Rusiya ilə Qərbin sərvəti və nüfuzu haradan qaynaqlanır? – Yaxud neokolonial siyasət yürüdən ölkələrin İFŞASIbackend

Rusiya ilə Qərbin sərvəti və nüfuzu haradan qaynaqlanır? – Yaxud neokolonial siyasət yürüdən ölkələrin İFŞASI

Bu gün qədim qitənin keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlar haqda müxtəlif fikirlər səsləndirilir. Öz intibah dövrünü orta əsrlərdə yaşayan və təxminən 500 ilə yaxındır mövcud olan Qərbin sərvətinin və nüfuzunun haradan qaynaqlandığı isə hər kəsə maraqlıdır. Ancaq bu barədə düşünməyə başlamadan öncə bir zamanlar Çin də daxil olmaqla bütün Asiya və Afrikanın Qərbin müstəmləkə hökmranlığı altında olduğuna nəzərə almaq lazımdır. Məhz bu müstəmləkəçilik siyasəti nəticəsində kasıb Qərb cəmiyyəti zənginləşməyə, mədəniyyət, elm, təhsil və texnologiyanı inkişaf etdirməyə başladı. Beləliklə təbii resursların çox ucuz olduğu yeni dünya quruldu və bu dövlətlərə inkişaf etmək imkanı verildi. Ancaq unutmaq olmaz ki, Qərbin keçdiyi bu cür inkişaf yolu digər ölkələrin hələ də quldarlıq dövründə yaşaması bahasına başa gəlib. Bunu anlamaq üçün uzun illər Qərb dövlətlərinin müstəmləkəsi olan Afrika ölkələrinə baxmaq kifayət edir.

Təəssüflər olsun ki, təkcə Afrika ölkələri müstəmləkəçilik siyasətindən, sərvətlərinin talanmasından, hüquq və azadlıqlarının tapdalanmasından əziyyət çəkməyib. Bu cür acı taleyi Orta Asiya və Qafqaz ölkələri də yaşayıb. Sadəcə Qərbin hərəkətlərini Sovet imperiyası təkrarlayıb. Təxminən 200 ilə yaxın müddətdə Qafqaz ölkələrinin başına gətirilən müsibətlər məhz müstəmləkəçilik siyasətinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. Xalqların ən savadlı, bacarıqlı şəxslərinin, ziyalılarının Rusiyanın böyük şəhərlərinə köçürülməsi, ərazilərin işğal olunması Qafqaz ölkələrinin inkişafına çox ciddi zərbə vurub. Belə demək mümkünsə Sovet imperiyası uzun illər həm də intellektual qan axıdıb.

Rusiya və Qərbin müstəmləkəçilik siyasəti öz formasını dəyişsə də, mahiyyətcə indi də davam edir. Qərb və ABŞ təbii sərvətlərlə zəngin olan dövlətlərə hücum edərək onları ələ keçirir, hakimiyyətləri öz xeyrinə dəyişir və beləcə İraq, Əfqanıstan, Suriya kimi ölkələri məhvə sürükləyir. Mahiyyətcə Rusiya da Qərbin müstəmləkəçilik siyasətini Cənubi Qafqaz və Orta Asiya ölkələrində təkrarlamağa çalışır. Doğrudur, regionda güclü nüfuza, Türkiyə ilə hərbi-siyasi müttəfiqliyə və müstəqil siyasi kursa malik olan Azərbaycana qarşı Kremlin bu siyasəti həyata keçirməsi mümkün olmasa da, Rusiya Qazaxıstan, Qırğızıstan kimi dövlətlərdə iğtişaşlar törətməklə öz müstəmləkəçilik mahiyyətini nümayiş etdirir. Tarix boyu Rusiyanın “maşa”sı və vassalı olan Ermənistan haqda isə heç danışmağa dəyməz.

Amma ermənilər də Rusiyanın müstəmləkəsi olduqlarını artıq dərk etməyə və daha dəqiq desək b undan bezməyə başlayıblar. Bunu erməni analitik Samvel Ovannisyanın məqaləsində yazdığı fikirlərdən hiss etmək mümkündür:

“Vladimir Putinin nə dediyini eşitdiniz? Ukraynada aparılan xüsusi əməliyyat uzun bir prosesin nəticəsidir. Lakin Rusiyanın yeni ərazilər qazanması əhəmiyyətli bir nəticədir. Azov dənizi də Rusiyanın daxili dənizinə çevrildi.” – Putin bildirib. O, bunu XXI əsrdə, sivil dövlətlərin sərhədlərin qarşılıqlı tanınması prinsipini çoxdan qəbul etdiyi bir vaxtda deyir” – erməni analitik Putinin fikirlərinə bu cür şərh verib.

“Deməli, hazırda Ermənistan üçün ən böyük məqsəd yalançı müttəfiqləri rədd etməkdir. İllüziyalarla vidalaşmaq ağrılı olsa da, zəruri bir addımdır. Çünki neokolonial siyasətin məntiqini qəbul edənlər bizim müttəfiqimiz ola bilməz” – deyə Ovannisyan məqaləsini tamamlayıb.

Bəli, onun fikirləri Rusiyanın müstəmləkəçilik siyasətindən bezən bir dövlətin vətəndaşının haqq səsi sayıla bilərdi. Lakin söhbətin tarix boyu özgə torpaqlarında gözü olan, Rusiyaya “maşa”lıq edən, azərbaycanlılara qarşı soyqırımlar həyata keçirən, beybəlxalq hüquq və prinsipləri heçə sayan terror mahiyyətli bir dövlətdən getdiyini nəzərə alsaq, bu zaman Ermənistanın hərəkətləri Rusiyanın müstəmləkəçilik siyasətini kölgədə qoyur.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*