Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
KONKRET.az lent.az-a istinadla xəbər verir ki, məhkəmə iş üzrə müstəntiq Ə.K – ı dindirib. Müstəntiq ifadəsində bildirib ki, iltizam təqsirləndirilən şəxslər azad olunduqdan sonra alınıb iltizamların tarixindəki rəqəmlər texaniki səhvin nəticəsidir.
Daha sonra çıxış edən müfafiə vəkilləri hüquqlarını müdafiə etdikləri şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən istəyiblər.
Təqsirləndirilən şəxslərə son söz demək təklif olunub. Onların hər biri zərərçəkənlərə dəyən ziyanın ödənilməsi üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti proses 25 may saat 10:30-a təyin olunub.
Qeyd edək ki, ötən prosesdə məhkəmə tərkibi prosesdə məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edilib.
Buna səbəb isə iş materiallarında olan bəzi sənədlərdə qaranlıq məqamların qalması ilə bağlı olub.
Daha sonra işdə olan həmin sənədlər tədqiq edilməsi zamanı təqsirləndirilən şəxslərin həbsdən buraxılandan sonra müvafiq digər qətimkan tədbiri seçildiyi məlum olub. Müvafiq qətimkan tədbiri seçilməsi ilə iltizama imza edilməsi sənədləri arasında tarix fərqlidir.
Müdafiə tərəfi bu faktın araşdırılmasını istəmişdi. Dövlət ittihamçısı bu halın texniki səhv olduğunu və bunun müəyyən edilsi üçün istintaq təcridxanasına sorğu göndərilməsini istəmişdi.
Müdafiə vəkillərindən biri isə müstəntiqin əlavə şahid qismində dindirilməsini istəmişdi. Hakimlər isə müvafiq sorğu göndərilməsini, həmçinin müstəntiqin dindirilməsi barədə qərar qəbul edilib.
Dövlət ittihamçısı çıxışında Rasim İldırımzadə, Zaur Mirzəzadənin və Qoşqar Məmmədovun ayrılıqda 12 il müddətinə həbs olunmasını, barələrindəki qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə zalından həbs olunmasını məhkəmədən istəmişdi.
Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.
