana atılmışdı ki, Peyğəmbər oğlu qatil oldu: Adəmin oğlu Qabil doğma qardaşını öldürdü. İnsanı öldürməyi, qurban etməyi tərgitmək üçün Allah heyvanı qurban verməyi buyurdu. İbrahim peyğəmbər yuxu gördü və müəyyən ilahi hikmətə əsasən oğlunu qurbangaha apardı. İlahi təkliflə insanı deyil, heyvanı qurban kəsmək gərəkdiyinin nümunəsini əyani şəkildə ortaya qoydu. Yuxu əsasında oğlunu qurban etməkdəykən reallıqda vəhy əsasında heyvanı kəsməli oldu… Allaha yaxınlaşmaq üçün qurbanların əti-qanı ona çatmır. O, insanların sədaqətini, cəsarətini sınayır. Mal-dövlət çox adam üçün oğul-uşaq qədər, bəlkə ondan da əzizdir. Odur ki, ilahi sınaq malın Allah yolunda sərf edilməsini tələb edir. Bu, işin ibrət, ilahi sınaq və Allaha sədaqət tərəfidir. Artıq heyvan kəsiləndən sonrakı tərəfi isə sosial yönüdür. Kasıblara, ehtiyacı olanlara pay vermək, sədəqə ehsan etmək də işin tərkib hissəsidir. Kimin imkanı kimi imanı da çoxdursa, Allah yolunda varının yarısını, hamısını da mal-heyvana verib kəsib paylaya bilər”.
İlahiyyatçı qeyd edib ki, Qurban bayramı varlılar üçün sınaq, yarışdır: “Allah görmək istəyir ki, bəndəsinə əsirgəmədən əta etdiyi varı onun yolunda bolluca ehsan edə bilirmi… Qurban kəsmək imkanı olmayan şəxsə vacib deyil və onun özünə qurban, sədəqə, zəkat düşür. İslamın sosial tarazlığı qoruması nəticəsində qurban hər kəsə əmr edilməyib. Dəvə, camış, inək, keçi və qoyundan qurban kəsilir. Dəvə, inək və camışı 7 nəfərə qədər adam kəsib bölə bilər. Lakin qoyun və keçini yalnız tək adam kəsə bilər. Əgər təkcə ailəsinə yetəcək qədərdirsə, ət payı verməyə bilər. Əgər kifayət qədər miqdardadırsa, əti üç yerə bölüb bir hissəsini özü və ailəsi üçün, ikinci hissəni qohum və qonşular üçün, üçüncü hissəni də kasıb və ehtiyacı olanlar üçün pay verə bilər”.
